Partiyalarımız hara sığınır? – ARAŞDIRMA
04 fevral 2010 17:15 (UTC +04:00)

Partiyalarımız hara sığınır? – ARAŞDIRMA

Azərbaycanda mövcud olan partiyalar qərargahla necə təmin olunub?

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət qeydiyyatından keçmiş siyasi partiyaların qərargahla təmin edilməsi müvafiq dövlət qurumlarının qarşısında tələb kimi qoyulur. Amma ölkədə kifayət qədər çox siyasi partiyanın olması bu vəzifənin həyata keçirilməsini bir qədər çətinləşdirir. Bunun nəticəsidir ki, bir sıra partiyaların dövlət qeydiyyatı olsa da, qərargahları yoxdur. O da doğrudur ki, bu partiyaların əksəriyyətinin fəaliyyəti, daha dəqiqi, dövlət qeydiyyatından, adından başqa heç nəyi yoxdur. Lent.az ölkədəki siyasi qurumların hansının qərargahının olub-olmamasını araşdırıb. Həmçinin, onların həmin qərargahda hansı şərtlərlə yerləşməsi, bunun üçün nə qədər dövlət rüsumu ödədiyinə də diqqət yetirib. Amma bəzi partiyalar bu rüsumun məbləğini açıqlasalar da bəziləri buna ehtiyac görməyib. Qeyd edək ki, Azərbaycanda hazırda 54 siyasi partiya dövlət qeydiyyatındadır.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası hazırda Bülbül prospekti 13 ünvanındakı binada qərarlaşıb. Əvvəllər bu bina Ədliyyə Nazirliyinə məxsus olub. Buraya köçənə qədər isə YAP Ü.Hacıbəyov küçəsində hazırda “Yen Azərbaycan” və “Səs” qəzetlərinin redaksiyalarının yerləşdiyi binada fəaliyyət göstərib. YAP-ın hazırkı qərargahının geniş otaqları, iclas zalı var. Həmçinin bina texniki təchizat sistemi, sürətli internetlə təmin edilib. Bina polis əməkdaşları tərəfindən mühafizə edilir.

Azərbaycan Demokrat Partiyası isə 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürüb. Amma bina partiyanın deyil, “Hürriyyət” qəzetinin balansındadır. Belə demək mümkünsə, qəzet icarəyə götürdüyü binanın bir hissəsini partiyaya icarəyə verib. Bunun müqabilində isə partiya “Hürriyyət” qəzetilə birlikdə hər kvartal 600 manat icarə haqqı ödəyir.

Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib. Amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirməli oldu. Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara əl gəzdirib təmir işləri apardılar. Amma hazırda da qərargahın bir sıra yerləri bərbad vəziyyətdədir. Partiya hər ay kommunal xərclərlə birgə 1000 manata qədər dövlət rüsumu ödəyir.

Ana Vətən Partiyası uzun müddət Nərimanov rayonu ərazisində yerləşən “Azərinşaatlayihə” institutunun balansında olan binada fəaliyyət göstərib. Amma dövlət başçısının fərmanı ilə həmin bina Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildikdən sonra AVP binanı tərk etməli oldu. Hazırda partiya “Lider” telekanalının yaxınlığında, Şəfayət Mehdiyev küçəsindəki “Aqrotexnika”nın binasının 6-cı mərtəbəsində yerləşir. Burada partiya üçün 300 kvadratmetrlik sahəyə malik 8 otaqdan ibarət qərargah ayrılıb. Otaqlar normal vəziyyətdə olmadığı üçün partiya bura köçəndən sonra təmir işləri aparılıb.

Demokratik İslahatlar Partiyası yarandığı gündən yerləşdiyi Neftçilər prospektindəki qərargahı bir müddət əvvəl tərk edib. Partiya hazırda Bünyad Sərdarov 17/2 ünvanındakı qərargahda fəaliyyət göstərir. Partiyanın öz yerini dəyişməsinə səbəb isə əvvəlki qərargahın müəyyən tələblərə cavab verməməsi olub.

Vəhdət Partiyasının özünün qərargahı yoxdur. Amma Bakı Kəndlər Birliyinin qərargahını elə Vəhdət Partiyasının qərargahı hesab etmək olar. Çünki Birliyin adına olan qərargahın qarşısında məhz partiyanın bayrağı asılıb. Yarandığı gündən Bakı Kəndlər Birliyi Vidadi küçəsi 89-da yerləşən bu ofisi icarə götürüb. Partiya rəhbərliyi qərargahın şəraitindən o qədər də şikayətçi deyil və bunun normal olduğunu bildirirlər. Qeyd edək ki, sözügedən binanın sahibi də Bakı Kəndlər Birliyinin üzvüdür və buna görə də icarə haqqı real bazar qiymətləri ilə müqayisədə xeyli ucuzdur.

Azərbaycan Liberal Partiyası bu vaxta qədər bir neçə dəfə qərargah dəyişib. Əvvəl Bünyad Sərdarov küçəsində yerləşən partiya sonra Həsənbəy Zərdabi küçəsində yerləşən 3 mərtəbəli şəxsi tikilidə özünə sığınacaq tapdı. Amma 2005-ci ildən bəri partiya qərargahsızdır. Qərargahla təmin olunmaq üçün partiya rəhbərliyi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, yer ala bilməyib.

Klassik Xalq Cəbhəsi Partiyasının qərargah problemi yoxdur və bu məsələdə partiya heç kimdən asılı deyil. Partiyanın rəhbərliyi təşəbbüs göstərərək üzvlərdən toplanmış ianələr hesabına Ağa Nemətulla 18 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisi alıb. Hazırda ofis fiziki şəxsə məxsusdur və partiya burda yalnız kommunal xərcləri ödəyir.

Vətəndaş və İnkişaf Partiyası da Şəmsi Bədəlbəyli 69 ünvanında yerləşən binanın bir neçə otağını icarəyə götürüb. Yer partiya üzvlərinin birinin olduğundan icarə haqqı çox deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2005-ci ildən bəri qərargahsız fəaliyyət göstərmək məcburiyyətində qalıb. Uzun illər Xaqani 33 ünvanında “Azadlıq” qəzetinin balansında olan binada yerləşib. Həmin il bina Hesablama Palatasının balansına verildi. Bundan sonra dövlət qurumları tərəfindən partiyaya Keşlə qəsəbəsində yerləşən tikililərin birində qərargah təklif olunsa da bundan imtina edildi. Partiyanın rəhbər qurumlarının toplantıları digər müxalifət partiyalarının qərargahlarında keçirilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını da yeni hesab etmək olar. Belə ki, uzun müddət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşən partiya sonradan buradan çıxarıldı. BAXCP hazırda “Xalq Cəbhəsi” qəzeti ilə birlikdə Yasamal rayonu, Seyidov küçəsi 23-də fəaliyyət göstərir.

Azərbaycan Sosial Demokrat Partiyası da bir neçə dəfə yer dəyişən partiyalardandır. Əvvəl şəhərin mərkəzində 28 may küçəsində yerləşən partiya sonradan bir müddət Binəqədi rayonu ərazisində İ. Dadaşov 60 ünvanında fəaliyyət göstərdi. Hazırda isə partiya yenə də Binəqədi rayonunda bu dəfə Azadlıq prospekti, 200-də yerləşən yeni qərargahda fəaliyyət göstərir. Partiyanın qərargahı 4 otaqdan ibarətdir. Qərargah partiyaya müvafiq dövlət qurumu tərəfindən ayrılıb.

Azərbaycan Milli İstiqlal Partiyası vaxtilə Azərbaycanda hətta hakim partiyadan belə yaxşı qərargaha malik olan siyasi təşkilat olub. Amma 2000-ci ildən bəri partiya yurdsuz qalıb. Bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürən AMİP hazırda partiyanın Nəsimi rayon təşkilatının ofisinə sığınıb. Tibb Universitetinin yaxınlığında yerləşən qərargah 3 otaqdan və bir zaldan ibarətdir.

Əvvəllər C. Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar.

20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.

Sosial Rifah Partiyası da bir müddət əvvəl “Səttarxan” adına maşınqayırma zavodu ASC-nin balansındakı binadan çıxarıldı. Amma qarşılığında partiya Təbriz küçəsi 92 ünvanında yeni qərargahla təmin edildi.

Ümid Partiyası Nərimanov rayonu ərazisində yerləşən birmərtəbəli özəl binada yerləşir. Partiyanın qərargahı digər müxalifət təşkilatlarının qərargahları ilə müqayisədə normal sayıla bilər. Bundan əlavə, partiya sədri İqbal Ağazadənin qərargahın həyətində rezidensiyası da var.

Vətəndaş Həmrəyliyi Partiyasının Səbail rayonu Əbdülkərim Əlizadə küçəsi 9 ünvanında yerləşir. Qərargah icarəyə götürülüb.

Aydınlar Partiyası Demokratik Seçki Mərkəzinin rəhbəri Qorxmaz İbrahimlinin ofisində fəaliyyət göstərir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc dəfələrlə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etsə də partiya qərargahla təmin olunmayıb. Uzun müddətdir Azadlıq “Müxalifət” qəzetinin ofisinə sığınmaq məcburiyyətində qalıb. Partiya sədri Əhməd Oruc hətta vaxtilə bu komitənin sədrinə qarşı məhkəmə iddiaları da qaldırıb. Amma faydası olmayıb.

Pənah Hüseynin lideri olduğu Xalq Partiyasının qərargahı yoxdur.

Koordinatlarını tapdığımız partiyaların demək olar ki, hamısı ilə əlaqə saxlayaraq, onların qərargahları və şəraitləri barədə məlumat ala bildik. Amma yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi partiya dövlət qeydiyyatına alınıb, amma onların əksəriyyətinin adı ictimaiyyətə belə bəlli deyil. Əlaqə saxlaya bilmədiyimiz partiyalar sırasında Dirçəliş və Tərəqqi, Xalq Demokratik, Milli Demokrat İdrak, Kəndli, Birlik, Vahid Azərbaycan Milli Birlik, Vahid Azərbaycan, Demokratik Azərbaycan Dünyası, Müstəqil Azərbaycan, Milli Qurtuluş, Yurddaş, Qorqud, ,Milli Hərəkat, Kommunist, Milli Dövlətçilik, Vətənpərvərlər, Demokratik Sahibkarlar, Azərbaycan Naminə Alyans, Demokratik Maarifçilik, Vahid Kommunist, Sosial Ədalət, Milli Konqres, Respublikaçılar, Mübarizlər, Milli Vəhdət, Azad Respublikaçılar, Tərəqqi, Böyük Azərbaycan, Təkamül, Vətəndaş Birliyi, Milli Demokrat partiyaları daxildir.

Sonda onu da qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanunun qüvvəyə minməsi qaydası haqqında Milli Məclisin 3 iyun 1992-ci il 148 saylı qərarın 5-ci maddəsi ilə Nizamnamələri qeydə alınmış siyasi partiyaların mərkəzi orqanlarının yerləşdirilməsi məsələsinin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb...

Elnur Məmmədli
# 836

Oxşar yazılar