Argentinadakı səfirimiz Belgrano Universitetində Qarabağ münaqişəsindən danışıb
17 may 2011 15:38 (UTC +04:00)

Argentinadakı səfirimiz Belgrano Universitetində Qarabağ münaqişəsindən danışıb

Buenos-Ayresin Belgrano Universitetində dünyanın həssas geosiyasi bölgələri mövzusunda silsilə seminarlar çərçivəsində səfir Məmməd Əhmədzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış etmişdir


Argentinanın aparıcı təhsil müəssisələrindən olan Belgrano Universitetində dünyanın həssas geosiyasi bölgələri mövzusunda silsilə seminarların keçirilməsinə başlanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu çərçivədə ilk seminar Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin regional vəziyyətə təsiri ilə bağlı olub.

Seminara Universitetin siyasi elmlər, beynəlxalq münasibətlər və jurnalistika ixtisasları üzrə professor-müəllim heyəti, tədqiqatçıları, doktorant və magistrantlar qatılıblar. Seminarda çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, münaqişənin nizamlanması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə işğalçı tərəfindən əməl olunmaması, habelə münaqişənin nizamlanması prosesinin tarixi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə danışıb. Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və münaqişə ilə bağlı qəbul olunmuş sənədlərə əsaslandığını bildirən Məmməd Əhmədzadə gec-tez bütün vasitələrdən istifadə edərək ərazi bütövlüyümüzü bərpa edəcəyimizi və bunun üçün Azərbaycanın bütün imkanlarının olduğunu söyləyib.

O, ölkəmizdə həyata keçirilən qlobal əhəmiyyətli layihələr, sosial-iqtisadi göstəricilərimiz haqqında da məlumat verib. Məmməd Əhmədzadə öz təcavüzkar siyasəti səbəbindən Ermənistanın regiondakı inkişaf və inteqrasiya prosesdən kənarda qalaraq dərin siyasi və iqtisadi problemlər içərisində boğulduğunu qeyd edib. Səfir münaqişənin həllinin regionda sülh, sabitlik və çiçəklənməyə gətirib çıxaracağını və bunun bütün region ölkələrinin, o cümlədən Ermənistanın marağında olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ermənistan üçün dərin problemlər məngənəsindən xilas olmağın yeganə yolu qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışmaq və öz ətrafındakı qeyri-müəyyənlikdən yaxa qurtarmaqdır. Məmməd Əhmədzadə auditoriyanın bu münaqişə, regional vəziyyət, habelə Azərbaycanın xarici siyasət prioritetləri barədə çoxsaylı suallarını cavablandırıb.

Münaqişə və ölkəmizlə bağlı həqiqətlər iştirakçıların böyük marağına səbəb olub və seminar 3 saata yaxın davam edib. Mühazirədə münaqişə və regionla bağlı çoxsaylı xəritələr və əyani vasitələr istifadə olunub. Sonda iştirakçılara səfirlik tərəfindən ispan dilində dərc edilmiş Azərbaycanla bağlı müxtəlif nəşrlər paylanıb.

Seminarlar çərçivəsində Pakistan, Livan, Cənubi Koreyanın Argentinadakı səfirlərinin aidiyyəti üzrə münaqişələrlə bağlı mühazirələri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar