“Radikal qanad özünü Qərbin gözündən salıb” - MÜSAHİBƏ
19 noyabr 2012 13:58 (UTC +04:00)

“Radikal qanad özünü Qərbin gözündən salıb” - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, bildiyiniz kimi Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurum açıq şəkildə fəaliyyətə başladıqdan sonra adıçəkilən ittifaqın təsisçilərindən biri olan Rüstəm İbrahimbəyov bəzi mətbuat orqanlarında silsilə müsahibələrlə çıxış etməyə, müxtəlif proqnozlar verməyə başlayıb. Rüstəm İbrahimbəyovun müsahibələrindən birində dilə gətirdiyi “dəhşətli inqilab” barədə oncəgörməni necə qiymətləndirirsiniz?

- Bəlkə də Rüstəm İbrahimbəyov yaxşı ssenari müəllifi kimi, ya hansısa dövlətin məkrli ssenariləri barədə məlumatlıdır, ya da belə ssenarilərin hazırlandığını hiss edir. Mən xeyli öncə söyləmişdim ki, onu danışdıran özünün dediyi kimi vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Təəssüf ki, zaman mənim haqlı olduğumu sübuta yetirir. Moskvada bilirlər ki, Azərbaycanda Ukrayna və Gürcüstan ssenarisi keçərli deyil. Ona gorə də 1993-cü il Gəncə qiyamını başqa formada təkrar edə bilərlər. Məsələn, Quba-Qusar, yaxud Balakən-Zaqatala zonasını nəzarətdən çıxartmaq və bu zaman İbrahimbəyov kimilərdən Bakıda və digər rayonlarda dəstək almaq yolu ilə...

- Sizə elə gəlmir ki, İctimai Palata xarici güclərin əli ilə hakimiyyətə gəlməyə nəinki pis baxmır, əksinə özünü bu məqsədlə təklif edir?

- Təəssüf ki, bu, belədir. Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı. Onlar göstərdilər ki, nəinki milli deyillər, həm də hakimiyyətə gəlmək üçün lazımi qabiliyyətləri də yoxdur. Çünki Rusiyanın son məqsədinin nə olduğunu müəyyənləşdirmək hələ tezdir. Rusiya son gedişlərlə Azərbaycana öz gücünü göstərib güzəşt qoparmaq barədə düşünə bilər, eyni zamanda ABŞ-a imkan verər ki, Avropadakı müttəfiqlərini Rusiya faktoru ilə qorxutsun, onları hakimiyyəti kəskin tənqid etməkdən çəkindirsin. Təsadüfi deyil ki, RATI-nin yaranmasından dərhal sonra ABŞ səfiri İlham Əliyevin yenidən seçilməsində heç bir problem olmadığını söylədi. Ona görə də ABŞ-la Rusiyanın Azərbaycanla bağlı iş birliyində olması istisna olunmamalıdır. Rusiya başa düsür ki, indiki Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil. Bunu hakimiyyət üçün ağzı sulananlar da başa düşməlidir.

- Necə düşünürsünüz, RATI-də təmsil olunan milyarder azərbaycanlılar ölkədə siyasi böhran yarada bilərmi?

- Mən “APA”- ya və “Yeni Müsavat” qəzetinə verdiyim mÜsahibələrdə söyləmişdim ki, inanmiram ki, o şəxslər onlardan öz tarixi vətənlərinə qarşı kimlərinsə istifadə etməsinə imkan versinlər. O insanlar ağıllı insanlardır və Azərbaycanda siyasi nüfuzlarının hansı həddə olduqlarını yaxşı bilirlər. Onlar siyasətə baş vursalar bəlli olacaq ki, onları bu işə Kreml zorla qoşur. Bütün hallarda həmin şəxslər öz istəkləri ilə və ürəkdən Azərbaycana qarşı fəaliyyətdə rol almayacaqlar. Bu isə həmin ssenarinin iflasa uğrayacağını bəri başdan şərtləndirir.

- Ölkədəki hazırkı siyasi durumu necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycanda güclü mərkəzləşmiş hakimiyyət var və iqtidar ciddi islahatlar aparmaq fikrindən uzaq görünür. Müxalifət dağınıq vəziyyətdədir. Radikal qanad isə Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyini büruzə verməklə özünü Qərbin gözündən daha da salıb və yəqin ki, Timoşenkonun aqibətini yaşayacaq. O da zamanında Rusiyanın oyunlarına getdi və iflasa uğradı.

- Söylədiklərinizdən belə nəticə çıxarmaq olar ki, ölkədə heç bir dəyişiklik gözlənilmir?

- Növbəti seçkilərə qədər daha öncə söylədiyim kimi ciddi islahatlar gözləməyə dəyməz. Seçkilərdən sonra isə islahatların aparılması qaçılmaz görünür. Qarşıdakı illərdə neftin qiymətinin aşağı düşəcəyi şübhəsizdir. ABŞ özünün neft yataqlarını istismar etməyə başlayır. Bu və Körfəz ölkələrində baş verənlər neftin qiymətini aşağı salacaq. İqtisadiyyatı tamamilə neftdən asılı olan ölkənin islahatlar aparmaqdan başqa yolu qalmayacaq. Dəyişən və demokratikləşən dünya bizi də dəyişməyə və demokratikləşməyə məcbur edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar