Bağça, orta və ali məktəblərdən edilən şikayətlərin statistikası açıqlandı
13 may 2011 10:25 (UTC +04:00)

Bağça, orta və ali məktəblərdən edilən şikayətlərin statistikası açıqlandı

Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 1693-ü telefonla, 131-i elektron poçt vasitəsi ilə qəbul edilib.
Əksəriyyəti (1655 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. Müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərinə, digər bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir.


Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının və fənn olimpiadalarının təşkili, keçirilməsi, nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi ilə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb.


Aprel ayında daxil olmuş şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, onların çoxu yenə də ümumtəhsil məktəbləri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhər ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalan 1), Abşeron rayonundan 10, Lerik rayonundan 6, Ağcabədi rayonundan 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.


Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apelyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar ilə əlaqədardır. Araşdırma zamanı xeyli müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, bir sıra müraciətdə isə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.


Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə daxil olan şikayətlərin sayı mart ayına nisbətən 2 dəfə çox olub. 26 müraciətin 22-si Bakı, 2-si Sumqayıt şəhərlərindən və 1-i Lerik rayonundan edilib. Bu müraciətlər uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, müxtəlif tədbirlərin keçirilməsi üçün tələb olunan vəsait, məktəbəqədər müəssisələrin iş rejiminin valideynlərin iş saatları ilə uyğun gəlməməsi və digər mövzuları əhatə edir. Məktəbdənkənar tərbiyə müəssisələri ilə bağlı 2 şikayət xarakterli müraciət qəbul olunub. Bu müraciətlər araşdırılaraq həllini tapıb.


Texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 7, özəl ali təhsil müəssisələri ilə əlaqədar 26 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə isə əsasən təhsil sənədlərinin gecikdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Azərbaycan Beynəlxalq Universitetindən daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur. Bütün bu müraciətlər Təhsil Nazirliyi tərəfindən araşdırılıb.


Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin aprelində daxil olmuş müraciətlərdə qaldırılmış məsələlərin 90 faizindən çoxu öz həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar