Azərbaycan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib – FOTO
08 dekabr 2012 16:02 (UTC +04:00)

Azərbaycan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib – FOTO

0
Dekabrın 7-də Azərbaycan və Fransa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Fransa nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Erik Furniye başçılıq ediblər.

Görüşdə Azərbaycan və Fransa arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Fransalı rəsmi cari il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəsinə səfərlərini xatırlayıb, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə olduqca müsbət töhfə verdiyini xüsusilə vurğulayıb. Xələf Xələfov isə Fransa nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Ölkəmizdə təmin olunmuş stabillik və aparılan uğurlu islahatlardan danışan Xələf Xələfov ölkəmiz və bütövlükdə region üçün təhdid və təhlükə kimi Ermənistan Azərbaycan münaqişəsini göstərib. Ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirən xarici işlər nazirinin müavini 20 il davam edən danışıqların nəticə vermədiyini qeyd edib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qeyri konstruktiv mövqe nümayiş etdirir, bu, danışıqlar prosesinə zərbə vurur. Ermənistanın beynəlxalq hüquqa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymur. Xələf Xələfov qeyd edib ki, konstruktiv mövqe nümayiş etdirməsi üçün bu ölkəyə təzyiqlərin artırılması vacibdir. O, danışıqların danışıqlar xətrinə aparılmamasının zəruri olduğunu və ATƏT-in Minsk Qrupunun fəaliyyətini işğal olunmuş ərazilərin azad olunmasına yönəlməli olduğunu Fransa tərəfinin diqqətinə çatdırıb. Xələf Xələfov bununla bağlı ciddi əməli addımların atılmasının zəruri olduğunu söyləiyb.

Görüş zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ölkələrimiz arasında qarşılıqlı səfərlərin sayının artırılması vacib sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar