Azərbaycan Prezidenti: “Biz öz yolumuzla gedəcəyik... ”
17 noyabr 2012 00:45 (UTC +04:00)

Azərbaycan Prezidenti: “Biz öz yolumuzla gedəcəyik... ”

1992-ci il noyabrın 21-də Azərbaycanda çox əlamətdar və tariuxi hadisə baş verib. APA-nın xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.


Ölkə başçısı Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsini yeni müstəqil dövlət üçün dönüş nöqtəsi adlandırıb.

“O VAXTKI İQTİDARIN BACARIQSIZLIĞI, XƏYANƏTİ NƏTİCƏSİNDƏ...”

Həmin illərin çətinliklərini xatırlayan dövlət başçısı “çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı” deyib.

Ölkə başçısı tarixə ekskurs edərək, həmin illərdə Azərbaycan rayonlarının işğal olunduğunu bildirib: “1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, qeyri-peşəkarlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəldilər.

BAKIDA KONFRANSA İMKAN VERMƏDİLƏR

Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 600 minə yaxın üzv var. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaq.

CƏNUBİ QAFQAZIN ƏN BÖYÜK SİYASİ QÜVVƏSİ

Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. 1990-cı illərin əvvəllərində isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdı. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olublar.
Partiyamızın ilk addımları da Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyil ki, 1993-cü ilin yayında -Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.

BU, SİYASİ SİSTEMİN YARADILMASI DEMƏK İDİ

Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanıblar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir.

HEYDƏR ƏLİYEV SİYASƏTİ DAVAM ETDİRİLİR

1990-cı illərdə köklü iqtisadi və siyasi islahatlar zəruri idi. Ancaq o illərdə islahatların hansı istiqamətdə getməsi haqqında müxtəlif fikirlər var idi. Xarici siyasət, onun istiqamətləri ilə bağlı müxtəlif fikirlər var idi. Ulu öndərin müdrikliyi hər bir istiqamət üzrə çox konkret və dəqiq proqramın formalaşmasında çox mühüm rol oynamışdır. Biz bu gün bu yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdur.

Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə də biz demək olar ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir, nümunədir.

Əslində, dövlətçiliyimizin, həm siyasi, həm iqtisadi və ideoloji sahələrdə əsasları 1990-cı illərin ortalarında qoyulub. Ulu öndərin baxışları real konkret proqramlarda öz əksini tapıb. Bizim ideologiyamızın formalaşması çox mühüm məsələ idi. Çünki biz onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışdıq. Əlbəttə, ideoloji çərçivələr çox məhdud idi. Yeni, gənc müstəqil ölkəmizin ideoloji əsaslarının formalaşdırılması məsələsi çox böyük əhəmiyyət kəsb edirdi.

Biz o illəri yaxşı xatırlayırıq və müxtəlif istiqamətlərdə humanitar məsələlərin həlli, Azərbaycan dilinin təbliği ilə bağlı ulu öndərin tarixi xidmətləri var. Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə Heydər Əliyevin təşəbbüsü idi və bu ideologiya bütün cəmiyyəti birləşdirir. Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Həm tarixi keçmişimizi özündə ehtiva edir, eyni zamanda, bizim bu sahədə bugünkü siyasətimizi əhatə edir. Bu istiqamətdə atılan addımlar dünya tərəfindən artıq bilinir və təqdir edilir.

Yəni, hər bir istiqamət üzrə möhkəm əsaslar qoyulmuş və biz bu gün bu əsaslar üzərində inkişaf edirik. Əlbəttə, Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni, partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir.

Biz hesab edirik ki, bu proses bundan sonra da getməlidir. Əlbəttə, partiyamızın çox möhkəm dayaqları, çox güclü əsasları var. Ancaq həyat inkişaf edir, həyat yerində durmur və biz əlbəttə ki, partiya daxilində dünyada gedən prosesləri izləyirik və partiyamızın fəaliyyətinin yeni formalarının axtarışındayıq, onları tətbiq edirik. Bu, bizə imkan verəcək ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında daim üstünlük təşkil etsin.

BİZƏ RƏQİB OLA BİLƏCƏK SİYASİ QÜVVƏ YOXDUR

Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir.

Biz bu gün Azərbaycanda böyük məsələləri həll edirik. Həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolumuz artmaqdadır. Bizim xarici siyasət konsepsiyamızı da ulu öndər Heydər Əliyev qurub. Bu konsepsiya bu gün uğurla icra edilir.

Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilib. Bunun əyani sübutu keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. Böyük rəqabət şəraitində, eyni zamanda, böyük dəstəklə biz bu yerə layiq olmuşuq. Bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayıb. Bu rol dünya birliyi tərəfindən qiymətləndirilir. Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyim yanaşmamız, - yəni, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik, - həyatda öz əksini tapır. Bizim namizədliyimizi 155 ölkə dəstəkləyib. Bu hadisə xarici siyasətimizin nə qədər düzgün və səmərəli olduğunun bariz nümunəsidir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olarkən biz dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışıq.

Bu dəstək dərhal Qoşulmama Hərəkatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycan mövqeyini əks etdirən qətnamədə də öz əksini tapıb.

Qeyd etmək istəyirəm ki, xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz öz səylərimizi davam etdirəcəyik və davam etdiririk. Bir daha demək istəyirəm ki, mövqeyimiz çox möhkəmdir, beynəlxalq hüquqa, tarixə, ədalətə və artan gücümüzə əsaslanır. Biz danışıqları aparırıq, eyni zamanda, hərbi gücümüzü artırırıq və artıracağıq.

Bu gün Ermənistan ilə Azərbaycan arasında yaranmış uçurum artıq çox böyükdür, gündən-günə genişlənir. Azərbaycan ildən-ilə güclənir və möhkəmlənir. Ermənistan isə ildən-ilə zəifləyir və tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə müşahidə olunan kütləvi köç, insanların köçməsi bunun əyani sübutudur.

ERMƏNISTANI TƏCRİD ETMƏK ÜÇÜN BUNDAN SONRA DA SƏY GÖSTƏRƏCƏYİK

Biz Ermənistanı təcrid etmək üçün bundan sonra da səylərimizi göstərəcəyik. Bu siyasətin nəticələri vardır. Biz bu nəticələri görürük. Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda bundan sonra da ifşa edəcəyik. Bizim dünyadakı dostlarımızın sayı artır. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz indi xarici ölkələrə müxtəlif istiqamətlər üzrə investisiya qoyuluşuna başlamışıq. Bu, yeni prosesdir. Biz bu prosesi gücləndirəcəyik. Beləliklə, bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr gələcəkdə daha da möhkəm olacaqdır. Artıq üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb. Bu proses artıq başlanmışdır və davam etdiriləcək. Çalışmalıyıq ki, Xocalı soyqırımını maksimum dərəcədə müxtəlif ölkələrdə soyqırımı kimi tanıtdıraq. Yəni, ortamüddətli və uzunmüddətli perspektiv baxımından Azərbaycanın ərazi bütövlüyünün bərpası heç kimdə şübhə doğurmur. Nə bizdə, nə də ki, bu məsələ ilə məşğul olan vasitəçilərdə. Məhz ona görə də biz hesab edirik ki, son zamanlar beynəlxalq vasitəçilər məsələnin həllində daha da böyük fəallıq göstərirlər. Çünki hamı yaxşı bilir ki, Azərbaycanın artan siyasi- iqtisadi və hərbi gücü məsələnin birdəfəlik Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaq.

Biz, bir daha demək istəyirəm ki, danışıqlar prosesində iştirak edirik. Ancaq bununla bərabər bütün başqa tədbirləri görürük, bütün başqa variantlara hazırıq. Azərbaycanın, bir daha demək istəyirəm ki, çox möhkəm hüququ, tarixi və siyasi əsasları var. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələnin həlli məhz bu prinsiplər əsasında ola bilər.

İNSANLARA BU QƏDƏR ƏZAB, İŞGƏNCƏ VERMƏK OLMAZ

Bakıda hər həftə keçirilən beynəlxalq tədbirlər, forumlar, Azərbaycanı və onun paytaxtını təkcə regional mərkəzə çevirməyib, ölkəmiz qlobal dünya xəritəsində ciddi mərkəzə çevirilib. Hər şey müqayisədə meydana çıxır. Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır, öz etirazını bildirir. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür, əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik.

Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır. Bu məsələlər öz həllini ancaq bu yolla tapmalıdır. Yəni, bu kütləvi narazılığın səbəbləri var. Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir. Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilməyən, bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girmiş və böyük dərəcədə borclanmışlar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir.

Bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir, bu rəqəm gənclər arasında 50 faizə çatır. Azərbaycanda isə işsizlik 5,3 faiz, yoxsulluq isə 7,6 faizdir. Beynəlxalq nüfuza malik olan əsas reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salır, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Yəni, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətli iqtisadiyyatdır. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz. Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.

ONLAR İQTİDARDA QALSAYDI…

Bu yol 1992-ci ilin noyabrında başlayıb. Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi. Çünki onların cəmi bir il ərzində talançı, rüsvayçı, biabırçı hərəkətləri artıq Azərbaycan xalqını o həddə çatdırmışdı ki, bir il də dözə bilməyərək onları süpürüb tarixin arxivinə göndərdi.
1992-ci ildə əslində bugünkü reallıqların əsasları qoyulub və biz bunu unutmamalıyıq, bunu daim xatırlamalıyıq. Heydər Əliyev siyasətinin gücü, eyni zamanda, ondan ibarətdir ki, ondan sonrakı dövrdə - doqquz il ərzində bu siyasət yaşayır. Azərbaycan xalqının qəlbində onun xatirəsinə olan hörmət və məhəbbət yaşayır. Azərbaycanın hər bir bölgəsində onun tərəfindən başlanmış islahatlar özünü büruzə verir.

2003-2005-Cİ ILLƏRDƏ HAKIMIYYƏTI DEVIRMƏK CƏHDLƏRI OLDU

Əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvləri, biz hamımız ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün öz səylərimizi qoymuşuq. Bu, təbiidir, bu elə də olmalıdır. Ancaq əsas məsələ ondan ibarətdir ki, biz bu siyasətdən kənara çıxmamışıq. Baxmayaraq ki, bizə qarşı təzyiqlər də, təxribatlar da oldu. Biz o illəri yaxşı xatırlayırıq. 2003-2005-ci illərdə əslində qanuni seçilmiş hakimiyyəti devirmək cəhdləri oldu. O cəhdlərin bir ucu xarici antiazərbaycan dairələrinə gedib çıxır. Biz o tarixi yaxşı bilirik. Ancaq Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı o vaxt böyük müdriklik, təmkin və qətiyyət göstərərək müstəqil Azərbaycanın uğurlu inkişafını qorudu, müdafiə etdi.

ƏGƏR KİMİNSƏ XƏSTƏ BEYNİNƏ GÜCÜMÜZÜ SINAMAQ FİKRİ GƏLƏRSƏ…

Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq. Biz, yenə də deyirəm, Azərbaycan xalqının iradəsinə əsaslanaraq öz siyasətimizi aparırıq və bu siyasət nəticə etibarilə konkret rəqəmlərlə, konkret işlərlə ölçülür. Bizim işlərimizin böyüklüyü o qədərdir ki, onları gizlətmək mümkün deyildir. Bakıya gələn hər bir qonaq Bakıya heyran qalır, Bakıya vurulur. Bakıda gedən inkişafı görməmək mümkün deyildir. Adam gərək gözünü bağlasın ki, bunu görməsin.

Bölgələrdə də vəziyyət çox müsbətdir, ürəkaçandır - hər yerdə canlanma, hər yerdə inkişaf, quruculuq, abadlıq. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu islahatların aparılması üçün çox böyük həvəs, çox böyük maraq, cəmiyyətdə böyük ruh yüksəkliyi var. Rayonlar arasında sağlam rəqabət aparılır. Mən rayonlarda tez-tez oluram. Görürəm ki, hər bir rayonda fəallar, icra hakimiyyətinin nümayəndələri çalışırlar ki, onların rayonu daha da gözəl, abad olsun. Yəni, bizim inkişafımız və əslində bütün işlərə yanaşma tərzimiz budur.

İqtisadi vəziyyətimiz çox möhkəmdir. Biz neçə gün əvvəl 2013-cü ilin büdcəsinin layihəsi müzakirə olunarkən bir daha ictimaiyyət gördü ki, bizim nə qədər böyük planlarımız var. Mən iqtisadi sahədə gələcəkdə heç bir problem görmürəm, bu, mümkün deyil. Biz ancaq və ancaq inkişaf yolu ilə gedəcəyik. Siyasi sabitlik tam şəkildə bərqərar olunub. Sosial məsələlər uğurla həll edilir. Mən xarici siyasətlə bağlı bayaq qeyd etdim, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək artıq özlüyündə bir göstəricidir. Bundan əlavə nə isə deməyə ehtiyac yoxdur.

Əlbəttə, bizim enerji siyasətimiz çox müsbətdir, uğurludur. Bu siyasətin təməlini də ulu öndər qoymuşdur. Onun qətiyyəti, müdrikliyi və uzaqgörənliyi sayəsində biz bu gün 1994-cü ildə imzalanmış kontraktın bəhrəsini görürük və ondan sonrakı dövr ərzində onun tərəfindən böyük mübarizə şəraitində, böyük təzyiqlər altında neft kəmərlərinin çəkilişi təşəbbüsləri və reallaşması artıq yeni reallığı ortaya qoydu. Bu gün neft və qaz resurslarımız təkcə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün deyil, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynamağa başlayıb. Bu istiqamətdə gələcək illərdə daha da böyük addımlar atılacaq. Artıq böyük və güclü zəmin var. Bizim tərəfimizdən irəli sürülmüş yeni təşəbbüslər, yeni boru kəmərləri layihələri Azərbaycanın bundan sonrakı onilliklər ərzində uğurlu və sürətli inkişafını təmin edəcək.

Bir sözlə, əgər bugünkü vəziyyəti təhlil etsək və gələcək planlarımızı buna əlavə etsək, görərik ki, Azərbaycan bundan sonra ancaq inkişaf yolu ilə gedəcək.

ONLARIN TƏXRİBAT XARAKTERLİ MİSSİYASININ ÜSTÜ AÇILDI

Gələcəklə bağlı planlarımız çox konkretdir, dəqiqdir. Bu planlar qəbul edilmiş proqramlarda öz əksini tapıb. “Azərbaycan-2020” proqramı qəbul edilib. Orada hər şey açıq-aydın göstərilir. Gələcək inkişafla bağlı cəmiyyətdə də fikir ayrılığı yoxdur. Biz bundan sonra da müasir dövlət kimi inkişaf edəcəyik. Ən qabaqcıl texnologiyaları Azərbaycana gətirəcəyik. Bu yaxınlarda keçirilən VII İnternet İdarəçilik Forumu özlüyündə bir göstəricidir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Görüşdüyüm bütün dəyərli qonaqlar bunu qeyd edir və gördüyümüz işləri yüksək qiymətləndirirlər. Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi, İnterneti idarə edən təşkilatın baş katibi, digər nümayəndələr - onların hamısı Azərbaycanda bu sahədə gedən prosesləri yüksək qiymətləndiriblər. Ancaq elələri də tapıldı ki, ölkəmizə təxribat törətmək üçün gəlmişdilər. Onların təxribat xarakterli missiyasının üstü açıldı. Elə qüvvələr – ermənipərəst, antiazərbaycan və islamofobiya qüvvələri var ki, uğurlarımızı qəbul edə, inkişafımızı həzm edə bilmirlər. Elə qüvvələr var və biz onları tanıyırıq. Ancaq onların səyləri və bizə qarşı qarayaxma kampaniyaları heç bir səmərə verməyəcək. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanda gedən inkişafı gizlətmək və görməmək olmaz. Biz açıq cəmiyyət yaratmışıq. Bizdə bütün azadlıqlar var.

HANSI MƏTBUAT AZADLIĞININ BOĞULMASINDAN SÖHBƏT GEDƏ BILƏR?

Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatıb və biz hər bir kəndə internet xətləri çəkirik. Belə olan halda, hansı mətbuat azadlığının boğulmasından söhbət gedə bilər?! Bu, yalandır, bu, böhtandır. Bu böhtanları yayan, xüsusilə, yüksək vəzifə tutan insanlar utanmalıdırlar ki, onlar böhtanla, yalanla məşğul olurlar. Onsuz da bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyil. Bəlkə 10 il, 20 il bundan əvvəl nəyisə demək, hansısa ölkə haqqında rəy yaratmaq daha da asan idi. Bu gün bu, mümkün deyildir. Azərbaycana yüz minlərlə, milyonlarla xarici qonaq gəlir. Azərbaycan dünyaya çıxıb. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bütün müasir prosesləri izləyirik və bizə sərfəli olan məsələləri Azərbaycanda həll edirik. Ona görə, bu böhtanlar, bu şər, bu iftira bizə yapışmır. Ancaq bu nəyi göstərir? Ancaq onu göstərir ki, bizə qarşı mübarizə bundan sonra da aparılacaq və bu mübarizənin müxtəlif mərkəzləri var.

ERMƏNİ LOBBİSİ BİZİM ƏSAS DÜŞMƏNİMİZDİR

Bu barədə mən əvvəllər də demişəm, bu gün də istəyirəm ki, cəmiyyət də, partiya üzvləri də bilsinlər. Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, heç kimdən çəkinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünki Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır. O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və biz də onlar üçün əsas düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır.

İkinci, antiazərbaycan mərkəzi, islamofobiya xəstəliyinə düçar olmuş qurumlardır, dairələrdir. Onlar da var. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir.

Seçkilərin nəticələrinə baxmaq kifayətdir ki, islamofobiya qüvvələrinin reytinqinin artmasını görmək mümkün olsun. Gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan onlar üçün problemə çevrilib, yəni onların stereotiplərinə sığmır. Onların stereotipləri dünyada müsəlmanları geridə qalmış millət, xalq kimi göstərməkdir. İslam müqəddəslərinin təhqiri, bizə qarşı təxribat xarakterli addımların məqsədi məhz ondan ibarətdir ki, savadsız kütləni hərəkətə gətirsin və ondan sonra kütləvi informasiya vasitələri hesabına onların timsalında dünyaya göstərsin ki, bax, müsəlmanlar belədirlər. Biz bilirik ki, nədir bunun təməlində. Bu, sadəcə olaraq, hansısa qəzetin öz təşəbbüsü, yaxud da ki, sərt addım deyildir. Bu, vaxtı seçilmiş təxribat xarakterli addımlardır, dünyada müsəlmanlara qarşı mənfi fikri daha da möhkəmləndirmək və genişləndirməkdir. Əfsuslar olsun ki, savadsız təbəqələr bu təxribatlara uyurlar, buna uymamalıdırlar. Biz mübarizəni sivil yollarla aparırıq və biz sübut etməliyik və edəcəyik ki, müsəlman aləmində inkişaf var, müasirlik var, mərhəmət var, dözümlülük var ki, bəzi ölkələrdə bu, artıq çatmır.

Əlbəttə, bu qüvvələrin çərçivələrinə bugünkü Azərbaycan elə bil ki, uyğun gəlmir. Necə ola bilər ki, qısa müddət ərzində, iqtisadi-maliyyə böhranına baxmayaraq, Azərbaycan inkişaf edir, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır?! Tolerantlıq, humanitar məsələlərin həlli üçün beynəlxalq tədbirlər keçirilir və özlüyündə Azərbaycan nümunə göstərir ki, müxtəlif xalqların, dinlərin nümayəndələri bir yerdə, dostluq, qardaşlıq şəraitində necə yaşamalıdır. Dərhal bizə qarşı o mərkəzlərdən də hücumlar, təzyiqlər, təxribatlar başlayır və biz bunun təzahürlərini müxtəlif formalarda görürük.

ÖZÜNÜ DÜNYA XƏRITƏSİNDƏ LƏYAQƏTLİ APARMAĞA ÖYRƏŞMƏYİB

Digər dairələr vardır ki, sadəcə olaraq, kimsə özünü dünya xəritəsində ləyaqətli aparmağa öyrəşməyib. Öyrəşiblər ki, müstəmləkə olsun, metropoliya olsun və bu təfəkkürlə yaşayırlar. Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır. Mən nəyə görə bunu deyirəm? Mən bunu deməklə birinci növbədə fikirlərimi bildirmək istəyirəm və mənim dediklərim, sadəcə olaraq, hər hansı bir emosiyalara əsaslanan sözlər deyildir. Bu, mənim son bir neçə il ərzində apardığım dərin təhlilin nəticəsidir. Burada təhlil aparmaq üçün məndə kifayət qədər geniş imkanlar var və beynəlxalq təmaslar, görüşlər, məlumat müxtəlifliyi və sair. Yəni, bu, mənim, necə deyərlər, şüurlu seçimim və fikrimdir. Ona görə ki, bizim cəmiyyətdə də bu cür addımlara çox da böyük reaksiya verilməsin. Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız var. Bu da Azərbaycan xalqıdır.

Bizim artıq güclü dövlətimiz var - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız var. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla! Ancaq biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar