“Avropa Parlamenti Avropa İttifaqı ölkələrini də tənqid edir”
13 may 2011 14:42 (UTC +04:00)

“Avropa Parlamenti Avropa İttifaqı ölkələrini də tənqid edir”

“Avropa Parlamenti mühüm və müstəqil bir qurumdur. O müxtəlif ölkələrdə siyasi situasiyaya siyasi nöqteyi-nəzərdən baxır. Bu qurum fəaliyyətini konkret bir ölkəyə yönəltməyib, bütün ölkələr Avropa Parlamentinin diqqətinə və tənqidinə məruz qalır. Avropa Parlamenti tez-tez Avropa İttifaqı ölkələrini və digər institutları da kəskin şəkildə tənqid edir ki, bu da onların real müstəqilliyindən xəbər verir”.


APA-nın məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa Parlamentinin ölkəmizdə insan haqları və demokratiyanın durumuna dair qəbul etdiyi son qətnaməni belə şərh edib.


O bildirib ki, Avropa Parlamentinin rolu prinsipləri xatırlatmaq, durumu qanunvericilik və siyasi bəyannamələr yolu ilə yaxşılaşdırmağa dair təkliflər irəli sürməkdən ibarətdir: “Birbaşa seçki yolu ilə formalaşan və 500 milyona yaxın insanın maraqlarını təmsil edən instituta hörmətlə yanaşmaq lazımdır. Bir neçə ay əvvəl Avropa Parlamenti Azərbaycana dair daha pozitiv hesabat qəbul edib, son qətnamənin ruhu daha tələbkardır, orada narahatlıq ifadə olunur və bunun səbəbləri olmalıdır. Parlamentin prezidenti, cənab Eji Buzek gələn həftə Azərbaycana gəlir və bu, qeyd olunan məsələləri müzakirə etmək üçün gözəl imkan yaradır. Əminəm ki, bu kimi məsələləri daimi siyasi dialoq yolu ilə yaxşılaşdırmaq olar”.


Roland Kobia bildirib ki, Avropa institutları Azərbaycan Konstitusiyasında əksini tapmış azadlıqların daha effektiv realizə olunması üçün ölkəmizlə genişmiqyaslı əməkdaşlıqdan yararlanmaq istəyir: “Bu, ölkənin öz xeyri üçün edilir, başqasının xeyri üçün deyil. Korrupsiya ilə mübarizə Azərbaycan hökumətinin irəli sürdüyü yaxşı təşəbbüsdür və bu təşəbbüsü davam etdirmək və genişləndirmək lazımdır. Biz Azərbaycanla bu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etməsini gözləyirik”.


Xatırladaq ki, Avropa Parlamenti dünən Azərbaycan, Belarus və Şri-Lankada insan haqları və demokratiyanın vəziyyətinə dair müvafiq qətnamələr qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar