“Azərbaycana təzyiq göstərmək mümkün deyil”
29 oktyabr 2009 13:15 (UTC +04:00)

“Azərbaycana təzyiq göstərmək mümkün deyil”

Prezident Administrasiyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya müsahibəsi


- Hesab etmək olar ki, Azərbaycanla Türkiyə arasında yaranmış narahatçılığa son qoyulub?

- Narahatlığa səbəb olan bu proseslər, demək olar, iki ildir, davam edir. Prosesin özü bir gündə yaranmadığı üçün, məsələyə bir gün ərzində son qoyulması yəqin ki çətindir. Amma, ümumiyyətlə proseslərin xarakterini, xüsusilə də son görüşləri, danışıqları, bəyanatları, Azərbaycan prezidentinin müsahibəsini, onun mövqeyini, müxtəlif səviyyələrdə çıxışlarını, Türkiyə tərəfinin bununla bağlı verdiyi bəyanatları, vədləri nəzərə alsaq, qeyd etdiklərim problemlərin aradan qalxacağını söyləməyə əsas verir.


- Həmsədrlər prezidentlərin yeni görüşünün vaxtını dəqiqləşdirməyə çalışdığı bir vaxtda Ermənistan prezidentinin atdığı addımlar birmənalı qarşılanmır. Serj Sərkisyan Azərbaycanın işğal altında olan ərazilərinə gedir, Moskvada Dağlıq Qarabağın inkişafı üçün ianələr toplayır və bəyan edir ki, Azərbaycan prezidenti ilə danışıqlarda torpaqların qaytarılması məsələsi müzakirə olunmur. O zaman danışıqlarda hansı məsələlər müzakirə olunur?

- Bu, yaxşı sualdır, həmin sualı həmsədrlər gələndə onlara ünvanlasanız, yaxşı olar. Azərbaycan prezidenti Kişinyovda verdiyi müsahibədə və sonrakı bəyanatlarında artıq qeyd edib ki, doğrudan da Ermənistan tərəfi son görüşlərdə öz mövqeyini hansısa məqsədlə sərtləşdirməyə başlayıb və danışıqlar prosesinin sanki uzadılmasında maraqlıdır. Bu zaman sual olunur: “O zaman bu günə kimi aparılan danışıqların məqsədi nə idi, nədən ibarət idi?” Bu qədər görüşlər keçirilir, həmsədrlər görüşlərdə iştirak edirlər, müəyyən razılaşmalar əldə olunur, amma bununla belə eyni zamanda 2 ildən artıq bir müddətdir ki, Qərb dövlətlərinin təşəbbüsü və dəstəyi ilə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı gizli danışıqlar gedir. Mən də bu paradoksların səbəbini başa düşmək istərdim.


Qərbin dəstəyi ilə Ermənistanın ən çətin vəziyyətdən çıxarılmasına kömək edilir, sanki bu işğalçı dövlətin daha yaxşı yaşaması, təhlükəsizliyi üçün investisiya qoyulur, bunun əvəzində isə Ermənistan işğal edilmiş əraziləri azad etmək, öz Silahlı Qüvvələrini oradan çıxarmaq əvəzinə, öz mövqeyini daha da sərtləşdirir. Əlbəttə bu, başa düşülən deyil. Son vaxtlar Serj Sərkisyan 2 dəfə Moskvaya səfər edib, bir dəfə Rusiya prezidenti ilə Kişinyovda görüşüb. Biz istəyirik ki, bu görüşlər, bu danışıqlar eyni zamanda münaqişənin həllinə kömək etsin, amma bu müstəvidə Ermənistan prezidenti haradasa telemarafon keçirir, Dağlıq Qarabağı, onun müəyyən şəhərlərini daha da inkişaf etmək üçün maliyyə vəsaiti toplamaq istəyir, Şuşa şəhərinin inzibati mərkəzə çevrilməsi, inzibati strukturların oraya köçürülməsi barədə qərarlar bəyan edilir.

Həm həmsədrlər, həm onların təmsil etdikləri ölkələr, həm beynəlxalq təşkilatlar buna münasibət bildirməlidir. Bütün dünya Ermənistanın vəziyyətini yaxşılaşdırmağa çalışır, əvəzində bu ölkə öz mövqeyini daha da sərtləşdirir, az qala demək istəyir ki, işğalını davam etdirəcəyəm. Əlbəttə ki, bu qəbuledilməzdir, biz buna heç vaxt razı olmayacağıq. Ona görə də biz deyirik ki, qoy bütün dünya, bütün beynəlxalq təşkilatlar bilsinlər - əgər Cənub Qafqazda sabitlik, təhlükəsizliyin bərpa olunmasını istəyiriksə, bu zaman birinci növbədə ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir.


Bu gün Ermənistanla Türkiyə arasında gedən danışıqlar, sərhədlərin açılması ilə bağlı protokolların imzalanması da müəyyən narahatçılıqlar doğurur. Bununla belə bu addımı da ermənilərə edilən bir avans kimi qəbul etmək lazımdır. Yəni artıq Türkiyə də bu addımlarını atıb, amma əvəzində yəqin ki, Türkiyə də Ermənistanda ən azı bir addım atmağı tələb edəcək. Əsas məsələ budur, söhbət bundan gedir. Lakin təəssüf olsun ki, hələlik bütün bu müstəvidə Ermənistana konkret təzyiq göstərən bir mərkəz, dövlət, təşkilat yoxdur. Ona görə də Ermənistan rəhbərləri bu cür addımlarla münaqişənin həllinə maneçilik törədirlər. Amma onlar çox böyük səhv edirlər və bu səhvi davam etdirsələr, bir gün həmin səhvlərin hansı nəticəyə gətirib çıxaracağını onlar olmasa da, övladları, nəvələri görəcəklər.


- Ermənistan Sürixdə güclü dövlətlərin təzyiqi altında protokolları imzaladı. Bəs bu cür təzyiqlər BMT Təhlükəsizlik Şurasının qərarlarının yetirilməsi üçün niyə edilməyib? Erməni diasporunun təsiri ilə Azərbaycana hansısa təzyiqlər edilə bilərmi?

- Azərbaycana təzyiq göstərmək mümkün deyil. Mən bunu böyük inam və əminliklə deyirəm. Azərbaycan dövlətinin başçısı elə bir şəxsiyyətdir ki, ona təzyiq göstərmək olmaz. Keçmiş SSRİ ərazisində yaranmış yeni dövlətlər içərisində ən müstəqil, ən düzgün, doğru xarici siyasət kursu, daxili siyasət kursu aparan dövlət Azərbaycandır. Ona görə də təzyiq barədə söhbət gedə bilməz, Azərbaycanın dövlət başçısına heç kim təzyiq göstərə bilməz. Bu təzyiqi həqiqət naminə, beynəlxalq hüquq, onun norma və prinsipləri naminə, haqq naminə Ermənistana göstərmək lazımdır.


Bəli, Sürix şəhərində protokolların imzalanması zamanı 5 ölkənin və Avropa İttifaqının xarici işlər nazirləri orada təmsil olunurdular. Biz bunu əslində Ermənistana bir dayaq, Ermənistana bir dəstək kimi başa düşdük. Ermənistanı çətin vəziyyətdən çıxarmağa nail olmaq üçün bu ölkəni protokolları imzalamağa məcbur etdilər. Amma eyni zamanda bu prosesi davam etdirib, Ermənistanı məcbur etmək lazımdır ki, işğal etdiyi və bu günə qədər əlində saxladığı Azərbaycan torpaqlarından çıxsın, Azərbaycan torpaqlarını azad etsin. Bunun üçün də mən hər dəfə dünya birliyinə, beynəlxalq təşkilatlara müraciət edəndə istəyirəm ki, onlar ədalətli olsunlar. Ədalətli olmaq həm onlar üçün, həm də bütün dünya üçün lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar