“Eldar Namazov, Firidun Cəlilov və bəzi qəzetlərlə bağlı MTN-ə müraciət edəcəm”
13 may 2011 12:31 (UTC +04:00)

“Eldar Namazov, Firidun Cəlilov və bəzi qəzetlərlə bağlı MTN-ə müraciət edəcəm”

“Son günlərdə kim bu məsələ ilə bağlı yalan, böhtan iftira xarakterli məlumat yayıbsa, hansı qəzet bu cür materialları dərc edibsə, onların araşdırılmasını və lazımi tədbirlərin görülməsini xahiş edəcəm”. Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son günlərdə mətbuatda rəhbərlik etdiyi qurumla bağlı yayılan xəbərlərə görə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə komitə sədri mayın 13-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, komitə köhnə binadan yeni binaya köçərkən Ermənistandan olan qaçqınların mülkiyyət sənədlərini guya yandırması ilə bağlı müxalifət mətbuatında yayılan məlumatlar onu təəccübləndirib: “Məlumatların AXC dövründə nazir işləmiş Firidun Cəlilov və dövlət orqanlarında çox yüksək vəzifələrdə çalışmış Eldar Namazov tərəfindən çıxması lap qəribədir. Belə insanların bu cür yalan və böhtan yaymaları məni çox təəccübləndirdi. Özlərini Qərbi Azərbaycandan çıxmış qəhrəman kimi göstərən bəzi adamlar da bu məlumata reaksiya verməyə başladılar”.

Komitə sədri qeyd edib ki, hər bir kəsin şəxsi mülkiyyət sənədi özündədir, heç kim onun rəhbərlik etdiyi komitəyə mülkiyyət sənədi verməyib: “Bu, absurddur. Mənim evimin mülkiyyət sənədi də özümdədir. Heç kimə də vermərəm. O komitənin mən gələnədək arxivi olmayıb, arxivi mən yaratmışam. Eldar Namazov deyir arxivi açsınlar, gedək baxaq. Arxiv bağlıdır bəyəm? Eldar Namazova zəng edin, gəlsin sizlərlə getsin komitənin arxivinə baxsın”.

Ə.Həsənov bəyan edib ki, o, Qərbi azərbaycanlılarla bağlı sənədləri və ümumiyyətlə, Ermənistanda yaşamış azərbaycanlılarla bağlı məlumatları kitab halına salıb: “Eldar Namazov, Firidun Cəlilov, özünü Qərbi azərbaycanlı hesab edən, qəhrəman kimi göstərən insanlar! Bu mənim elədiyim, o da sizin elədiyiniz”.

O, komitəyə sədr təyin ediləndə 1500 Qərbi azərbaycanlının yataqxanalardan yeni qəsəbələrə köçürülməsini təmin etdiyini vurğulayıb.

Ə. Həsənov bu məlumatları yayanların məqsədinin Qərbi azərbaycanlıları öz siyasi oyunlarına qoşmaq olduğunu bəyan edib: “Mən elə bura gələrkən yolda qərara gəldim ki, burada söhbət Qərbi azərbaycanlıların sənədlərinin yandırılmasından getmir, bəzilərinin bu bölgənin insanlarının hissiyyatına toxunaraq, onlarda dövlətə qarşı narazılıq yaratmaqdan gedir”.

Komitə sədri bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmək barədə qəti qərara gəldiyini deyib: “Son günlərdə kim bu məsələ ilə bağlı yalan, böhtan, iftira xarakterli məlumat yayıbsa, hansı qəzet bu cür materialları dərc edibsə, onların araşdırılmasını və lazımi tədbirlərin görülməsini xahiş edəcəm”.

Eldar Namazovun neçə illərdir “saman altdan su yeritdiyini” deyən komitə sədri onun haradan gəldiyini özünün də bilmədiyini bildirib: “Araşdırsınlar ki, bu cür çox həssas və yoxlanılmamış məsələni qəzetlərində dərc edənlər nə məqsəd güdürlər? Bu məlumatları yayanlardan biri həbsxanadan yeni çıxıb. Yenidən qoşulur belə prosesə. Görünür, oradan xoşu gəlir, ayrılmaq istəmir o ərazidən”.

Ə.Həsənov deyib ki, vaxtilə ziyalı adlandırılan insanların bu cür siyasi oyunlara qoşulması onda təəssüf hissi doğurur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154

Oxşar yazılar