“Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçirilir
04 may 2011 11:31 (UTC +04:00)

“Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçirilir

APA-nın məlumatına görə, konfrans NATO-nun koordinatoru missiyasının yerinə yetirən Rumıniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunub.

Konfransı açıq elan edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva bildirib ki, informasiya texnologiyaları sahəsinin inkişafı bu sahədə normativ-hüquqi bazanın yaradılmasını zəruri edir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə informasiya sahəsində milli təhlükəsizlik siyasətinin aspektləri barədə çıxış edib. Onun sözlərinə görə, bu gün münaqişələr artıq virtual məkana keçir, informasiya texnologiyalarının inkişafı cinayətlərin yeni növlərini yaradır: “Azərbaycanda informasiya sahəsində təhlükəsizliyə milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi baxılır. 2004-cü ildə milli təhlükəsizlik haqqında qanun qəbul olunub və bu qanunda qeyd olunan məsələ də öz əksini tapıb”. Elmir Vəlizadə Azərbaycanın İT sahəsində təhlükəsizliyə dair Avropa Şurası Konvensiyasına da qoşulduğunu xatırladıb. O bildirib ki, ölkəmizdə İSO standartları hazırlanıb və tətbiq olunub, kibertəhlükəsizliyin təminatı üçüm kadr hazırlığına xüsusi diqqət yetirilir. Elmir Vəlizadə NATO-nun bu sahədə öz təcrübəsini bölüşəcəyinə ümidvar olduğunu söyləyib.

Konfransda “Kiber təhlükələr və kibercinayətkarlıq üzərində nəzarət” mövzusunda məruzə edən Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimovun sözlərinə görə, kibercinayətkarlıqla mübarizə transmilli xarakter daşımalıdır və bu kimi problemlərə kompleks şəkildə yanaşmaq lazımdır: “Azərbaycan kibercinayətkarlığa nəzarət üçün hüquqi baza formalaşdırmaqda davam edir. Beynəlxalq təcrübəni öyrənərək 2002-ci ildə Azərbaycan Cinayət Məcəlləsinə kompüter cinayətkarlığı ilə bağlı 3 yeni maddə əlavə edilib”.

Konfransda çıxış edən Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureki iştirakçılara NATO-nun Lissabon sammitində qəbul olunmuş yeni konsepsiyasında kibertəhlükəsizliklə bağlı məqamlar barədə məlumat verib. Onun sözlərinə görə, yeni kibertəhlükəsizlik konsepsiyası bu kimi təhlükələrə qarşı NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində kompleks əməkdaşlığı nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar