Yolumuz tikansız gül bağçası deyil...
12 may 2011 18:56 (UTC +04:00)

Yolumuz tikansız gül bağçası deyil...

“Mənim atam da qarabağlıdır, Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalmamalıdır”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar söyləyib.

Bilal Dündar deyib ki, hər bir türk bu torpaqların azad edilməsi istiqamətində çalışmalıdır: “Bu, bir vicdan borcudur. O torpaqlar geri alınana qədər çalışmalıyıq. Azərbaycan Respublikası prezidenti İlham Əliyev bəyan edib ki, bu torpaqlar hansı yolla olursa olsun, azad ediləcək. Biz bu sözləri tez-tez dilə gətiririk. Mən Azərbaycan müstəqillik qazanandan sonra 1991-ci ildə Bakıya gəlmişdim. O zaman gələcəyin necə olacağı məlum deyil, başqa ab-hava vardı. Bu gün isə Azərbaycan inkişaf etməkdədir. Mən Azərbaycanın Qafqazın parlayan ulduzu olacağına inanıram”.

Türkiyədə diaspor quruculuğundan danışan Bilad Dündar bildirib ki, bu sahədə yeni-yeni addımlar atılır: “Yolumuz tikansız gül bağçası deyil. Ancaq sürətlə yolumuza davam edəcəyik”.

Bilal Dündar Türkiyədə Azərbaycana münasibətlə bağlı da danışıb. O qeyd edib ki, Türkiyədə müxtəlif toplumlar yaşayır: “Türkiyədə Azərbaycanın 100 faiz qəbul edildiyini demək yanlış olardı. Məsələn, İstanbulda 100 min erməni yaşayır. Biz Azərbaycanın və Türkiyənin problemlərinin ortaq olduğunu cəmiyyətdə əksəriyyətə çatdırmalıyıq. Bu istiqamətdə irəliləyişlər var, dünənə nisbətən bu gün bu istəyə daha çox nail oluruq. Azərbaycanlıların Türkiyədə dövlət idarəçiliyində yer alması da bu baxımdan çox mühümdür. Bu zaman azərbaycanlıların hansı partiyada təmsilçiliyi önəmli deyil. İqtidarda da, müxalifətdə də azərbaycanlılar yer almalıdır, çünki demokratiyada iqtidar da, müxalifət də var”.

O, dövlətlərin münasibətlərinin qarşılıqlı mənfəətlər üzərində qurulduğunu da dilə gətirib: “Lakin eyni kökə, tarixə malik olan Türkiyə və Azərbaycan münasibətləri isə mənfəətlərə əsaslanmamalıdır. Biz də buna çalışırıq. Məsələn, Ermənistanla protokollar imzalanan zaman biz 550 millət vəkilinə müraciət etdik, o vaxt parlamentin sədri olan Göksal Topdanla, CHP-yə rəhbərlik edən Dəniz Baykalla görüşdük. Azərbaycanın problemlərini Türkiyə ictimaiyyətinə çatdırmaq üçün çalışdıq. Əsas məsələ güclü diaspor quruculuğuna nail olmaq və yaşadığımız cəmiyyətə problemlərimizi çatdırmaqdır. Heç bir hakimiyyət cəmiyyətin iradəsi qarşısında dura bilməz”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar