Bir əsrdə 12 bayraq – ARAŞDIRMA
22 fevral 2010 20:30 (UTC +04:00)

Bir əsrdə 12 bayraq – ARAŞDIRMA

XX əsrdə Azərbaycanın qəbul etdiyi dövlət bayraqlarının siyahısı Lent.az-da

Azərbaycanın tarixində mövcud olmuş ayrı-ayrı dövlətlərin ən müxtəlif formalı bayraqları olub. Azərbaycan adlı dövlətin bayrağı isə ilk dəfə XX əsrin əvvəllərində qəbul edilib. Və... qısa müddətdə dəyişdirilib. Ümumilikdə XX əsrdə Azərbaycanın dövlət bayraqları dəfələrlə – 12 dəfə dəyişikliyə məruz qalıb. Bunlar isə ən müxtəlif səbəblərə görə baş verib. Lent.az 1918-ci ildən bəri qəbul olunmuş dövlət bayraqlarının fotolarını əldə edib və bayraq dəyişikliklərinin səbəblərini araşdırıb.

Azərbaycanın Respublika olaraq ilk dövlət bayrağı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan olunandan bir ay sonra – iyunun 24-də qəbul edilib. O zaman Xalq Cümhuriyyətinə rəhbərlik edən şəxslər dövlət bayrağı kimi Osmanlının dövlət bayrağı qəbul ediblər. Qəbul olunan qərara görə, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul olundu. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. Amma az sonra ADR rəhbərliyi öz qərarını dəyişib.

1918-ci ilin noyabrın 19-da üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Göy, qırmızı və yaşıl rənglərdən ibarət olan bayrağın üzərində, hazırkı bayrağımızdan fərqli olaraq, böyük aypara - yəni bütün üç rəngin üzərində özünə yer tapan aypara və səkkizguşəli ulduz təsvir olunub. Nazirlər Şurasının qərarı belə idi: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".

Amma Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bu bayraq da dəyişdirilib. Qeyd edək ki, Azərbaycanın dövlət bayrağı ən çox sovetlər vaxtı dəyişikliyə məruz qalıb. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycana daxil olan gün bayraq da dəyişdi. Yeni bayraq tamamilə qırmızı rəngdə oldu. Bu bayrağın üzərində aypara və beşguşəli ulduz vardı. Amma aypara bayrağın sapına yaxın və üzü də bayrağa tərəf idi. Təbii ki, aypara və beşguşəli ulduz ağ rəngdə həkk olunmuşdu.

Bu bayrağın da ömrü uzun olmadı. 1921-ci ilin may ayının 9-da Sovet Azərbaycanının ilk Konstitusiyası qəbul edildi. O zaman Konstitusiyada bayrağın dəyişdirilməsi də nəzərdə tutulurdu. Bu bayraq tam olaraq qırmızı rəngdə idi və aypara, ulduz əks olunmamışdı. Amma bayrağın sol küncündə və yuxarı hissədə yaşıl fon üzərində qısa şəkildə ərəb əlifbası ilə “AİŞC” – yəni Azərbaycan İctimai Şuralar Cümhuriyyəti yazısı yerləşdirilmişdi. Qeyd edək ki, həmin vaxt Azərbaycanın dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası idi.

1922-ci il dekabrın 30-da Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Bununla da öz müstəqilliyini tam olaraq itirən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yeni latın qrafikalı əlifbanın ərəb əlifbası ilə eyni hüquqa malik olması barədə qərar qəbul etdiyi üçün bu dəyişiklik Azərbaycanın bayrağında da öz əksini tapdı. Belə ki, bu zaman “ASSR” – Azərbaycan Sovet Sosialist Respublikası - abreviaturası bayrağın üzərində həm ərəb, həm də latın əlifbası ilə yazılır.

1924-cü ilin dekabrında isə bayraq yenidən dəyişdirilir. Bu dəfə bayrağın sol küncündəki yaşıl fon tamamilə götürülür. Yeni bayrağın üzərində bayrağın ümumi eninin altıdan biri ölçüsündə oraq və çəkic şəkli, onlardan yuxarıda isə aypara və beşguşəli ulduz təsviri verilir. Bununla bərabər bu bayrağın da üzərində yenidən “AİŞC” abreviaturası verilir. Bundan əlavə, bayrağa oraq və çəkic, həmçinin onların üzərində kiçik formada aypara və beşguşəli ulduz verilir.

1930-cu ildən sonra bayrağın üzərindəki ərəb əlifbası o zaman Konstitusiyada köhnə əlifba kimi göstərilən abreviatura götürüldü. Və dövlətin adı ancaq latın qrafikası ilə göstərildi. Qırmızı bayrağın üzərinə latın əlifbası ilə AzSSR yazılmışdı.

1939-cu ildə latın əlifbasının dövlət əlifbası kimi ləğv olunması və kiril əlifbasının qəbul olunması yenə də bayraq dəyişikliyi zərurəti yaratdı. Buna görə də 1940-cı ildə bu dəyişiklik bayrağa da tətbiq olundu və bu dəfə bayrağın üzərinə Kiril əlifbası ilə AzSSR yazılmışdı. Amma məlum olmayan səbəblərə görə, bayrağın üzərində aypara və ulduz təsvirləri yoxa çıxdı, qaldı təkcə oraq və çəkic...

1952-ci ilin oktyabrında dövlət bayrağına yenidən dəyişiklik edildi. O zaman Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Azərbaycan Müttəfiq Respublikasının dövlət bayrağı ikirəngli üfüqi zolaqdan ibarət, oraq çəkicli bayraq kimi qəbul edildi. Bu bayraq xalq rəssamı, Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadənin layihəsi əsasında qəbul edildi. Bu bayrağın eninin dörddən üçünə bərabər olan birinci zolağı qırmızı, qalan hissədən ibarət ikinci zolaq isə göy rəngdə qəbul edildi.

Amma 1956-cı ildə bayrağın üzərindəki oraq və çəkic şəkilləri bayraq sapından bir qədər mərkəzə doğru uzaqlaşdırıldı.

1981-ci ilin martından isə digər müttəfiq respublikaların bayrağında olduğu kimi, Azərbaycan bayrağının da bir üzündən oraq və çəkic təsvirləri çıxarıldı.

1991-ci il fevralın 5-də isə Müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq bərpa olundu. Sadəcə, bu dəfə aypara və səkkizguşəli ulduz yalnız bayrağın qırmızı rəngi üzərində təsvir edildi.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə noyabrın 9-u – Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul etdiyi gün Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Elnur Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar