ATƏT  Şurasında Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
05 dekabr 2012 20:17 (UTC +04:00)

ATƏT Şurasında Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

0
ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının sabah Dublində işə başlayacaq 19-cu iclasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə mütləq toxunulacaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in mətbuat katibi vəzifəsini icra edən Frane Maroyeviç bildirib.

Onun sözlərinə görə, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında yaranmış vəziyyətdən narahatdır: “Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmon Gilmor da bu ilin yayında Bakı və İrəvana səfəri zamanı dilə gətirib. ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupunun səylərini dəstəkləməyə hazırdır”.

F.Maroyeviç xatırladıb ki, bu il ATƏT-ə sədrlik edən İrlandiya münaqişələrin həllini öz prioriteti elan edib və bu sahədə öz təcrübəsini bölüşmək üçün bir sıra tədbirlər keçirib: “Təbii ki, bütün münaqişələr eyni xarakterli deyil və bu səbəbdən onlardan birinin həll yolunu olduğu kimi digərinə tətbiq etmək mümkün deyil”.

Mətbuat katibi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında iştirak edəcəyini desə də, onların iclasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə nazirlər səviyyəsində görüş keçirib-keçirməyəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib. Onun sözlərinə görə, iclasda əsas müzakirə mövzusu insan haqları, transmilli təhlükələr, insan alveri və kibertəhlükəsizliklə mübarizə olacaq. Toplantıda ATƏT üzvü olan ölkələrin 50-dən artıq naziri və nazir müavini, o cümlədən ABŞ dövlət katibi Hillari Klinton, Rusiya xarici işlər naziri Sergey lavrov, Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar