“Zaman-Azərbaycan”ın baş direktoru: “Məqsədlərimizin böyük hissəsinə nail olmuşuq” - MÜSAHİBƏ
23 may 2011 19:17 (UTC +04:00)

“Zaman-Azərbaycan”ın baş direktoru: “Məqsədlərimizin böyük hissəsinə nail olmuşuq” - MÜSAHİBƏ

Qəzetin ilk nüsxələri Türkiyədə çap olunaraq, ölkəmizə gətirilib. Daha sonra isə “Zaman” qəzetinin Azərbaycan bürosu böyüyərək, Azərbaycanda bir sıra yeniliklərə belə, imza atdı.

Lent.az saytı qəzetin 20 yaşı münasibətilə “Zaman-Azərbaycan”ın baş direktoru Süleyman Ünalla müsahibəni təqdim edir.

- Süleyman bəy, “Zaman-Azərbaycan”ın arxada qalan 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- 20 il az deyil. İnsan üçün belə 20 il uzun müddətdir. 20 yaşlı insan özünü cəmiyyətə tam şəkildə təqdim edən, yetkin bir insandır. Bir qurum olaraq, 20 yaş bizim üçün də həqiqətən çox gözəl bir yaşdır. 20 ildə qəzet olaraq, gözəl işlər bacardıq. Bu müddət ərzində Azərbaycana ilk dəfə rəngli mətbəə gətirmişik, yayım, dizayn və s. sahələrdə də bir çox yeniliklərə imza atmışıq. Şəxsi fikrimcə, əsl önəmli olan budur ki, “Zaman-Azərbaycan” bir qəzet olaraq, sadəcə tənqid etməklə mövcud olmağın tək alternativ olmadığını isbat edən qurumdur. Biz qəzetçiliyi yalnız tənqid mənasında görməmişik. Bu 20 ildə Azərbaycanın xaricdə də tanınmasına, dövlətin gördüyü gözəl işlərin yayılmasına çalışmışıq. 20 ildə heç mi səhvimiz olmayıb? Əlbəttə, olub. Ancaq səhvlərimizdən dərs almışıq, gördüyümüz gözəl işlər səhvlərimizdən çox olub və onun önünə keçib. “Zaman” qəzeti hər zaman Azərbaycanın mənafeyini qoruyub, qoruyacaq.

- Arxada qalan 20 ildə “Zaman-Azərbaycan” qarşısına qoyduğu məqsədə nə qədər nail olmağı bacarıb?

- Düşünürəm ki, məqsədlərimizin böyük hissəsinə nail olmuşuq. Təbii ki, bütün məqsədlərimizə çatdığımı söyləmək doğru olmaz. Çünki insanlar kimi, qurumların da məqsədləri və xəyalları bitməz. Qəzetimiz Azərbaycanın uğurlarının daha da artması, güclənməsi istiqamətində çalışdığı üçün arzularımız da heç vaxt bitməyəcək. Bəzən qəzet çapı və texniki işlərlə bağlı bəzən çətinliklə rastlaşırıq. Çünki indiki halda qəzetçilik texnologiyası çox bahadır. Ümid edirəm ki, texniki imkanlarımız daha da artsın və biz də oxucularımızın qarşısına daha yüksək səviyyədə çıxmağa nail olaq. Eyni zamanda, qəzetimizin internet səhifəsini də gücləndirmək istəyirik. İnşallah, buna nail olacağıq. ən böyük hədəflərimizdən biri budur.

- Süleyman bəy, “Zaman-Azərbaycan” ölkə mediasında özünü harada görür?

- Biz Azərbaycan mediasında varıq. Qəzetlərin sırasında biz də sözümüzü deyirik. Arzu edərdik ki, qəzetlərimizin tam ortasında olaq. Birlikdə, qol-qola. Nə digər qəzetlərdən çox yaxşıyıq demək istəyirəm, nə də digərlərindən pis olduğumuzu deməyi arzu etmirəm. Qəzetimiz ortada bir yerdədir. Bütün qəzetlərlə birlikdə, qol-qola olmağı üstün tuturam.

- Qəzetiniz yayıma başlayandan bu günə qədər satış rəqəmlərində hansı tərəfə doğru dəyişiklik edib?

- Bilirsiniz ki, biz ta əvvəldən bütün Azərbaycan üzrə yayırdıq qəzetimizi. İndi də eyni şəkildə Bakıda və rayonların hamısında yayılır. Hazırda 5 mindən artıq, təxminən 5 min 4 yüz tirajla yayılırıq. 5 min 2 yüz abunəmiz var.

- Geridə qalan 20 il ərzində qəzetinizə qarşı hər hansı bir təzyiq hiss etmisinizmi?

- Mən artıq bir il yarımdır Azərbaycandayam. Ancaq burda mənimlə işləyən dostlarım var ki, onlar artıq 20 ildir “Zaman-Azərbaycan”da işləyirlər. Özümün müşahidələrim və onlardan öyrəndiklərimə əsasən rahatlıqla deyə bilərəm ki, “Zaman” qəzeti olaraq, biz Azərbaycanda hər hansı bir təzyiq görməmişik. Mən 11 il Avstraliyada jurnalistika ilə məşğul olmuşam. Həmçinin Türkiyədə də uzun müddət işlədim. Buna görə də, əminlikdə deyirəm ki, mən Azərbaycanda həmişə qəzetçilik adına kömək gördüm. İnanıram ki, bundan sonra da bu kimi köməklər davam edəcək. Biz də qəzet olaraq, bundan çox xoşbəxtik. Bir daha qəti şəkildə qeyd edirəm ki, “Zaman-Azərbaycan” Azərbaycanda heç vaxt təzyiqə məruz qalmayıb.

- Süleyman bəy, “Zaman-Azərbaycan”ın gələcək planları nədən ibarətdir? Daha nə kimi işlər görməyi planlayırsınız?

- İlk növbədə, arzu edirik ki, çap keyfiyyətimiz daha da yüksək olsun. Oxucularımızın sayının daha da artmasını istəyirik. Bu gün Azərbaycanda qəzetlərin tirajı təəssüf ki, azdır. Bunun artmasını arzu edirik. Çünki, hazırda qəzet xərcləri getdikcə artır, bu üzdən də qəzetlərin ayaqda dura bilməzi üçün satış rəqəmlərinin böyüməsi lazımdır. Biz də satış rəqəmlərimizi artırmaq istəyirik. Bunun üçün də çap keyfiyyətimizi artırmaq, daha gözəl mövzulara toxunmaq, oxucuların marağını çəkən yazıları yazmaq planlarımıza daxildir. İstəyirik ki, cəmiyyətin digər təbəqələrinə də xitab edək ki, satışımız artsın. Biz qəzetin ən böyük arzusu daha çox insan tərəfindən oxumaq, daha böyük kütlələrə xitab etməkdir. Biz də bunu istəyirik.

P.S. Lent.az saytının kollektivi olaraq, “Zaman-Azərbaycan” qəzetini və orada çalışan həmkarlarımızı 20 illik yubiley münasibətilə təbrik edir, daha böyük uğurlar arzu edirik.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar