Polad Bülbüloğlu: “Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir” - MÜSAHİBƏ
30 may 2011 10:35 (UTC +04:00)

Polad Bülbüloğlu: “Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir” - MÜSAHİBƏ

- Cənab səfir, Rusiya, ABŞ və Fransa prezidentlərinin Dovil bəyanatını necə şərh edərsiniz?

- Çox vacib bir bəyanatdır. Hesab edirəm ki, bu bəyanat vaxtında verilib. İlk dəfə olaraq hansısa bir müddət qoyulub ki, Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların nəticəsi olmalıdır. Bu onu göstərir ki, böyük dövlətlərin rəhbərləri artıq bu məsələni həll etmək və təbii ki, beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirlər. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Burada kompromislərdən, hansısa bir əlavələrdən söhbət gedir. Mənə elə gəlir ki, burada ən əhəmiyyətli məsələ ilk addımın atılmasıdır, yəni prezidentlər ümumi razılığa gəlsələr, onda oradakı detallar - harada, nə vaxt, nə qədər, necə, nə zaman - bütün bunlar öz əksini tapacaq. Əsas odur ki, prinsipial xarakterli bir razılıq əldə olunsun.


- İyun ayında Azərbaycan, Ermənistan və Rusiya tərəfinin prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşü keçiriləcək. Bu görüşdən problemin həlli istiqamətində yenilik gözləmək olarmı?

- İyun ayında keçiriləcək xarici işlər nazirləri və prezidentlər səviyyəsindəki görüşlər təkbətək keçirilir. Burada müəyyən sirr olan məsələlər var. Ümumi istiqamət onu göstərir ki, Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir.


- Rusiyanın Dağlıq Qarabağ probleminin həllində son aktivliyini necə qiymətləndirirsiniz və bu aktivlik münaqişənin həllinə hansı töhfələr verə bilər?

- Son zamanlar Rusiya və bilavasitə prezident Dmitri Medvedyev Dağlıq Qarabağ məsələsinin çözülməsi və problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üçün böyük səy göstərir. Bu, bizim üçün çox vacibdir. O biri ölkələr nə qədər öz sözlərini desələr də, Rusiya bizim ən böyük qonşumuzdur. Tarixən də Qafqazda Rusiyanın təsiri olub və bundan sonra da olacaq. Rusiyanın mövqeyindən və münasibətindən çox şey asılıdır. Bildiyiniz kimi danışıqlar üç ölkənin prezidenti səviyyəsində gedir. Bu çox vacib və önəmlidir. Dağlıq Qarabağ konfliktinin həll olunmasında xüsusi rol Rusiyaya və prezident Dmitri Medvedyevə məxsusdur.


- Rusiya-Azərbaycan münasibətləri bu gün hansı səviyyədədir?

- Azərbaycanın Rusiya ilə olan münasibəti xüsusi münasibətdir. Bunu son zamanlar Rusiya ilə birgə keçirdiyimiz müştərək tədbirlərə nəzər saldıqda görmək olar. Mayın 17-də Kreml sarayında keçirilən “Azərbaycan gecəsi” adlı tədbirdə Azərbaycanın və Rusiyanın birinci xanımlarının iştirakı və Rusiya ictimaiyyətinin tədbirə olan marağı xüsusi qeyd olunmalıdır. Artıq 5 ildən artıqdır ki, mən burdayam, burada belə tədbir olmayıb. 6 min nəfərlik Kreml sarayı dolu idi. Bu tədbirə baxanda adam fərəh hissi keçirirdi ki, Azərbaycanın və onun birinci xanımı Mehriban Əliyevanın belə bir nüfuzu var.


28 may Respublika Günü ilə bağlı keçirdiyimiz tədbir də yaddaqalan oldu. Tədbirdə 1000 nəfərdən artıq qonaq vardı. 40 ölkənin Rusiyada akkreditə olunmuş səfiri bizim Respublika Günü ilə əlaqədar keçirdiyimiz qəbulda iştirak edib. Mən 2006-cı ildə təzə fəaliyyətə başlayanda qəbullarımızda heç 150-200 nəfər iştirak etmirdi. Belə tədbirlər bizə imkan verir ki, Moskvada daha rahat işləyək, özümüzü daha da güclü hiss edək. Bütün bunlar onu göstərir ki, bu gün ikitərəfli münasibətlərdə çox böyük irəliləyişlər var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar