Politoloq və siyasətçilərin “erməni soyqırımı” qərarına münasibəti – SORĞU
05 mart 2010 18:15 (UTC +04:00)

Politoloq və siyasətçilərin “erməni soyqırımı” qərarına münasibəti – SORĞU

“Amerika Türkiyənin müttəfiqidir, amma özünü düşmən kimi apardı. Guya ki, erməni lobbisinin arzusunu yerinə yetirdi, amma əslində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi Vaşinqtonun öz arzusu idi. İstəsəydi, bunu etməzdi”.



Bu sözləri APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində saxta “erməni soyqırımı” iddiası ilə bağlı qəbul olunmuş qərara münasibət bildirən politoloq qeyd edib ki, ABŞ tərəfindən atılan addımlar əksər hallarda ədalətsiz olur, ədalətli addımlar isə nadir hallarda baş verir. V.Quluzadənin fikrincə, bu qərardan sonra Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşəcək: “Türkiyə düşünəcək ki, özünü Amerika və ermənilərdən qorumaq üçün nə etməlidir. Mən hesab edirəm ki, ABŞ-ın Əfqanıstanda və İraqda işləri çətinləşəcək, Türkiyə öz əsgərlərini Əfqanıstandan çıxaracaq. Türkiyə İranla əlaqələri gücləndirməli, İranın embarqosuna hərtərəfli maneçilik törətməlidir. İranla, bütün digər ölkələrlə işbirliyi yaratmalıdır. Azərbaycan da Türkiyənin yanında olmalıdır”.




V.Quluzadə komitədə qəbul olunan qərarın Nümayəndələr Palatasında da təsdiqlənəcəyini istisna etməyib: “Çünki Nümayəndələr Palatasına antitürk mövqeli şəxs rəhbərlik edir. Ona heç bir həqiqət lazım deyil, onu ermənilər maliyyələşdirir, o da ermənilərə xidmət edir. Obama özü 2007-ci ildə bu soyqırıma “hə” demişdi”.
V.Quluzadə əlavə edib ki, bu qərar Ermənistanla imzalanmış protokolların Türkiyə parlamentində ratifikasiyasına da mane olacaq.



Politoloq Rasim Musabəyov isə həmkarından fərqli olaraq 2007-ci ildə olduğu kimi, bu dəfə də qətnamənin Nümayəndələr Palatasında qəbul edilməyəcəyini və gündəlikdən çıxarılacağını düşünür: “Komitənin bu qərarı qəbul etməsində iki məqsəd var. Əvvəla, ABŞ-ın Türkiyədən bəzi istəkləri var və bu istəklər heç də ermənilərlə əlaqəli deyil. Türkiyə müəyyən məsələlərdə tərəddüd edir, ABŞ-ın istədiyi cavabları vermir. Bu, Əfqanıstan, İran, İraq məsələləri, Türkiyə ərazisində raket əleyhinə sistemlərin yerləşdirilməsi ilə bağlıdır. Ona görə də bu cür müzakirələr imkan yaradır ki, Türkiyəyə müəyyən təzyiq göstərib bunun müqabilində qismən də olsa istədiklərini əldə etsinlər. İkinci tərəfdən isə Konqresdə ermənipərəst konqresmenlər var ki, onlar qərar qəbul olunmasa belə, nümayiş etdirməlidirlər ki, mən bu məsələdə canfəşanlıq etdim. Söhbət seçildiyi dairədə erməni seçicilərin yaşadığı və ermənilərdən pul alan konqresmenlərdən gedir. Amma böyük ehtimalla bunun davamı olmayacaq”.


R.Musabəyovun sözlərinə görə, Ankara nümayiş etdirir ki, bu məsələlərdə zarafat edən deyil və Türkiyənin əleyhinə qərar qəbul olunarsa, həm Türkiyə-Ermənistan münasibətlərinə, həm də ABŞ-Türkiyə münasibətlərinə olduqca mənfi təsir edəcək.


Politoloq İlqar Məmmədov da qəbul edilmiş qətnaməni tənqid edib. Onun sözlərinə görə, 23-ün 22-yə nisbəti ilə qəbul edilən bu qətnamə ədalətli ola bilməz: “Siyasətçilər tarix haqqında qərar verə bilməzlər. Bu, siyasətçilərin işi deyil və belə nəticənin arxasında ədalətə, tarixə, həqiqətə zidd amillər dayanır. Ona görə də Azərbaycan bu qərarı pisləməlidir. Bu, o demək deyil ki, məsələ artıq bitib, qətnamə Konqresin müzakirəsinə çıxarılmalıdır. Buna Konqres rəhbərliyi qərar verəcək. Lakin bu qərarın qarşısını almaq lazımdır. ABŞ Konqresi bu qərarı qəbul edərsə, Azərbaycanın avroatlantik dəyərlərə inamı sarsılacaq”.


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, komitənin qəbul etdiyi qərar birtərəfli yanaşmadır. O da bu fikirdədir ki, tarix haqqında siyasətçilər deyil, tarixçilər qərar verməlidir: “Tarix mürəkkəb bir elm sahəsidir və onunla mütəxəssislər məşğul olmalıdır. Birinci Dünya Müharibəsində çox acı hadisələr baş verib və bunu tarixçilər araşdırmalıdır. Bunun üçün də Türkiyə hökuməti konstruktiv yol tutub, öz arxivlərini alimlərə açıb və digər maraqlı tərəfləri də arxivləri birgə araşdırmağa dəvət edib. İndiki halda bu qətnamənin qəbul olunmasını istər elmi, istərsə də siyasi baxımdan yanlış hesab edirəm”.


İ.Qəmbər hesab edir ki, qətnamənin qəbulu həm ABŞ-Türkiyə, həm də ABŞ-Azərbaycan münasibətlərinə mənfi çalar gətirəcək: “Hər halda mən inanıram ki, bu yanlış tendensiya dayandırılacaq”.


Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət qətnamənin Konqresdə təsdiq olunacağına inanmadığını deyib: “Amma biz Azərbaycan olaraq - həm Milli Məclis, həm dövlət başçısı, həm də ictimaiyyət - Türkiyənin yanında olmalıyıq və öz iradlarımızı bildirməliyik. Bu, çox mühüm məsələdir. Bizim Türkiyədən yaxın heç bir müttəfiqimiz yoxdur. Mən düşünmürəm ki, ABŞ Türkiyə ilə münasibətlərinə xələl gətirsin. Türkiyə güclü dövlətdir və ABŞ Yaxın Şərqdəki problemləri Türkiyəsiz həll edə bilməz. Ona görə də düşünürəm ki, Konqres bu qətnaməni qəbul etməyəcək”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qətnaməni beynəlxalq səviyyəli demaqogiya adlandırıb: “Tarixdə baş vermiş hadisələrə qiymət verilsə, gərək amerikalıların hindulara qarşı apardığı təmizləmə siyasətini və digər hadisələri soyqırımı kimi dəyərləndirək”.


S.Cəlaloğlu bildirib ki, erməni soyqırımının baş verdiyi iddia edilən tarixdə beynəlxalq hüquq olmayıb, buna görə də hətta soyqırım baş veribsə belə, bu iddianın hüquqi qüvvəsi yoxdur: “Əslində bu, beynəlxalq münasibətləri pozmağa xidmət edir. Bu qətnamə Konqresdə də qəbul olunacaqsa, o zaman Cənubi Qafqazda sülhdən söhbət gedə bilməz. ABŞ-la türk dünyası arasında da problemlər yaranacaq”. S. Cəlaloğlunun fikrincə, Azərbaycan hökuməti də ABŞ-dakı səfirini geri çağırmalıdır.
# 421

Oxşar yazılar