Mexikoda Heydər Əliyevin abidəsi önündə etiraz aksiyası – FOTO
27 noyabr 2012 19:18 (UTC +04:00)

Mexikoda Heydər Əliyevin abidəsi önündə etiraz aksiyası – FOTO

APA-nın məlumatına görə, aksiya Latın Amerikası Azərbaycanlıları Assosiasiyası tərəfindən və qurumun sədri, professor Natiq Atakişiyevin təşkilatçılığı ilə keçirilib.

Aksiya iştirakçıları və mətbuat nümayəndələri qarşısında çıxış edən professor N. Atakişiyev Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan tarixində, həmçinin beynəlxalq əməkdaşlıq üçün böyük xidmətlər göstərdiyini bildirib, xatirəsinə hörmət və ehtiramla yanaşmağın vacibliyini söyləyib.

N. Atakişiyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Heydər Əliyevin abidəsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidə ilə əlaqədar Mexiko şəhər hökuməti tərəfindən yaradılmış üç nəfərdən ibarət Təhlil Komissiyasının şəhər hökumətinə verdiyi tövsiyələrlə əlaqədar Meksika və Latın Amerikasında yaşayan Azərbaycan icması dərin narahatlıq hissləri keçirir və bu kimi addımların iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyini sual altına ala biləcəyini diqqətə çatdırır.

Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə birgə kütləvi aksiya zamanı “Təhqirlərə son! Azərbaycana hörmət!”, “Milli dəyərlər simvollarına hörmət və tolerantlıq!”, “Ebrard, imzaladığın sazişlərə hörmət et!”, “Digərinin hüququna hörmət sülh deməkdir” şüarları səsləndirilib, plakatlar qaldırılıb.

Kütləvi aksiyanın sonunda N.Atakişiyev Latın Amerikası Azərbaycanlıları Assosiasiyası və Azərbaycan icması adından Mexiko şəhərinin meri Marselo Ebrarda ünvanlandığı açıq məktubu oxuyub və mətbuat nümayəndələrinə təqdim edib.

Qeyd edək ki, Təhlil Komissiyasının şəhər hökumətinə Heydər Əliyevin heykəlinin sökülməsi barədə tövsiyə verib. Abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. İmzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır. Tövsiyə açıqlandıqdan sonra “RİA Novosti” agentliyinə müsahibə verən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bəyan edib ki, heykəl götürülsə, Azərbaycan Meksikada 4 milyard dollar həcmində investisiya layihələrini reallaşdırmaqdan imtina edəcək: “Heykəl götürülsə, heç şübhəsiz ki, bu, ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olacaq. O cümlədən nəzərdə tutulan investisiyalar reallaşmayacaq. Ən axırıncı tədbir isə Azərbaycan səfirliyinin bağlanması olacaq”.

İ. Muxtarov deyib ki, Azərbaycanın Mexikodakı səfirliyi eyni zamanda altı Latın Amerikası ölkəsindəki diplomatik təmsilçilik funksiyasını yerinə yetirir. Bu da o deməkdir ki, səfirlik Mexikodan çıxarılsa, həmin ölkələrin birində yerləşdirilə bilər. Bununla belə, İ.Muxtarov iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən söhbət getmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2990

Oxşar yazılar