“Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar”
12 noyabr 2012 14:45 (UTC +04:00)

“Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar”

Ukrayna Ali Radasında keçirilən tədbir zamanı Azərbaycan tolerantlıq nümunəsi olan ölkə kimi təqdim olunub. Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bildiriblər.

Ali Radada təşkil olunan “Ukraynada neofaşizm: mif, yoxsa reallıqlar” mövzusunda keçirilən dəyirmi masada irqçilik, ksenofobiya ilə mübarizə müzakirə olunub.

Dəyirmi masada çıxışı zamanı UAK sədri Rövşən Tağıyev bildirib ki, ksenofobiya, irqçilik, terrorizmin təşviqi heç zaman heç bir siyasi qurum üçün alətə çevrilə bilməz. R.Tağıyev Azərbaycanda mövcud olan tolerantlığın bir çox ölkələr üçün nümunə olduğunu bildirib: “Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb”. O həmçinin bildirib ki, irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə Azərbaycana yad olub: “Azərbaycanda formalaşmış tolerantlıq cəmiyyəti səciyyələndirən gözəl bir ənənəyə çevrilib”.

Dəyirmi masada Ukraynanın millət vəkili Vadim Kolesniçenko qeyd edib ki, Ukraynada bir sıra müxalif partiyalar faşizmin qəhrəmanlaşdırılması iddiaları ilə çıxış edirlər.

“İnsan haqları üzrə beynəlxalq komitə” birliyinin sədri İqor Danilov isə Ukraynada bütün neonasist, neofaşist təşkilatlarının fəaliyyətinin qanunvericiliklə qadağan olunması təklifi ilə çıxış edib.

Ukrayna Milli Elmlər Akademiyasının Hüquq, İnstitutunun elmi işçisi Mixail Tovt çıxışında qeyd edib ki, ölkədə KİV-lərdə neofaşist, ksenofobiya, irqçilik mövzularının araşdırılması ilə bağlı müvafiq qurum yaradılmalıdır.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar