Azərbaycan vətəndaşlarına Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq
17 may 2011 15:45 (UTC +04:00)

Azərbaycan vətəndaşlarına Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Suriyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir.

Lent.az-ın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, mart ayının 18-dən başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlayıb.

Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş verib, Suriya təhlükəsizlik qüvvələri tərəfindən nümayişlərin yatırılması zamanı mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Nümayişlər həmçinin universitet korpusları, əsas küçələr, məscidlər və digər iri ictimai əraziləri əhatə edir. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti olaraq bağlıdır. Suriyanın paytaxtı Dəməşq şəhəri də daxil olmaqla, bir sıra şəhərlərində, əsas şose yollarında nəzarət məntəqələrinin sayı artırılıb. Suriyada münaqişə zonaları hər an dəyişə bilər.

Bunları nəzərə alaraq Suriyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Suriyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədləri mütəmadi olaraq üzərində saxlamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasının Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar