ATƏT Parlament Assambleyasının sədri: “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”
13 may 2011 18:46 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının sədri: “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın ATƏT-lə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov erməni silahlı qüvvələrinin bu gün də Azərbaycanın ərazilərini işğal altında saxlaması və Ermənistan tərəfindən azərbaycanlı əhalinin həmin ərazilərdən qovulmasının münaqişənin həlli prosesini daha da mürəkkəb bir duruma gətirdiyini söyləyib.

Xarici işlər naziri münaqişənin sülh yolu ilə həlli istiqamətində atılacaq ilk addımın erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarət olduğunu və erməni tərəfinin bu addımının regiondakı siyasi mühitə müsbət təsir göstərəcəyinə əmin olduğunu dilə gətirib. Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin silah və zor hesabına sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyinin müasir dünyada mövcud beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə zidd və qəbul edilməz olduğunu qonağın diqqətinə çatdırılmışdır.

Petros Eftimiu Azərbaycanın ATƏT-lə əməkdaşlığını yüksək qiymətləndirib. O, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığı və bu münaqişənin həllinin uzanmış olması fikri ilə tam razı olduğunu qeyd edib. ATƏT rəsmisi təmsil etdiyi təşkilatın bütün üzv ölkələrini bu münaqişənin tezliklə həllinə nail olması üçün töhfələrini verməyə çağırmağa davam edəcəyini söyləyib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar