Qənirə Paşayevaya Avropa Qəzetçilər Dərnəyinin mükafatı verilib –
14 may 2011 19:53 (UTC +04:00)

Qənirə Paşayevaya Avropa Qəzetçilər Dərnəyinin mükafatı verilib –

Lent.az-ın məlumatına görə, gecədə siyasət, sənət, iş və media sahəsindən tanınmış simalar iştirak edib.

On ilə yaxındır fəaliyyət göstərən AGD öz sahəsində böyük uğurlar əldə edib və bir çox şəxslərə “İlin Ən Yaxşıları Media Ödülləri” mükafatını təqdim edib. Bu il mükafatlandırılanlar arasında Türkiyə baş nazirinin müavini, millət vəkili Abdulkadir Aksu, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, Belçika Parlamentinin üzvü Mahinur Özdemir, Ankara millət vəkili Zeynəb Dağı, İstanbul millət vəkili Xalidə İncəkara, İstanbul millət vəkili Edibe Sözen də var.

Mükafatı alan millət vəkili Qənirə Paşayeva öz çıxışına Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” fikri ilə başlayıb, Türkiyədə ona bu cür mükafatın təqdim edilməsindən özünü çox xoşbəxt hiss etdiyini qeyd edib: “Mən bu gün mükafatı özünün düşüncəsi və əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün çalışan və bizə yol göstərən böyük aydınlarımızın, şəxsiyyətlərimizin, canını bu yolda qurban verən şəhidlərimizin, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman ərazi bütövlüyümüzün qorunması uğrunda canını qurban verən dostlarımızın, bütün çətinliklərə, ağrı və acılara baxmayaraq ,Azərbaycanın inkişafı və dünyada layiqli yer tutması üçün çalışan hər kəsin, mənim öz ölkəm və bütün millətim adına alıram”.

Tədbirdə Türkiyənin bütün nüfuzlu KİV-lərini, jurnalistlərini görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva onlara üzünü tutaraq müraciət də edib: “Mən əziz həmkarlarıma üzümü tutaraq demək istəyirəm ki, Azərbaycanı sevin, çünki Azərbaycan sizi çox sevir. Azərbaycanın yaralarını sarmağa, ona daim məlhəm olmağa çalışın. Azərbaycana, onun haqlı və ədalətli davasına həmişə sahib çıxın. Çünki Azərbaycan bu ədalətsiz dünyada çox haqsızlıqlarla üzləşir və sizin dəstəyinizə daim böyük ehtiyacımız var”.

Mükafat üçün AGD-yə xüsusi təşəkkürünü bildirən millət vəkili deyib ki, jurnalistlərin təmsil olunduğu nüfuzlu bir təşkilatdan bu mükafatı almaq bir jurnalist kimi də onu çox sevindirir. Millət vəkili təşkilatın rəhbəri Adnan Fişənkə qələm və Azərbaycan qılıncı hədiyyə edərək “sözünüz hər zaman kəsərli, sözünüz həmişə çox olsun” deyib. Millət vəkili AGD rəhbərinə eyni zamanda Azərbaycan həqiqətlərinə dair özünün və digər azərbaycanlıların müəllifi olduğu kitabları, sənədli filmləri təqdim edib. Onun ən təsirli hədiyyəsi isə Azərbaycanın qədim mədəniyyət paytaxtı olan Şuşaya həsr olunmuş təqvim olub: “Bu, gözəl cənnət guşəsi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın mənzərələrini özündə əks etdirən təqvimdir. Bir neçə gün əvvəl bu gözəl şəhərin Ermənistan tərəfindən işğal olunmasının 19-cu ili tamam oldu. Bu, bizim üçün ən ağır hadisələrdən biridir. Bu qədim mədəniyyət beşiyi Ermənistan tərəfindən tamamilə dağıdılır. O böyük mədəniyyəti və gözəl təbiəti özündə əks etdirən bu təqvimi təşkilatınızın divarından asarsınız. Biz hər gün birlikdə Şuşa da daxil olmaqla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin azad olunması üçün səylə çalışmalıyıq. Mən inanıram ki, biz Şuşaya, Qarabağa qayıdacağıq və sizinlə birlikdə bu cür gözəl tədbirləri işğaldan azad etdiyimiz o gözəl torpaqlarımızda birlikdə qeyd edəcəyik”.

Azərbaycana dəstək verən və daim onun yanında olan hər kəsə təşəkkürünü bildirən Qənirə Paşayevanın çıxışı alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar