“Hazırda Cənubi Qafqazda cinah sazişi əsasında müəyyənləşən kvotanın pozulub-pozulmadığı araşdırılır”
25 avqust 2010 11:28 (UTC +04:00)

“Hazırda Cənubi Qafqazda cinah sazişi əsasında müəyyənləşən kvotanın pozulub-pozulmadığı araşdırılır”

“Rusiyanın Ermənistanla imzaladığı sonuncu müqavilə dövlətlərarası məsələdir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bölgədə adi və strateji silahların yerləşdirilməsi və onların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələ deyil, bu, eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişi ilə nizamlanır. 1992-ci ildə bu sazişə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub”.



APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, müvafiq cinah sazişinə əsasən Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən hərbi texnikanın – hərbi təyyarələr, tanklar və s. – kvotası təyin olunub: “Biz bilirik ki, bu kvotadan, yəni ATƏT-in nəzarətindən kənar olaraq neçə illərdir Dağlıq Qarabağda silahlar və silahlı qüvvələr cəmlənib və bu silahların heç bir nəzarəti, hesabatı aparılmır. Ermənistan Silahlı Qüvvələrinin kvotasına eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni, Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır. Onsuz da dediyim kimi, bu kvota Dağlıq Qarabağda pozulmuşdu. Araşdırma başa çatdıqdan sonra Azərbaycan hökuməti bu məsələyə münasibətini açıqlayacaq”.
# 712

Oxşar yazılar