Türk tankı, rus qısqanclığı, çinli bicliyi... - REPORTAJ
18 may 2011 13:41 (UTC +04:00)

Türk tankı, rus qısqanclığı, çinli bicliyi... - REPORTAJ

Ötən həftə Türkiyənin İstanbul şəhərində baş tutmuş üç günlük İDEF-2011 müdafiə sərgisi bölgədə silahlı qüvvələrinin imkanları və döyüş qabiliyyəti baxımından «güc mərkəzi» sayılan Türkiyənin müdafiə sənayesində artan imkanlarını da sərgilədi. Əvvəlki illərdən fərqli olaraq bu dəfəki sərgidə Türkiyə hərbi sənayesi debütləri ilə də yadda qaldı.

Sərginin iştirakçıları arasında Azərbaycan da vardı. 89 adda müdafiə təyinatlı məhsulla təmsil olunan Azərbaycan hərbi sənayesi xarici hərbi missiyaların diqqət mərkəzində oldu. Azərbaycan hərbi sənayesinin məhsulu olan snayper tüfəngləri sərgidə ən çox ziyarət edilən, mütəxəssislərin nəzərində olan silahlar sırasında idi. Türkiyə hərbi mətbuatı Azərbaycanın bu sərgidə iştirakını «İDEF-ə Azərbaycan çıkarması» başlığı ilə yayımladı. Sərgi müddətində Azərbaycanı İDEF-də müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etsə də, sərgini Azərbaycandan müdafiə naziri Səfər Əbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi heyətlər də ziyarət etdilər. Eyni zamanda digər hərbi qurumların nümayəndələri ziyarətçi qismində sərgiyə qatılmışdılar.

Bölgədə lokal xarakterli sərgi olmasına baxmayaraq İDEF-ə qatılan şirkətlərin sayı ilbəil artmaqdadır. Bu dəfəki sərgiyə 44 ölkədən 575 şirkət, 65 ölkədən 31-i nazir olmaqla 350 xarici nümayəndə heyəti qatılmışdı. Türkiyə Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun dəstək verdiyi sərgidə önəmli yeri yerli şirkətlər tutsa da «Raytheon», «Boeing», «Bae Systems», MBADA, «Rosoboroneksport», KMW, EADS, Eurokopter, «Saab», «Sikorsky» və dünyanın digər hərbi sənaye «devləri» iştirakçılar arasında yer alırdı. Türkiyənin hərbiyə böyük diqqət ayırmasından gen-boluna yararlanan bu şirkətlər sərgidə adlarına uyğun olaraq daha böyük stendlərlə təmsil olunmağa üstünlük vermişdilər.

Minaya qarşı hərbi texnikaların istehsalı üzrə Azərbaycanın ilk beynəlxalq tərəfdaşı olan «Paramount Group» şirkətinin dəstəyi ilə qatıldığımız bu sərgidə bir sıra maraqlı məqamlar diqqətimizi cəlb etdi.

Bu da milli türk tankı

Sərgidə Türk hərbi sənayesi bir sıra debütləri ilə diqqəti cəlb etdi ki, burada da əsas maraq doğuranı dünyanın diqqətində olan «Altay» adlandırılmış Türkiyənin milli tankı idi. «Otokar» şirkəti tərəfindən istehsal edilən «Altay»ın prototipi elə şirkətin öz pavilyonunda əyani şəkildə nümayiş olunurdu. Xarici hərbçilərin böyük marağına səbəb olan tankın göstəriciləri barədə detallı məlumatlar verilmir və bu da təhlükəsizlik baxımından əsaslandırılırdı.

Milli tank layihəsini dəyərləndirən Türkiyənin məşhur hərbi telejurnalisti Tuncər Bahçıvan deyir ki, «MKEK bir piyada tüfəngi yaradınca, «Otokar» tank istehsal etdi».

Qeyd edək ki, «Otokar» eyni zamanda 8x8 təkər formullu «Arma» adlı nəqliyyat vasitəsini də ilk dəfə bu sərgidə «Altay»la yanaşı nümayiş etdirirdi. Azərbaycan hərbi heyətlərini «Otokar» stendində qarşılayan şirkətin baş direktoru Sərdar Görgüc yeni məhsullarını detallı şəkildə bilgilər verdi.

Sərgidə ən böyük pavilyona malik ASELSAN şirkəti isə tam modernizə etdiyi «Leopard 2 Next Generation» adı verilmiş «Leopard 2» tankını görücüyə çıxarmışdı. Az qala yeni tank istehsalı adlana biləcək bu tank ilk versiyasından tam olaraq fərqlənirdi. Mütəxəssislərin sözlərinə görə, modernizasiya nəticəsində tankın imkanları dəfələrlə artırılıb.

İDEF-də diqqəti çəkən məhsullar arasında Türk Aviasiya və Kosmik Sənayesi şirkətinin (TUSAŞ) istehsal etdiyi «Anka» adlanan pilotsuz təyyarə də yer alırdı. Qeyd edək ki, sərgi çərçivəsində TUSAŞ və ABŞ-ın «Pratt & Whitney» firması arasında JSF/F-35 Müştərək Hücum Təyyarəsinin F135 motorunun hazırlanmasında iştirak etmək üçün birgə müəssisənin qurulmasına dair anlaşmaya da imza atıldı.

Bundan başqa, sərgidə FNSS şirkətinin ilk dəfə nümayişə çıxardığı «Pəncə» adlanan zirehli maşın qülləsi, BMC şirkətinin minaya qarşı qorumalı «Kirpi» adlı maşını da diqqət cəlb etməkdə idi.

«Sarsılmaz» şirkətinin sərgidə nümayiş etdirdiyi 150 min Tl (74 295 manat və ya 94 044 dollar) dəyərindəki tapança barədəsə danışmadan keçmək olmaz. Şirkət yetkililərinin sözlərinə görə, sərgidə nümayiş olunan «K2 Costum Deluxe» model tapançalar özəl sifarişlər üzrə hazırlanıb. Üzəri bahalı daş-qaşlarla bəzədilmiş bu silaha artıq ərəb şeyxlərindən təkliflər də alınıb. Şirkət bundan başqa, ST9 adlanan universal gövdəyə, poliqonal lüləyə malik polimer tapançanı da sərgiləyir ki, bu silah eyni zamanda 3 ayrı-ayrı kalibrli patrondan (9 mm, 40 kalibr və 45 kalibrli) atəş aça bilir.

100 yaşlı Türk Hava Qüvvələrinin qadın pilotu

Sərgidən bəhs etmişkən, bu il 100 yaşını qeyd edən Türkiyə Hərbi Hava Qüvvələrindən söz etmək də gərəkdir. Bu münasibətlə sərgidə ayrıca pavilyon ayrılmış Türk Hava Qüvvələri ilk dəfə olaraq salona üzəri silah maketləri ilə təchiz olunmuş real F-16 təyyarəsi gətirimişdi. Onu da qeyd edək ki, sərginin başlanğıc günü (10 may) Türkiyə Hava Qüvvələri 100 illiyi münasibəti ilə Böyük Çəkməcə üzərində Türk Yıldızları eskadrilyası tərəfindən avioşoular düzənləndi.

Türk Hava Qüvvələrinin stendindəki F-16 təyyarəsinin qadın pilotu ilə qısa da olsa söhbət etməyə nail oluruq. 35 yaşlı kapitan pilot Berna Şen Özmən 1997-ci ildə Hərbi Hava Məktəbini (Hava Harp Okulu) bitirib. Uçuşu çox sevdiyini deyən pilot vətəni üçün istənilən döyüşə və canından keçməyə hazır olduğunu bildirir. Deyir ki, əvvəllər pilot olmasına valideynləri imkan verməsə də sonradan onları da razı sala bilib: «Mən Türk Hava Qüvvələrinin pilotu olmaqdan qürur duyuram. Pilot təhsili alarkən F-16-da uçmağı çox arzulayırdım. İlk dəfə təyyarəyə mindiyim anın həyacanının bu gün də hiss edirəm. Mənim idarə etdiyim bu F-16 təyyarəsi çox maraqlıdır. Bu təyyarə çox sürətli uçur, yüksək manevr imkanları var».

Onu da öyrənirik ki, xanım pilotun həyat yoldaşı da pilotdur və onlar bir təlimdə tanış olublar.

Hava Qüvvələrinin Türk Yıldızları eskadrilyasının zabitləri ilə söhbətləşirik. 2001-ci ildə Bakı səmasında uçuşlarının dünya tarixində eyni zamanda izlənməsinə görə rekord olduğunu deyən pilotlar bununla havaçılıq tarixinə adlarını yazdıqlarından qürur duyurlar. Türk Yıldızları yenə Bakı səmasında, bu dəfə azərbaycanlı həmkarları ilə birgə aviaşoular keçirmək istəyində olduqlarını da bəyan edirlər.

Yenə çinlilər

Bir il əvvəl Çinli jurnalistləri sənaye casusu adlandıraraq onların sərgiyə qatılmasına izn verməyən Hindistanın addımının qatıldığımız əvvəlki sərgilərdə doğru olduğunu gördük. Türkiyənin İDEF-də çinlilərin «kopyalama» taktikasının qarşısını almaq üçün qabaqlayıcı – proflaktik tədbirlər gördüyü açıq aşkar görünürdü. Sabah saat 10:00-da başlayan sərgiyə öncədən qatılanlar – iştirakçı şirkətlər istisna olunmaqla salona buraxılmırdı. Xüsusilə də bu qərar jurnalistlərə – PRESS kartı ilə sərgiyə gələnlərə qarşı tətbiq olunurdu. Çinli jurnalistlərin bir neçə dəfə qırmızı lentlə əhatələnmiş, ilk dəfə sərgiyə çıxarılmış «Altay» tankının prototipinə yaxınlaşma cəhdinin qarşısı da yerində alındı. Çinli jurnalist və fotoqraf tankın gərəkli yerlərini çəkməyə macal tapmamış oradan uzaqlaşdırıldılar. Bundan sonra tank qırmızı lentlə mühafizəyə alındı və əraziyə mühafizəçi cəlb olundu. Eyni qoruma «Anka» pilotsuz təyyarəsi üçün də tətbiq edilmişdi. Buna baxmayaraq çinli jurnalistlər (hər halda, yaxasındakı kartda belə göstərilmişdi) hər bir vasitə ilə bu texnikaların rəsmini çəkməyə, detallarını öyrənməyə çalışırdılar. Bunlardan fərqli olaraq, rus və çinli jurnalistlər ASELSAN-ın modernizasiya etdiyi «Leopard» tankını çox sərbəst çəkə bilirdilər. Hətta Azərbaycan stendinə təşrif buyuran çinli «mətbuat nümayəndələri» sabah erkəndən «İstiqlal» snayper tüfənginin ilk dəfə nümayiş etdirilən 12,7 mm çaplı versiyasının müxtəlif profillərdən rəsmini çəkməyə nail olmuşdular. Maraqlısı odur ki, çinlilərin addımlarını gözdən qoymayan sərgi iştirakçılarından fərqli olaraq Azərbaycan heyətinin üzvləri «ümid edirik ki, onlar bizim silahları kopyalamazlar»,- deyə bizə arxayınlıq da verdilər.

«Rosoboroneksport» şirkətinin nümayəndəsi isə çinlilərdən çox Pakistandan şikayətlənirdi. Ötən sərgidə Pakistan şirkətinin «Kalaşnikov» avtomatının «kopya»sını sərgilədiyini deyən şirkət nümayəndəsi onları çinlilərdən də təhlükəli adlandırıb: «Bu dəfə onlarla eyni salonda yer aldıq və qonşuyuq. Pakistanlılar bizim məhsulları «kopyalayır». Məsələn, JF-17 təyyarəsi bizim «Su»nun «kopyası»dır. Çinlilərlə birgə edirlər. Artıq onlarla bacara bilmirik».

Azərbaycana böyük maraq

Sərginin başlanğıc günü Azərbaycan stendinə gələn Türkiyə prezidenti Abdulla Gül, Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner, müdafiə naziri Vəcdi Gönül, sonrakı günlərdə ziyarətə gələn müdafiə sənayesi müşaviri Murad Bayar, Gürcüstanın müdafiə naziri Baço Axalaya, Pakistan, İordaniya, Ukrayna, Rusiya və digər ölkələrdən nümayəndə heyətləri 5 il ərzində Azərbaycanın əldə etdiyi hərbi sənaye nailiyyətlərinə açıq maraq ifadə etdilər. Qardaş Azərbaycanın müdafiə sənayesində əldə etdiyi uğurlara görə təbrik edən A. Gül, ölkələr arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün zəminlərin olduğunu vurğuladı.

«İDEF-ə ikinci dəfə qatılırıq. 2009-cu ildə MSN ilk dəfə bu sərgidə 27 adda məhsulla təmsil olunmuşdu. İndi isə 89 adla məhsulla çıxmışıq». Bunu Lent.az-a müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir deyir ki, Azərbaycan Türkiyə ilə sıx hərbi əlaqələrə malikdir. Bu əlaqələrdə də önəmli yeri hərbi sənaye sahəsində əməkdaşlıq tutur.

Qeyd edək ki, Azərbaycan stendi «Bae Systems», MBADA kimi şirkətlərlə yanaşı yerləşirdi. Müqayisə üçün bildirək ki, təkcə «Bae Systems»in illik dövriyyəsi Azərbaycanın dövlət büdcəsindən ən azı 3, digərininki isə 2 dəfə böyükdür.

Yeri gəlmişkən, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantlar da sərgidə aktivlikləri ilə seçilirdilər. Onlar müxtəlif ölkələrdən olan kursant yoldaşlarını Azərbaycan stendinə gətirərək bilgilər verir, Azərbaycan ordusunu mümkün qədər təmsil etməyə, uğurlarını çatdırmağa çalışırdılar.

Ruslardan Azərbaycan qısqanclıq

Rus heyəti ilə əməkdaşımızın söhbəti də maraqlı alınır. Azərbaycan stendinə sabah erkəndən təşrif buyuran ruslar söhbət zamanı onların Bakının hərbi sənaye sahəsində atdığı addımları qısqanclıqla qarşıladıqlarını bir daha gizlətmədilər. Rusiya nümayəndə heyətində təmsil olunan Krillov soyadlı menecerin köks ötürərək «Azərbaycan neft pullarını CAR və İsrail şirkətləri ilə birgə istehsala xərcləyir» söylədiyi fikri də bunu göstərirdi.

Azərbaycan stendindən milli məhsulların broşür və kataloqlarını toplayan ruslardan biri isə başqa bir həmkarı ilə söhbətində iştirakçıların böyük marağına səbəb olan «İstiqlal» snayper tüfəngini göstərərək «bu sadəcə KPVT pulemyotundan başqa şey deyil» ifadəsini işlədir.

Milli ənənələrə sadiq qalaraq rusları qonaq edən Azərbaycan nümayəndə heyəti də onların qısqanclığını anlayır. Azərbaycan yetkililərinin sözlərinə görə, buna səbəb rəsmi Bakının hərbi sənaye sahəsində Avropa, Türkiyə, İsrail və CAR firmaları ilə əməkdaşlıq qurmasını, yeni texnologiyaları mənimsəməsini ruslar həzm edə bilmirlər. Məsələn, Azərbaycan MDB məkanında önə gedərək minaya qarşı qorumalı nəqliyyat vasitəsini, pilotsuz təyyarələri istehsal edib. Hansı ki, nə Rusiya, nə də digər ölkələr bu günədək həmin məhsulların istehsalını gerçəkləşdirə bilməyib. Üstəlik, qısa dönəmdə istehsal prosesini quran Azərbaycan elə Rusiyanın özünə bəzi müdafəi təyinatlı məhsulları da ixrac edir. Digər tərəfdən hər sərgidə türk şirkətləri ilə birgə istehsal müqavilələrinin imzalanması burada az rol oynamır.

Rəşad Süleymanov
Bakı-İstanbul-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587

Oxşar yazılar