Gürcüstanın ABŞ-dakı səfiri: “Regionda ən vacib məsələ Qarabağ münaqişəsinin həllidir”
20 may 2011 12:11 (UTC +04:00)

Gürcüstanın ABŞ-dakı səfiri: “Regionda ən vacib məsələ Qarabağ münaqişəsinin həllidir”

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bunu Gürcüstanın ABŞ-dakı səfiri Temuri Yakobaşvili Vaşinqtonda söyləyib. Potomak İnstitutunun Terrorizmlə Mübarizə Mərkəzində tələbələrlə və analitiklərlə görüşdə Abxaziya və Cənubi Osetiya regionları ilə münasibətləri inkişaf etdirmək üçün Gürcüstanın “qarşılıqlı əlaqə strategiyasının” banisi kimi tanınan səfir, beynəlxalq moderatorları Dağlıq Qarabağ münaqişəsinin dərhal həllini tapmağa çağırıb. Bununla belə, səfir Rusiyanı regiondakı ən əsas problem hesab edir:
“Ermənistanda baş verənlər Dağlıq Qarabağ problemi ilə əlaqədardır, bu məsələnin həlli Rusiyanın əlindədir, Rusiyanın hərbi bazası burada yerləşir və Azərbaycanla münasibətlər sahmana salınmayıb”.


Yakobaşvili əlavə edib ki, Dağlıq Qarabağ probleminə görə Ermənistan-Türkiyə münasibətləri də nizamlanmamış qalıb: “Beləliklə, ən vacib məsələ Dağlıq Qarabağ probleminin həlli yolunun tapılmasıdır. Çünki belə qıcıqlandırıcı problemlər olanda bütün başqa məsələləri qırağa atmağa məcbur olursan. Ermənistan öz inkişafına zərrə qədər diqqət ayıra bilmir, çünki başı başqa işlərə qarışıb, çoxlu sayda daxili problemi mövcuddur”.


Bundan əlavə, səfir həmçinin erməni diasporu faktoruna da toxunub: “Gəlin unutmayaq ki, erməni diasporu Ermənistan dövlətinin ən böyük donorlarından biridir və onun ən əsas qayğısı antitürk məsələləridir. Beynəlxalq arenada çıxış etmək üçün neqativ yox, müsbət gündəm olmalıdır. “Soyqırımın” tanınması heç də müsbət hal deyil, müsbət gündəm Ermənistan dövlətinin gələcəyi ilə bağlı məsələlər ola bilər”.


Səfir qeyd edib ki, digər regional problem Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasıdır: “Qarabağ problemi həll olunsa, Türkiyə və Azərbaycanla münasibətlər nizama salınsa, Ermənistan sürətlə inkişaf edəcək. Nə qədər ki, təhlükəsizliklə bağlı problem var, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, diasporla problemlər var, bu asan olmayacaq”.


Digər münaqişələrdən danışaraq səfir qeyd edib ki, nə 2008-də, nə də indi Gürcüstanın separatçılarla problemi olmayıb, yoxdur, problem Rusiya ilədir: “Ona görə də, biz öz ərazimizə beynəlxalq sülhməramlıların gəlməsini tələb etmişik və bu hələ də bizim üçün böyük əhəmiyyət kəsb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar