APA-nın əməkdaşı Ermənistanı qarışdırdı
02 noyabr 2010 15:53 (UTC +04:00)

APA-nın əməkdaşı Ermənistanı qarışdırdı

Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalında iştirak edən Ermənistan nümayəndə heyəti informasiya müharibəsində Azərbaycan mediasına uduzduqlarını etiraf ediblər. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, erməni jurnalistlər sərginin gedişində Azərbaycandan olan jurnalistlərlə baş verən insidenti lazımınca işıqlandıra bilmədiklərinə görə, öz həmkarlarını qınayıblar.

“Biz sərgi zamanı azərbaycanlı və erməni jurnalistlər arasında baş verən insidentlə bağlı İranın çoxsaylı kütləvi informasiya vasitələrinə müsahibələr verdik. Lakin çox təəssüf edirəm ki, azərbaycanlılar və türklərdən fərqli olaraq Ermənistan kütləvi informasiya vasitələri bu insidentə diqqət yetirmədilər. Həmçinin təəssüf edirəm ki, bir çox erməni informasiya agentlikləri baş verən hadisə barədə informasiyanı APA informasiya agentliyinə, məhz həmin insidentin səbəbkarının yazdığı materiala istinadən yazıblar”. Bu fikirləri İrəvanda keçirilən mətbuat konfransında “Azq” qəzetinin əməkdaşı Asmik Arutyunyan söyləyib.

Sərgidə iştirak edən “Panarmenian”ın əməkdaşı Yekatrina Poqosyan qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələrinin bu insidentə reaksiyası gecikmiş olub: “Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur, çünki İrəvandan fərqli olaraq Bakıda kütləvi informasiya vasitələri bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir”. “Panarmenian” informasiya agentliyinin baş redaktoru Marina Ananikyan erməni mediasını bu kimi insidentləri işıqlandırmaqdan çəkinməməyə çağırıb: “Təəssüf ki, Azərbaycan tərəfi bizdən fərqli olaraq birlikdə fəaliyyət göstərir və biz informasiya müharibəsində uduzuruq. Çünki hamımız dövlətimizin maraqları haqqında deyil, yalnız öz haqqımızda düşünürük”.

Qeyd edək ki, oktyabrın 25-dən noyabrın 1-dək Tehranda XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı keçirilib. Sərginin açılış mərasimindən az sonra tədbirdə iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal baş verib. Buna səbəb Ermənistana aid stenddə tanıtım nişanı olaraq “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin, “Dağlıq Qarabağ Respublikası”nın bayrağının şəkillərinin və xəritəsinin vurulması olub.
Azərbaycan nümayəndə heyəti əvvəlcə erməni jurnalistlərdən bu özbaşınalığa son qoymağı tələb edib. Qarşı tərəf tələbi yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə sərginin təşkilatçılarına məlumat verilib. Bu zaman erməni jurnalistlər bildiriblər ki, “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin şəklini stendə tədbirin təşkilatçıları vurub: “Ona görə biz də düşündük ki, burada Dağlıq Qarabağın xəritəsinin və bayrağının şəklini nümayiş etdirə bilərik”. Buna cavab olaraq təşkilatçılar sözügedən şəklin onlara tədbirə hazırlıq prosesi çərçivəsində Ermənistan tərəfindən təqdim olunduğunu bəyan ediblər və dərhal qalmaqala səbəb olan şəkillərin yığışdırılmasına göstəriş veriblər.

Qeyd edək ki, mübahisə zamanı APA informasiya agentliyinin əməkdaşı Süleyman Fərzəliyev “Dağlıq Qarabağın xəritəsi”ni və separatçı bölgənin simvolu kimi təqdim olunan şəkli Ermənistanın stendindən endirib. Türkiyə jurnalistləri Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirərək, Ermənistanın özbaşınalığına son qoyulmayacağı təqdirdə azərbaycanlı həmkarları ilə birlikdə sərgidə iştirak etməkdən imtina edəcəklərini bildiriblər.
# 619

Oxşar yazılar