Respublika Günü Moskvada qeyd edildi
29 may 2011 11:51 (UTC +04:00)

Respublika Günü Moskvada qeyd edildi

Azərbaycan və Rusiya dövlət himnləri səslənəndən sonra tədbiri Rusiyadakı səfirimiz Polad Bülbüloğlu açdı.

Azərbaycan Demokratik Respublikasının keçdiyi yola qısa tarixi ekskurs edən səfir 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin müsəlman Şərqində ilk Demokratik Respublika olduğunu və cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçiliyin, demokratiyanın, plüralizmin əsasını qoyduğunu söylədi.

Yeni müstəqillik qazanmış Azərbaycanın da çox məşəqqətli günlər keçirdiyini deyən səfir 20 Yanvar faciəsini, Qarabağ müharibəsini xatırladıb.

Səfir Azərbaycanın Eurovision” qələbəsində ilk 12 balın Rusiya tərəfindən verildiyini xatırladaraq “ bu qələbədə onların da payı var” deyib.

Mərasimdə çıxış edən Rusiya xarici işlər nazirini birinci müavini
Andrey Denisov Polad Bülbüloğluna təşəkkürünü bildirərək, bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi. Azərbaycan və Rusiya dostluq ənənələrindən danışan Denisov 17 mayda Kremlin Qurultaylar salonunda keçirilən, birinci xanımlar Svetlana Medvedyeva və Mehriban Əliyevanın da qatıldığı «Azərbaycan gecəsi»ni xatırlatdı. O gecədə Mehriban xanımın Rusiya ilə bağlı söylədiklərini vurğulayaraq “biz səslənən fikirlərə biganə deyilik və yüksək qiymətləndiririk” deyə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin yetkilisi Azərbaycan və Rusiya dostluğu və əməkdaşlığının tarixi köklərinin qədim olduğunu, bu bağların möhkəmlənməsi yolunda bu gün də atılan addımların uğurlu olduğunu qeyd etdi.

Azərbaycan musiqisi ilə müşayiət olunan ziyafətin sonunda üzərində üçrəngli bayrağımız həkk olunmuş böyük tort Azərbaycan himninin sədaları altında salona gətirildi.

Xatırladaq ki, bayram ziyafətində xarici ölkələrin Rusiyada akkreditə olunmuş səfirləri, Rusiyanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tünzalə Vəliqızı / Moskva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar