Azərbaycanda hakimlərin ömürlük təyin olunması  təklif edildi
28 fevral 2025 14:33 (UTC +04:00)

Azərbaycanda hakimlərin ömürlük təyin olunması təklif edildi

Azərbaycanda məhkəmə hakimləri ömürlük təyin olunsun.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, dəfələrlə Azərbaycanda hakimlərin ömürlük təyin olunması məsələsini qaldırıb: “Əgər Konstitusiyamıza görə dövlət hakimiyyətinin həyata keçirilməsi hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilirsə, hakimlərə də yaş həddi təyin olunmamalıdır. Əgər hakimlər üçün ömürlük təyin etmiriksə, heç olmasa bütün məhkəmə hakimləri üçün eyni yaş müəyyən olunsun. Bundan başqa, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edirik. Hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxılmalıdır. Hakimlərin intizam məsuliyyətinə cəlb etməklə onu vəzifəsindən kənarlaşdırmaq olmaz. Ali Məhkəmə tərəfindən onların əməlinə qiymət verilərsə, bu halda vəzifələrindən uzaqlaşdırıla bilərlər. Ədalətin təmin olunması həm də iqtisadiyyatın inkişafı deməkdir. Güclü məhkəmə hakimiyyəti mülkiyyət toxunulmazlığının təminatı deməkdir. Ona görə də bu istiqamətdə işləri davam etdirməliyik”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur. Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar