YAP-çı deputatlardan sosial sahəyə dəstək
13 noyabr 2012 18:36 (UTC +04:00)

YAP-çı deputatlardan sosial sahəyə dəstək

Bu gün günün ikinci yarısında Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam edib.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Əli Məsimli hökumətin iqtisadi konsepsiyasının dəyişməli olduğunu, neftdən insan kapitalına əsaslanan iqtisadiyyata keçilməli olduğunu söyləyib.

Əli Məsimli bildirib ki, bu il 93 manat ehtiyac meyarı, 116 manat yaşayış minimumu, 40-50 manat civarında müavinətlər müəyyənləşdirilib: “Müavinətlərin bu qədər aşağı, ədalətsiz olması ilə bağlı dövlət strukturları hökumətə hansı təkliflər verir? Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, neftdən kənar kifayət qədər imkanlarımız var. Bu imkanlardan necə istifadə edilir? Neft pullarını kənara qoyanda, büdcəmiz 7 milyard manat olacaq. Əlaqədar təşkilatlar yaxın illərlə bağlı hansı kompleks tədbirlər hazırlayıblar? Gələn il büdcənin artım tempi ümumdaxili məhsul tempini 2-3 dəfə ötəcək. Bu, inflyasiya təzyiqi yarada bilər. Hökumət tədbirlər görməlidir ki, maaşların artırılması işbazların cibinə yox, insanlara getsin. Sosial ipotekada məbləğin 30 min manatdan 50 min manata qədər artırılması, sosial ipotekalarda faizin 4 faizdən 2 faizə endirilməsi, ümumiyyətlə, ipoteka kreditlərinin həcminin artırılması yaxşı olardı. Digər tərəfdən, prezident 2013-cü ilin sonlarına qədər ölkədə qazlaşdırma işlərinin başa çatdırılmasını tapşırıb. Ancaq qrafikdən kənara çıxmalar, gecikmələr çoxdur. Mən inanmıram ki, bu gedişlə 2013-cü ildə bu iş başa çatsın”.

Əli Məsimli BP ilə bağlı problemdən sonra 2013-cü illə bağlı neft hasilatı ilə əlaqədar proqnozun nə dərəcədə dəyişib-dəyişməyəcəyi ilə də maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva elmi işçilərə cüzi vəsait ayrılmasından şikayətlənib və bu kateqoriyadan olan insanların əməkhaqlarının artırılmasını istəyib. Onun sözlərinə görə, Azərbaycan alimlərinə, şairlərinə məxsus olan əlyazmalar xarici kitabxanalarda, fondlarda saxlanılır: “Biz o əlyazmaların surətlərini ölkəmizə gətirməliyik”.

Təhsil və səhiyyə işçilərinin maaşlarının artırılması ilə bağlı söylənilənləri dəstəklədiyini dilə gətirən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov müəllimlərin sayının normativdən çox olduğunu, təhsildə islahatlar aparılması ilə bu gün ayrılan vəsait hesabına müəllimlərin əməkhaqqının artırılmasına nail oluna bilinəcəyini qeyd edib. Onun sözlərinə görə, hər 10 ildə Azərbaycanda əhali 1 milyon nəfər artır, 90 min ailə qurulur: “Deməli, hər il 90 min mənzil tikilməlidir. Mən partiyalara ayrılan vəsaitin də iki dəfə artırılmasını zəruri sayıram”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov da elmə böyük diqqət göstərilməsi fikri ilə razılaşdığını, ancaq elmin tətbiqi xarakter daşımalı olduğunu söyləyib: “Biri Füzulini qəzəlini özü üçün götürüb elmlər namizədliyi müdafiə edirsə, ayda 250 manat alırsa, bu düzgün deyil. Elm tətbiqi xarakter daşımırsa, nə xeyri var? Kosmik Tədqiqatlar İnstitutu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birləşsə, bəlkə xeyri olar. Yoxsa öz otağında oturub, nə edəcək? Azərbaycanda müəyyənləşdirə bilmirdilər ki, Qurban bayramı nə vaxtdır. Nəsrəddin Tusi adına Şamaxı Rəsədxanası ora-bura baxdı, bir söz deyə bilmədi. Bu yaxınlarda Tatarıstan müftisi dedi ki, Qurban bayramı tramvay deyil ki, o tərəfə, bu tərəfə getsin, bir dəfə gəlir, bir dəfə gedir. Ona görə də lap büdcənin 100 faizini elmə ayıraq, əgər praktikada tətbiq olunub bəhrə vermirsə, heç bir xeyri yoxdur”.

Siyavuş Novruzov nazirliklərdə nazirlərin təyin etdikləri icra aparatlarının rəhbərlərinə geniş səlahiyyətlər verilməsinə də toxunub: “Belə olmaz. Prezidentin təyin etdiyi nazir müavinləri icra aparatının rəhbərindən icazə alırlar. Orduya ayrılan vəsait çoxdur, ancaq sosial məsələlərə diqqət yetirilməlidir. Ezamiyyətə gedən hərbçiyə 50-70 manat verilir ki, ailəsinə kirayə tutulsun. Harada bu vəsaitə ev kirayə tutulur?”

Siyasi partiyalara vəsaitin iki dəfə artırılmasını dəstəklədiyini qeyd edən Siyavuş Novruzov Fazil Mustafanın söylədiklərinə də toxunub: “Yeni Azərbaycan Partiyasını əlbəttə, xalq dəstəkləyir. Belə də olmalıdır. Xalq dəstəkləməlidir ki, başqalarının cibinə baxmaqdan əl çəkib dövlət büdcəsinə baxsınlar. Digər tərəfdən, hər iki valideyn çalışırsa, uşaq bağçaya qoyulursa, yaxşı qidalanmalıdır. Ona görə də uşaq bağçalarına ayrılan vəsait artırılmalı, kifayət qədər vəsait verilməlidir”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar