Fateh şəhərində Xəzər fırtınası – TƏƏSSÜRAT
11 dekabr 2012 18:17 (UTC +04:00)

Fateh şəhərində Xəzər fırtınası – TƏƏSSÜRAT

İstanbulun özəlliyi təkcə dünyanın ən böyük şəhərlərindən biri, qədim mədəniyyətlərin bu günümüzə boylanan əksi, Asiyanın Avropaya uzanan böyük körpüsü olması deyil, həm də bu iki qitəni öz varlığında birləşdirməsidir.

Hər dəfə bu doğma şəhərə getmək üçün 3 saata yaxın «hava uçuşu»nda sözlə ifadə edilməsinə çətinlik çəkdiyim hisslər keçirirəm. Amma budəfəki səfərimizdə bu hisslərə daha biri əlavə olunmuşdu: Xəzər forumuna İstanbul ev sahibliyi edirdi.

Tədbirin mötəbərliyi barədə uzun-uzadı danışmaqdansa, qısaca bir siyahını təqdim etmək daha yaxşı olar.

7 ölkə və onlarla dövlət xadimi

Türkiyədə yeni yaranmasına baxmayaraq uğurlu fəaliyyəti ilə diqqət çəkən Xəzər Strateji İnstitutu, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) Türkiyə baş nazirliyi yanında Sərmayələrin Dəstəklənməsi və İnkişafı Fondu, ABŞ Brokinqs İnstitutunun təşkilatçılığı ilə keçirilən «Beynəlxalq Xəzər Forumu»na Türkiyə, Azərbaycan, Rusiya, ABŞ, İsrail, İngiltərə, Gürcüstandan nümayəndələr qatılmışdı.

ABŞ-ın Azərbaycan oxucusuna adı yaxşı tanış olan keçmiş müdafiə naziri Robert Geyts, Türkiyənin enerji naziri Taner Yıldız, milli təhlükəsizlik şurasının baş katibi Müəmmər Türkər, NATO-nun müşaviri Culius Qrubliakuskas, London Dövlət Əmək və İnşaat İdarəsinin rəhbəri Denis Sammut, Britaniya Lordlar Palatasının üzvü lord Con Desmond Vaverli, Beynəlxalq Enerji Agentliyinin ekspertləri Tim Qould, Con Robert, Gürcüstan enerji və təbii sərvətlər nazirinin müavini Mariam Valişvili və s. ictimai və dövlət xadimlərinin qatıldığı tədbirə Azərbaycan mötəbər və geniş heyətlə yollanmışdı: PA-nın rəsmiləri Əli Həsənov və Elnur Aslanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkilləri Sabir Rüstəmxanlı və Ceyhun Osmanlı və s.

Tərkib və heyət ilk baxışdaca Forumun məqsəd və əhatə dairəsini anlamaq üçün geniş bilgilər verirdi.

Dünyanın enerji damarı Xəzərdə vurur

Çıxışlar əslində, Xəzərin beynəlxalq əhəmiyyətini tam təsəvvür etmək imkanı yaradırdı və forumun həssaslıqla, genişmiqyaslı hazırlanmasının səbəbini aydınlaşdırırdı. Forumda nələr səsləndi?

Xəzər – artıq təkcə bölgənin deyil, həm də dünyanın enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyır. Hətta siyasi təhlilçilər Xəzər bölgəsini dünyanın ən mühüm mərkəzlərindən biri sayırlar; amma təkcə coğrafi mövqeyinə görə yox.

Avrasiya – dünyanın enerji resurslarının 3/4-nə sahibdir, bu irihəcmli sərvətin əhəmiyyətli hissəsi isə Xəzərin payına düşür. Xəzərin təbii sərvətlərinə sahib olan əsas tərəfdaş isə Azərbaycan olduğundan, ölkəmiz dünyanın dəyər verdiyi hövzə respublikaları içində xüsusilə fərqlənir.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu fikri davam etdirdi “Azərbaycan öz enerji problemlərini həll etdikdən sonra region dövlətləri və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır”

Etiraf edildi: Azərbaycansız bölgədə heç bir layihəni reallaşdırmaq olmaz və bu, təkcə Azərbaycanın təbii sərvətlər baxımından zənginliyi ilə bağlı deyil; bura son illər ölkəmizin xarici siyasətində stabil mövqeyi, etibarlı tərəfdaş və strateji partnyor olduğunu dəfələrlə sübut etməsi, düzgün və məqsədyönlü prioritetlər daxildir.

Başqa sözlə, yalnız təbii sərvətlərlə zənginlik kifayət etmir: dünya dövlətləri Azərbaycanı bölgənin enerji resurslarının Avropaya çıxmasında həlledici yeri olan və siyasi kursunda stabilliyi ilə seçilən dövlət olaraq qiymətləndirməkdədirlər.

Azərbaycan bu statusa asanlıqla nail olmayıb

Forumda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun çıxışı ölkəmizin bu mərhələyə qədər ağır sınaqlardan keçib gəldiyini birbaşa ortaya qoydu. Ə.Həsənov bildirdi ki, SSRİ-nin süqutundan sonra sözügedən bölgədə yeni geostrateji vəziyyət yaranmışdı: «1994-cü ildə Heydər Əliyevin neft strategiyası nəticəsində Xəzərə əcnəbi korporasiyalar, hövzədən kənar olan ölkələrin şirkətləri gətirilib: “Bu, çox mühüm bir geosiyasi hadisə idi. Bu o demək idi ki, Xəzər regionundakı digər ölkələr Rusiya və İrandan asılı olmadan, öz neft qaynaqlarına sahib olub, ondan müstəqil istifadə edəcəkdilər. Lakin bu qərarın həyata keçirilməsi Azərbaycana o qədər də asan başa gəlmədi. 1994-98-ci illərdə məhz bu məsələyə görə, Azərbaycana çoxlu təzyiqlər oldu, siyasi, iqtisadi, hərbi problemlərlə üzləşdik».

Daha sonra mövcud problemə diqqət çəkən PA rəsmisi müxtəlif güclərin maraqlarının kəsişdiyi bölgədə Azərbaycan həm neytral siyasət yürütdüyünü, həm də bölgənin təhlükəsizliyinə töhfə verdiyini qeyd etdi.

Rusiyanın hələ də Qərb dövlətlərini qaz təhdidi ilə üz-üzə qoyduğu bir zamanda Avropa getdikcə artan enerji tələbatını Xəzər hövzəsindən təmin etmək üçün real imkanlara malikdir. Amma bunun üçün ilk növbədə bölgədəki münaqişələr öz həllini tapmalıdır. O cümlədən regionda siyasi stabilliyin yaranması və iqtisadi layihələrin gerçəkləşməsinə ciddi əngəllər yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik ədalətli mövqeyini ortaya qoymalıdır.

Xələf Xələfov Transxəzər layihəsi ətrafında gedən müzakirələrə toxundu, bu layihənin tərəfdarları ilə yanaşı, əleyhdarlarının da olmasını layihənin ciddiliyi ilə əlaqələndirdi: “Transxəzər layihəsinə Azərbaycan və Türkmənistanın suveren hüquqları çərçivəsində yanaşılmalıdır. Bu, digər Xəzəryanı ölkələrin maraqlarına toxunmur”.

Avropanın etibarlı tərəfdaşı

Xəzər regionunun geoiqtisadi konteksdə mühüm məkan olduğunu qeyd-şərtsiz qəbul edən forum iştirakçıları Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun fikirlərini dinlədilər: “Avropa getdikcə artan enerji ehtiyaclarını Xəzər hövzəsindən təmin etmək üçün real imkanlara malikdir. Amma bunun üçün ilk növbədə bölgədəki münaqişələr öz həllini tapmalıdır. Hazırda isə Cənubi Qafqazdakı üç respublikadan ikisinin torpaqları işğal altındadır. Bu da Qafqazda sülhün bərqərar olunmasında, enerji ehtiyatlarının daha təhlükəsiz şəraitdə daşınmasında önəmli rol oynayacaq. Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq”.

Azərbaycanın Qafqazda sülhün təmin olunması üçün Gürcüstanla əməkdaşlığı gücləndirməyə önəm verdiyini açıqlayan E.Aslanov konkret rəqəmlər də söylədi: «Azərbaycan artıq Gürcüstan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb. Yaxın gələcəkdə 20 milyard kubmetr Azərbaycan qazı Gürcüstandan keçməklə Türkiyə üzərindən Avropaya çıxarılacaq. Gürcüstan və Ukraynanın iqtisadiyyatında Azərbaycan sərmayəsi önəmli yer tutacaq».

Rusiyanın iqtisadi-siyasi zərbələri qarşısında bu ölkələrin duruş gətirməsində Azərbaycanın tutduğu mövqe diplomatik, həm də xüsusi həssaslıqla tədbir iştirakçılarının nəzərinə çatdırılırdı. Başqa sözlə desək, hər iki Qərbyönümlü ölkənin ərazi probleminin səbəbi bəllidir və bu «səbəbə qarşı» dünya öz iradəsini ortaya qoymağa məcburdur.

Robert Geyts: Münaqişə əməkdaşlığa əngəl törədir

Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələlər Robert Qeytsin də məsələyə yanaşmasını şərtləndirdi. ABŞ-ın keçmiş müdafiə naziri bildirdi ki, Xəzərdəki enerji mənbələri Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında önəmlidir, amma Ermənistanla Azərbaycan arasında münaqişənin həll edilməməsi enerji sahəsində regional əməkdaşlığın önündəki əngələ çevrilir.

Şübhəsiz, bu sahədə regional proseslərdə fəal iştirak edən Rusiyadan çox şey asılıdır. Hazırda rəsmi Kreml Türkiyə də daxil olmaqla enerji resurslarına böyük ehtiyac duyan ölkələrə fərqli variantlar təqdim edir. Bunlardan biri “Cənub axını” layihəsidir. Doğrudur, bu gün Türkiyə Rusiyadan “Mavi axın” proqramı çərçivəsində qaz alır, lakin yaxın gələcək üçün bu layihənin qardaş ölkənin bütün ehtiyaclarını qarşılayacağı inandırıcı görünmür. Digər tərəfdən, Asiya regionunda yeni bir güc mərkəzinə çevrilən Çin də son zamanlar fəallığını xeyli artırmaqdadır. Pekin Mərkəzi Asiyadakı enerji xətlərini Rusiyanın inhisarından çıxarmaq üçün ciddi addımlar atır. Bu üzdən Türkiyənin Xəzər bölgəsində, xüsusən də qardaş Azərbaycanla enerji sahəsində əlaqələrini gücləndirməsi tamamilə zəruri səciyyə daşıyır.

Vizalar qaldırılmalı, azad iqtisadi zonalar yaradılmalı

Xəzər Strateji İnstitutunun Baş katibi Haldun Yavaş çox önəmli məqamlara toxundu. Türkiyədən keçən enerji boru xətlərinin sayının artmasının Avropanın, Türkiyənin və Xəzər bölgəsinin mənfəətinə uyğun olduğunu vurğulayan Yavaş yalnız enerji ilə məhdud qalmayıb sərbəst ticarət zonalarının yaradılması, vizaların qaldırılması, nəqliyyat və təhlükəsizlik sahələrində strateji işbirliyinə ehtiyac olduğunu qeyd etdi.

Xəzərin Azərbaycan sektoruna aid hissəsində olan enerji mənbələri Avropanın enerji ilə fasiləsiz təmin edilməsi baxımından ölçüyəgəlməz çəkiyə malikdir. Bu prosesin uğurla keçməsi üçün isə bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycana qarşı tutulan ədalətsiz mövqeyə son qoyulmalı, digər tərəfdən NABUCCO kimi layihələrin maliyyələşdirilməsini üzərinə götürən transmilli korporasiyalar daha böyük qətiyyət nümayiş etdirməlidirlər.

TANAP-ın əhəmiyyəti

Azərbaycan Türkiyə ilə həm birgə regional layihələrdə, həm də ikitərəfli müstəvidə əlaqələrini genişləndirdirir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən başlanan energetik hegemonluğu TANAP layihəsi ilə gücləndirməyi hədəfləyən Bakı və Ankara artıq ciddi geostrateji oyunçu imicini qazanmaqdadır. Mütəxəssislər OPEK və Rusiya xaricində ilk dəfə olaraq müstəqil neft ixracatçısına çevrilən Azərbaycanın qardaş Türkiyə ilə həyata keçirdiyi bu layihəni Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsi kimi qiymətləndirdilər.

2012-ci il iyunun 26-da imzalanmış TANAP layihəsi ətrafında səslənən versiyalar isə bir-birindən fərqlənmir. TANAP Avropaya fasiləsiz enerji nəqlində çox önəmli faktora çevriləcək bir proqramdır. Trans Anadolu Təbii qaz Boru Xətti də adlandırılan TANAP-ın önümüzdəki 5 ildə həyata keçiriləcəyi gözlənilir.

Türkiyənin enerji naziri Taner Yıldız TANAP layihəsinin Türkiyə və Azərbaycan üçün əhəmiyyətini diqqətə çatdırıb: “Biz Avropa Birliyi ilə uzun illərdən bəri üzvlük müzakirələri aparırıq, ancaq AB hələ də enerji ilə bağlı müzakirələrə başlamayıb, o paraqrafı açmağa istəkli baxmır. Ancaq işə baxın ki, biz AB ilə bu sıxıntını yaşayarkən Azərbaycanla imzaladığımız TANAP layihəsi Avropaya fasiləsiz enerji nəqlində çox önəmli faktora çevrilmək ərəfəsindədir. Avropada ortaya çıxmış iqtisadi böhran beynəlxalq layihələrin maliyyələşdirilməsi prosesində ölkələrin öz üzərlərinə düşən payları ödəməsində sıxıntılar yaradır. Bizim iştirak etmədiyimiz layihələr var, ancaq bizim üçün maraqlı olan bütün layihələrdə hər səviyyədə dəstək verməyə hazırıq”.

Foruma qatılanlar bəyan etdilər ki, əgər Bakı-Tbilisi-Ceyhan kəməri 20-ci əsrin ən böyük layihəsi idisə, TANAP 21-ci əsrin ən böyük layihəsi olacaq. Bu kəmər vasitəsilə ilkin mərhələdə 16 mlrd. kubmetr həcmində qaz nəql etmək nəzərdə tutulur ki, onun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd kubmetri isə Avropaya satılacaq. Gələcəkdə Xəzər hövzəsindəki digər enerji ehtiyatlarının da sözügedən layihəyə cəlb edilməsi nəticəsində kəmərin gücünün 30 mlrd. kubmetrə çatdırılacağı proqnozlaşdırılır.

Nəticələr və mükafatlar

Əlbəttə, forumda müqavilələr imzalanmır, amma imzalanacaq müqavilələrə gedən yolun əsasları qoyulur, müzakirələri aparılır.

Xəzər forumu da Türkiyə və Azərbaycanın - iki qardaş ölkənin iştirak etdiyi enerji layihələrinin perspektivli olduğunu bir daha təsdiqlədi. Avropa dövlətləri və ABŞ-dan, həmçinin bir sıra beynəlxalq təşkilatların xətti ilə İstanbula gələn ictimai-siyasi xadimlər TANAP barədə bəzi dairələrdə səslənən pessimist bəyanatların məntiqi əsaslarının olmadığını, Azərbaycan və Türkiyə hökumətlərinin bu layihənin öhdəsindən öz imkanları hesabına gələ biləcəyini vurğuladılar. Həmçinin onlar Trans Anadolunun NABUCCO-ya alternativ olduğu ilə bağlı irəli sürülən mülahizələrin də həqiqətə söykənmədiyini diqqətə çatdırdılar.

Forumda mükafatlar da təsis edilmişdi: Dövlət adamı, ən yaxşı layihə, idman, sənət və elm mükafatları.

Xəzər Dövlət Adamı - Türkiyənin baş naziri R.T.Ərdoğan;

Xəzər İdman Mükafatını - Nazmiyə Muslu;

Xəzər Sənət Mükafatını – Angelika Akbar;

Xəzər Elm Mükafatını – Svante Korneli aldı.

Xəzər - Ən yaxşı Layihə Mükafatı»nı isə TANAP qazandı və mükafat qardaş malı kimi «bölündü»: Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən isə Enerji və təbii sərvətlər naziri Taner Yıldız mükafatı qəbul etdilər.

Bu qiymətləndirmə Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatının müxtəlif qanadlarını təmsil edən şəxslərin birbaşa təşəbbüsü ilə gerçəkləşdirilən “Beynəlxalq Xəzər forumu”nun ciddi mahiyyət daşıdığını, belə tədbirlərin istər xalqlararası münasibətlərin dərinləşdirilməsində, istərsə də qlobal enerji layihələrində yaxından iştirak edən Azərbaycan və Türkiyənin strateji rolunun bütün dünya tərəfindən dərk olunmasına təkan verdiyini göstərir. Ona görə də tədbirdə iştirak edənlər belə forumların mütəmadi keçirilməsini və zamanın çağırışları ilə bağlı fikir mübadiləsinin aparılmasını zəruri hesab etdilər. Xəzər Beynəlxalq Forumunun iştirakçı heyəti belə düşüncəni möhkəmləndirir ki, dünya getdikcə daha çox ehtiyac duyduğu enerji problemini həll etməyə imkan verəcək regionlara həssas yanaşmağa başlayıb. Və bu həssaslıq qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini zərurətə çevirir.

İstanbula toplaşan tanınmış siyasətçilər, iqtisadçılar, dövlət xadimləri öz açıqlamaları ilə enerji məsələsinin aktual gündəlikdə olduğunu, Azərbaycan və Türkiyənin bu prosesdə ön sıralarda getdiyini bildirdilər. Xəzər Beynəlxalq Forumunun mütəmadi təşkili, hər 2 ölkədən olan müxtəlif peşə sahibləri ilə yanaşı beynəlxalq mütəxəssislərin qarşılıqlı təmasların vacibliyini bəyan etməsi də ondan xəbər verir ki, bu istiqamətdə ardıcıl işlərin görülməsinə həm ciddi ehtiyac, həm də böyük potensial var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1679

Oxşar yazılar