Bakıda “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” adlı konfrans keçirilir
02 mart 2011 14:58 (UTC +04:00)

Bakıda “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” adlı konfrans keçirilir

Lent.az-ın məlumatına görə, konfrans Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət olan “Söz azadlığı və Peşəkarlığı Koalisiyası” tərəfindən təşkil olunub. “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransın maliyyə yardımçısı Avropa ittifaqının Azərbaycan nümayəndəliyidir.

İki gün davam edəcək konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edir.

Tədbiri giriş sözü ilə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli açıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında ilk olaraq vəfat edən jurnalistlərdən Salatın Əsgərovanın, Çingiz Mustafayevin, Elmar Hüseynovun adını çəkib. Eyni zamanda bu gün Elmar Hüseynovun qətlinin ildönümü olduğunu xatırladıb. O, tezliklə Elmar Hüseynovun qətlinin üstünün açılacağına və cinayətkarların cəzalandırılacağına əmin olduğunu deyib.

Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle çıxışında Azərbaycan mediasının vəziyyətinə toxunub: “Azərbaycanda media çox bölünüb. Burada hökumət və müxalifət mediaları arasında bölünmə görünür. Azərbaycanda media peşəkar deyil, daha çox siyasiləşib”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin sözlərinə görə, bu gün Azərbaycanda plüralist medianın formalaşması cəmiyyət, dövlət tərəfindən təsdiqlənmiş əsas prinsipdir. Bu istiqamətdə ardıcıl addımlar atılır.
Ə. Mehdiyev 1998-ci ildə Azərbaycanda senzuranın ləğvini KİV-in azad fəaliyyət göstərməsi yönündə müsbət bir addım kimi qiymətləndirib. O bildirib ki, Azərbaycanda 4300-dən artıq KİV, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçib: “Təbii ki, kəmiyyət artımı keyfiyyətdən xəbər vermir. Ancaq kəmiyyət artımı müəyyən vaxt ərzində keyfiyyətə keçir. Düzdür, qeydiyyatdan keçən KİV-in hamısı fəaliyyət göstərmir. Fəaliyyət göstərməməsinin də bir sıra səbəbləri var ki, bu barədə çox danışılıb. Onların sırasında əsasən mətbuatın maddi-texniki bazasının zəifliyini, peşəkar kadrların azlığını göstərmək olar. Amma bütövlükdə medianın işini müsbət qiymətləndirmək olar”.

Ə. Mehdiyev bu gün cəmiyyətdə azad sözə ehtiyac olduğunu da qeyd edib: “Azad sözə gələcəkdə də ehtiyac olacaq. Ancaq azad söz də vicdanlı, obyektiv olmalıdır. Bu baxımdan medianın da üzərinə böyük məsuliyyət düşür”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbirin əhəmiyyətindən söhbət açıb.

ATƏT-in Bakı Ofisinin təmsilçisi Jaklin Karpenter tədbirin mövzusunun ifadə azadlığı və ATƏT-in öhdəlikləri baxımından önəmli olduğunu bildirib.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov da konfransın əhəmiyyətindən danışaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin hökumətlə konstruktiv əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Daha sonra Müşfiq Ələsgərli “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi barədə geniş məlumat verib.

Beynəlxalq konfransın 1-ci sessiyası Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunun sədrliyi ilə keçib.

1-ci sessiyada Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar” mövzusunda çıxış edib.

Daha sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azərbaycan mətbuatı: ənənələr və yeni tendensiyalar”, İREX-Azərbaycan təşkilatının hüquqşünası Ələsgər Məmmədli “Media azadlığının qanunvericilik əsasları Azərbaycan təcrübəsində”, “Lent.az” İnformasiya Agentliyinin Baş direktoru Qabil Abbasoğlu “Mediada yeni çağırışlar – Azərbaycanda internet medianın inkişafı”, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Azərbaycan mediasının durumu “Yeni Azərbaycan” qəzetinin nümunəsində” mövzularında çıxış ediblər.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin idarə etdiyi “Şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri”nə həsr olunmuş 2-ci sessiya da digər media rəhbərlərinin çıxışları ilə davam edib.

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans sabah başa çatacaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar