Rusiya səfiri Azərbaycanı qarışdırır
15 noyabr 2012 13:45 (UTC +04:00)

Rusiya səfiri Azərbaycanı qarışdırır

Son zamanlar Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaranması, bunun ardınca Moskvada Dağıstan xalqlarının, özəlliklə ləzgi və avarların yenidən təşkilatlandırılması cəhdləri Rusiyanın Azərbaycanla bağlı siyasətdə heç də səmimi olmadığını iddia etməyə əsas yaradır. Ötən ay Moskvada “Prezident hotel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfransın keçirilməsi isə artıq şimal qonşumuzun ölkəmizdə separatçı meylləri gücləndirmək üçün tədbirlər gördüyü qənaətini gücləndirir.
Məlumata görə, həmin konfransda Moskvada fəaliyyət göstərən ləzgi və avar cəmiyyətlərinin rəhbərləri və fəalları, erməni və ermənipərəst rus ziyalıları Azərbaycanda ləzgilərin və avarların hüquqlarının pozulduğunu iddia etməklə yanaşı, onlara müəyyən çərçivədə muxtariyyət verilməli olduğu tələbini irəli sürüblər. Konfransın siyasi əhəmiyyətini artıran başqa bir fakt isə orada Rusiya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Federal Miqrasiya Xidməti və Federal Sərhəd Xidmətindən nümayəndələrin iştirak etməsi olub.

Konfransda Azərbaycan və Dağıstanda yaşayan ləzgi və avarların problemləri müzakirə edilib. Qərara alınıb ki, Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqları açılsın, Rusiyanın Azərbaycandakı səfirliyində ləzgi və avarların hüquqları üzrə müşavirlik fəaliyyət göstərsin.

Ekspertlər Moskvadakı konfransı həm də “Sadval” separatçı təşkilatının yenidən dirçəldilməsi cəhdi kimi qiymətləndirirlər. Çünki bu ilin iyununda Rusiya Prezidenti yanında Etnik Məsələlər Şurasına iki ləzgi - Arif Kərimov və Qajimet Safaraliyev üzv təyin edilib. Lakin sayca ləzgilərdən çox olan digər Şimali Qafqaz xalqlarının nümayəndələri 50 nəfərlik şuraya daxil edilməyib. Məlumata görə, ləzgi iş adamı, milyarder Suleyman Kərimova lobbi təşkilatlarının maliyyə məsələlərinin həlli tapşırılıb.

“Yeni Müsavat”a daxil olan son məlumatlar təsdiq edir ki, artıq Rusiyanın Azərbaycandakı səfirliyi də bu prosesə cəlb edilib. Zaqatalada yerli mənbəmizdən aldığımız məlumata görə, noyabrın 13-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 nəfərlik nümayəndə heyəti ilə bu rayona səfər edib. “Naib” restoranında onları Balakən rayon sakini, əvvəllər “Avar” cəmiyyətinin sədri olmuş Məmməd İsayev, Zaqatalada yaşayan, milliyyətcə saxur olan Mübariz İsmayılov, Dağıstanda nəşr olunan və Azərbaycana qarşı yazıları ilə ad çıxarmış “Nur” qəzetinin əməkdaşı Şərif Şamxalov, rayon və bölgə səviyyəli ictimai tədbirlərdə xüsusi fəallıq göstərən və separatçı kimi tanınan, milliyyətcə avar Əyyub Canqayev qarsalayıblar. Mənbəmiz bildirir ki, onlar gecə saat 12-yə kimi restoranda olublar və sonra hotelə qayıdıblar.

İnternetdə qısa araşdırma zamanı onu da müəyyən etdik ki, son zamanlar Moskvada fəaliyyət göstərən “Talış Mədəniyyətinin Dirçəlişi” Beynəlxalq Fondunun rəhbəri Fəxrəddin Abbaszadə və ümumilikdə onun mənsub olduğu qrup fəaliyyətini daha da aqressivləşdirib. F.Abbaszadə, həmçinin onun və yaxın ətrafının nəzarətində olan internet saytlarında Azərbaycana qarşı kəskin tənqidi materialların sayı artıb, separatçı ideyaların təbliği güclənib. Ehtimal etmək olar ki, Moskva həm də Azərbaycanın cənub bölgəsində separatçı meylləri gücləndirmək üçün Rusiyada fəaliyyət göstərən, özlərini guya talışların hüquqlarının müdafiəçisi kimi qələmə verən, əslində isə ermənilərlə yaxından əməkdaşlıq edərək konkret sifarişlər yerinə yetirən şəxsləri və qrupları aktivləşdirmək istəyir.

Rusiya səfirinin Azərbaycanın qərb bölgəsində milliyyətçi və separatçılığa meylli şəxslərlə görüşü və digər faktlar bir daha təsdiq edir ki, rəsmi Moskva Azərbaycanda yeni etnik münaqişə ocaqları yaratmaq üçün əməli fəaliyyətə keçib. Ekspertlər hesab edir ki, Moskvada “Prezident hotel”də keçirilmiş konfransın qərarına uyğun olaraq Rusiya səfirinin yaxın zamanlarda Azərbaycanın şimal və cənub bölgələrində peyda olması artıq heç kimdə təəccüb doğurmamalıdır.

Xatırladaq ki, ötən saylarımızda “Sadval xortladı” başlıqlı manşet yazısı dərc etmişdik. Həmin yazıda bu təşkilatın Rusiya hakimiyyəti tərəfindən Azərbaycana qarşı yaradıldığını vurğulamışdıq. Məqalədə o da bildirilmişdi ki, “Sadval”ın yenidən fəaliyyətə başlaması ilə bağlı qərarın Moskvada “Milyarderlər ittifaqı”nın yaranması ilə eyni vaxta düşməsi heç də təsadüf sayılmamalıdır.

Beləliklə, zaman keçdikcə aydın olur ki, şimal qonşumuz ölkəmizə qarşı növbəti separat müharibəyə start verməyə hazırlaşır. Bunun Azərbaycan üçün hansı fəlakətlərə gətirib çıxaracağını isə söyləməyə ehtiyac yoxdu. 1988-ci ildə Dağlıq Qarabağda Rusiyanın ermənilərin əli ilə başladığı etnik münaqişə Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasına, xeyli vətəndaşımızın öz tarixi torpaqlarından didərgin düşməsinə səbəb oldu. Biz xalq və dövlət olaraq hələ də bu dəhşətdən qurtula bilmirik. Sərhədlərimiz daxilində növbəti etnik münaqişə ocaqlarının yaradılması Azərbaycana daha böyük fəlakətlər, faciələr yaşada bilər.


(yazı musavat.com saytından götürülüb)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6552

Oxşar yazılar