“Nalbandyan Gebbelsin metodu ilə işləməyə başlayıb”
16 noyabr 2012 17:28 (UTC +04:00)

“Nalbandyan Gebbelsin metodu ilə işləməyə başlayıb”

“Hələ sovet kinematoqrafının klassik nümunələri bizim şüurumuzda bu fikri möhkəmləndirib ki, Ermənistanda hər şey unikaldır – su daha şirin, hava daha təmiz, yemək daha dadlıdır.


Lakin indiyədək heç yerdə qeyd olunmayıb ki, bu ölkənin adamları sadəlövhdürlər”. APA-nın məlumatına görə, Prezident Administrasiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Ervard Nalbandyanın “Yol xəritəsi”, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti təşəbbüsü barədə bəyanatını jurnalistlərə belə şərh edib.

“Ermənistanın hər gün məmur özbaşınalıqları ilə, oliqarxların əxlaqsızlığı, qohumbazlığı, rüşvətxorluğu ilə üzləşən sıravi vətəndaşların ölkənin xarici işlər nazirinin uşaq söhbətlərini ciddi qəbul etməsini başqa nə cür izah etmək olar?”

Xatırladaq ki, Edvard Nalbandyan dünən keçirdiyi mətbuat konfransında Azərbaycana “getmiş qatara çatmağı” məsləhət görüb və bununla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe və təkliflərinin 90-cı illərin ortalarında qalaraq köhnəldiyinə işarə vurub.

“Maraqlıdır, Edvard Nalbandyan bugünkü Azərbaycan reallıqlarını ötən əsrin 90-cı illəri ilə müqayisə etməkdə nəyi nəzərdə tutub? İnanmaq çətindir ki, Ermənistanı beynəlxalq aləmdə təmsil edən məmur, Azərbaycanın regional və dünya miqyasında təsirinin artdığını görə-görə, Azərbaycanın inkişaf səviyyəsini aşağı səviyyədə göstərməyə cəhd edir. Ermənistanın xarici işlər naziri öz strategiyalarının bütün istiqamətlərdə iflasa uğradığını hiss edərək “yalan nə qədər dəhşətlidirsə, ona daha asanlıqla inanırlar” sözlərinin müəllifi Yozef Gebbelsin metodu ilə işləməyə başlayıb”.

Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, iqtisadiyyatın dağılması, böyük rəqəmlərlə ifadə olunan xarici borclar, dərin sosial böhran Ermənistan dövlətini süquta aparır: Baxmayaraq ki, biznesmen millət vəkilləri və digər məmurlar bizneslərini öz adlarına rəsmiləşdirmir, Ermənistanda hamı kimin nəyə sahib olduğunu bilir. Xəyalı buludlardan yerə ensə və erməni dövlətinin reallıqlarını görməyə başlasa, Nalbandyan öz vətəndaşlarının hər gün hansı problemlərlə üzləşdiyini görər. Görər ki, rəsmi İrəvanın siyasi şıltaqlıqları ucbatından dünyadan təcrid olunmuş Ermənistan necə deqradasiyaya uğrayır və uçuruma yuvarlanır. “Forbes”in versiyasına görə, Ermənistan iqtisadiyyatı dünyanın ən pis iqtisadiyyatları arasında “fəxri” ikinci yeri tutur“. ”

Elnur Aslanov bəyan edib ki, Ermənistan yalnız inadkarlıq etməklə məşğuldur: “Ermənistan tərəfdən yalnız inadkarlıq görürük, rəsmi İrəvan ölkənin elementar inkişaf göstəricilərinə görə geridə qaldığını, cəmiyyətdə uçurumun dərinləşdiyini etiraf etmək istəmir, bunun nəticəsi olaraq Azərbaycanın erməni milləti üçün təhlükə kimi qələmə verməyə sadəlövh cəhdlər edir. Bu üsul da özünü doğrultmayanda Azərbaycanın danışıqları pozmaqda ittiham edir. Bütün bu faktorlar regionun inkişafı perspektivlərini kardinal şəkildə çətinləşdirir, həmçinin müasir erməni cəmiyyətinin daxili resurslarını tükətmiş olur. İrəvandakı siyasi rejim işğalla bağlı status-kvonu inadkarlıqla saxlamaqla dövlətin və erməni xalqının gələcəyini öz maraqlarına qurban verir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar