İsrail və Fələstinin Azərbaycandakı səfirlərindən Qəzza şərhi
20 noyabr 2012 15:03 (UTC +04:00)

İsrail və Fələstinin Azərbaycandakı səfirlərindən Qəzza şərhi

“Ötən həftə HAMAS terror təşkilatı tərəfindən İsrail ərazisindəki məktəblərə, xəstəxanalara, uşaqlara istiqamətlənmiş mindən çox raket atılıb. İsrail öz vətəndaşlarını müdafiə etməlidir. Bu, hökumətin vəzifəsidir, bu əməliyyat da İsrailə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq məqsədilə keçirilir”.


İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz noyabrın 14-dən Qəzza sektorunda keçirilən “Buludlu sütun” əməliyyatını APA-ya eksklüziv olaraq belə şərh edib.
Səfir bildirib ki, əməliyyatın əsas məqsədləri bir-iki aylıq deyil, uzun müddətə sabitliyə nail olmaq, həmçinin HAMAS tərəfindən uzaq mənzilli raket təhlükəsini minimuma endirməkdir: “Bu dəfə onlar Tel-Əvivə və üç səmavi din üçün müqəddəs sayılan Yerusəlimə zərbələr endirirlər. Biz Fələstin xalqı ilə deyil, bizim üçün əsas təhdid olan HAMAS terror təşkilatı ilə mübarizə aparırıq”.

Diplomat Qəzza sektoruna humanitar yüklərin həmişəki kimi İsrail ərazisindən çatdırıldığını deyib.

Səfir qeyd edib ki, İsrail yalnız terrorçulara zərbə endirməyə çalışır: “Onlarla bizim aramızda fərq budur. Onların hədəfi dinc sakinlər, bizim hədəfimiz isə terrorçulardır. O terrorçular ki, dinc əhali arasında gizlənirlər, bu isə beynəlxalq hüquqa görə cinayət sayılır. Biz hər həlak olan günahsız fələstinliyə görə təəssüf hisi keçiririk və əməliyyatı cərrah dəqiqliyi ilə həyata keçirməyə çalışırıq. Lakin bu, müharibədir”.


Səfir hesab edir ki, İsrail tərəfdən qurbanların sayının az olmasına “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi kömək edib: ““Dəmir günbəz” İsrailə atılmış mindən artıq raketdən 300-ə yaxınını vura bilib. Lakin təsəvvür edin, birdən bizə bu cür sistem olmayaydı? Onda dağıntılar və tələfat qat-qat artıq olardı. Biz müharibə deyil, sülh istəyirik. Lakin bu cür şəraitdə, mühasirə şəraitində yaşayırıq. Biz Qəzza sektorunu 2005-ci ildə tərk etmişik, bu torpaqlardan çıxmışıq və düşünürdük ki, sülh bərqərar olacaq. Bunun əvəzində müharibə ilə üzləşdik”.

Diplomat HAMAS-ın İsrail ərazilərinə raket zərbələrini davam etdirəcəyi təqdirdə ordunun keçirdiyi əməliyyatın miqyasının genişlənəcəyi, yerüstü əməliyyatların başlayacağı variantının gündəmdə olması məlumatını təsdiqləyib: “Bəli, bu, variantlardan biridir və məqsəd İsrailə qarşı hücumlara yol verməməkdir”.


Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim hesab edir ki, Qəzza sektorunda vəziyyətin gərginləşməsinin iki əsas səbəbi var. O, APA-ya eksklüziv müsahibəsində bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu bununla noyabrın 29-da Fələstinin BMT-yə müşahidəçi statuslu üzv qəbul olunmaq niyyətinin qarşısını almaq istəyir: “İkinci səbəb isə seçkilərdir. İsraildə seçkilər yanvarda keçiriləcək. Netanyahu yenidən seçilmək istəyir, bu əməliyyat isə ona özünü sərt və güclü siyasətçi kimi göstərməyə imkan verəcək. Bu iki həyasız məqsədin əvəzini isə din sakinlər, uşaqlar və qadınlar ödəyir. Hazırda Qəzza sektorunda vəziyyət faciəlidir. İndiyədək ölənlərin sayı 110 nəfərə çatıb, bombardmanlar davam edir, Qəzza sektoru dünyada əhalinin ən sıx məskunlaşdığı bölgələrdən biridir. Buna görə də, hansı əməliyyat keçirilirsə-keçirilsin, bu, istənilən halda dinc əhaliyə öz təsirini göstərir. Həlak olan 110 nəfərdən 28-i uşaq, 14-ü qadın, 13-ü yaşlı insandır. Eyni zamanda onsuz da 2008-ci ildə dağıdılmış infrastruktur yenidən darmadağın edilir. Ümidvarıq ki hərbi əməliyyatlar tezliklə dayandırılacaq. Axı bu əməliyyatlar dinc fələstinlilər kimi, İsrail vətəndaşlarına da təsir edir”.

Səfir Qəzza sektorunda yaşayanların hərbi əməliyyatdan əvvəl blokada vəziyyətində olduqlarını diqqətə çatdırıb: “İki-üç ay əvvəl BMT Qəzza sektorunda vəziyyəti öyrənərək hesabat hazırlayıb. Qəzza yaxın 10-15 il ərzində insan yaşamayan yerə çevrilə bilər. İnfrastruktur dağıdılıb, səhiyyə sahəsində problemlər var, Qəzza sektorunda yaşamaq çox çətindir”.

Səfir Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın heç vaxt İsrailə raket atılmasını təqdir etmədiyini deyib: “Biz bunu düzgün saymırıq. Lakin indiki vəziyyətdən danışırıqsa, bu dəfə münaqişənin eskalasiyası İsrail tərəfdən başlayıb. İsrail və danışıqlarda HAMAS-ı təmsil edən Misir arasında müəyyən qarşılıqlı anlaşma yaranmışdı, lakin HAMAS-ın silahlı qanadının rəhbəri öldürüldükdən sonra vəziyyət yenidən gərginləşib”.

Səfir hesab edir ki, İsrailin baş naziri B. Netanyahu danışıqlar aparmaqda maraqlı deyil və Şərqi Qüdsdə məskunlaşma siyasətini davam etdirir: “Yürütdüyü ideologiya Netanyahunun gözlərini kor edib. O, baş nazir olduqdan sonra bütün danışıqlar prosesini dəyişməyə çalışıb. Fələstin rəhbərliyi buna qədər əvvəlki İsrail hökumətləri ilə səmimi danışıqlar aparıb. Netanyahu isə hər şeyə sıfırdan başlamaq istəyir. Təəssüf ki, o, hakimiyyətə gəldikdən sonra sülh prosesinə badalaq vurmaq istəyir. Deməli, problemin kökü HAMAS-da deyil, superdövlət olan İsraildədir”.

Səfir bildirib ki, İsrail həmişə öz hərbi üstünlüyünə güvənə bilməz və Fələstin tərəfi ilə razılığa gəlmək zəruridir: “Fələstin İsraillə digər ərəb dünyası və İslam aləmi arasında körpü rolunu oynaya bilər, dinc yanaşı yaşamaq yeganə üsuldur. Təəssüf ki, reallıqda bunun əksini görürük”.

Xatırladaq ki, İsrail ordusu noyabrın 14-dən “Buludlu sütun” əməliyyatına başlayıb, əməliyyat çərçivəsində HAMAS-ın Qəzza sektorunda yerləşən mövqelərinə aviasiya və artilleriya zərbələri endirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3614

Oxşar yazılar