Fazil Mustafa: “İndi bunun cavabını yeyəcəklər...” - MÜSAHİBƏ
27 oktyabr 2012 17:00 (UTC +04:00)

Fazil Mustafa: “İndi bunun cavabını yeyəcəklər...” - MÜSAHİBƏ

0
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə köşə yazarları Şahvələd Çobanoğlu və Hacı Zamin arasında mübahisələr artıq təhqir müstəvisinə keçib. Nə baş verir? Fazil Mustafa Lent.az-a müsahibəsində bu məsələdə sona qədər gedəcəyini söyləyir...

- Şahvələd Çobanoğlu və Hacı Zaminlə Fazil Qəzənfəroğlu arasında əslində nə baş verir? Bu mübahisələrin kökündə nə durur?

- Bu mübahisə bizim tərəfdən başlamayıb. Bu adamlar əllərində olan köşələrdən istifadə edərək bizi təhqir etmək yolunu tutublar. Çoxları da buna diqqət yetirmir. Biz də indiyə qədər buna baş qoşmamağa çalışsaq da, indi qərara aldıq ki, bu tərzdə mənəvi dəyərləri aşağı olan adamlara qarşı sərt mövqeyimizi ortaya qoyaq və qoyduq. Onların üslubunda mövqe ortaya qoyduq. Yazı ilə dedilər, yazı yazdıq, hansı formada dedilər, o formada da bunu etməyə çalışdıq. Onlar isə tamamilə əndazəni aşaraq bizə qarşı böhtan xarakterli ittihamlar irəli sürməyə başladılar. Burada da bir az media quruluşlarının demokratik olmadığı ortaya çıxdı. Düzdü, əvvəlcə “Yeni Müsavat” qəzeti mənim yazımı verdi. Amma tərəflilik məsələsi sonra yenidən pozulmağa başladı və bir tərəfə bizi tam söymək üçün şərait yaratdı. Təbii ki, “Azadlıq” qəzeti Azər Əhmədovun qəzeti olduğuna görə buradan hər şey gözləmək olurdu. Amma “Yeni Müsavat” qəzeti gərək bu formada davranmayaydı. Ən azından bərabərliyi axıra qədər aparmağa çalışaydı. Hətta öz köşə yazarının qəlbinə dəymək bahasına olsa da, bunu etməli idi. İndi də bizim bu istiqamətdə cavablarımız verilir. Mənim əsas məqsədim tərbiyəvi xarakter daşıyır. Bu adamlar əvvəl-axır tərbiyələnməlidir. Əgər bu adamlar ailədə bunu görməyiblərsə, biz bunu göstərəcəyik. Mən göstərəcəyəm ki, başqalarına hörmətsizlik etmək olmaz. Başqalarının mövqeyini, fikirlərini tənqid etmək olar, amma şəxsiyyətə yönəlik hücumlar yolverilməzdir. Hər halda bunun çərçivəsi var. Bu çərçivəni məsuliyyətsiz formada aşacaqlarsa, bunun cavabını alacaqlar. Bu mübahisəni şəxsən mən başlamamışam, ancaq başlanan təhqirlərə cavab vermişəm.

- Bu məsələyə qayıdacağıq. Ancaq “Yeni Müsavat” qəzetinin tərəfliliyi pozduğunu söylədiniz. Siz qəzetin baş redaktoru Rauf Arifoğlu ilə bu barədə danışmısınızmı? Müraciət etmisiniz, qəzet mövqeyinizimi dərc etməyib?

- Rauf bəylə danışmışıq. Onların mövqeyini dərc edəndən sonra mənə də mövqeyimi demək haqqımı verir və bunu etdi. Amma sonrakı məqamda mən Rauf bəyi də zərbə altında qoymamaq üçün başqa saytda öz fikirlərimi açıqladım. O saytın “Yeni Müsavat”ın saytında banneri var, “Yeni Müsavat”-da yerləşdirildi. Təzyiq edərək, bilirəm hansı formada, onu oradan çıxartdılar. Yəni mən Rauf bəyi zərbə altında qoymamaq üçün “Yeni Müsavat”-da mənə qarşı irəli sürülən ittihamı onun qəzetində cavablandırmadım. Bunun müqabilində buna qarşı da addım atıldı. Buna getməməli idilər, çünki mən onları zərbə altında qoymaq fikrində deyiləm. Hər halda qəzetin öz yazarlarıdır. Amma mövzu elə mövzudur ki, burada ittiham varsa, mütləq cavab da olmalıdır. Bu da demokratik media prinsipinə uyğun addımdır. Əgər bu prinsip gözlənilmirsə, sabah mətbuatına demokratik olub-olmadığı mövzusunda hər hansı çıxışlar olanda, bu barədə deyəcək kifayət qədər sözümüz var. Hesab edirəm ki, bu yazarları bütün parametrlərlə darmadağın edərəm. Onların yaxınları kimdir, nəçidir, bunlarla heç maraqlanmıram və bunu da mövzuya qatmıram. Onlar arqumentsizlikdən mənə qarşı əvvəllər atılan böhtanları təkrar etməyə başladılar. Həmin böhtan sahiblərinin özlərinin də nə vəziyyətə düşdüyünü çox gözəl bilirlər. Belə bir vəziyyətdə belə açıqlamaların verilməsi məsələdə media bərabərliyi hüququnun pozulmasına gətirib çıxarır. Ona görə də mən hər halda mövqeyimi başqa media quruluşlarında kifayət qədər açıq və tərbiyəvi xarakterli bir formada verəcəm.

- Bu məsələni parlament müstəvisinə çıxarmaq niyyətinizi də bildirmisiniz. Bunun formasını necə görürsünüz?

- Adamlar və qəzetlər bizə jest edirlər ki, biz öz əlimizdə kiçik köşə də olsa, bundan istifadə edəcək, sizi söyəcəyik. Mən də qarşılıqlı jest edirəm ki, əlimdə olan bütün tribunalardan sizə qarşı təbii ki, obyektiv, bəlkə də əvvəllər demədiyim formada mövqeyimi bildirəcəm, bundan narazı olmayın. Çünki indiyə qədər bunu etmədiyimə görə görünür ki, bu adamlar azğınlaşıblar və bizə qarşı bu addımları atırlar. Təsəvvür edin ki, hansı yazını yazırıq, o yazıdan istifadə edib, bizi təhqir edirlər. Biz istəyirik ki, Azərbaycan siyasətində müəyyən məsələlərlə bağlı fikir dartışması, müzakirələr açaq. Hətta bizim fikirlərə uyğun olmayan fikirlər də ola bilər. Amma bunun müqabilində şəxsiyyətimizə yönəlik hücumları məqsədyönlü şəkildə davam etdirirlər. Hamısı da əlimizin altından keçən, yanımızda müəyyən mənada kifayət qədər nöqsanları olan adamlardır. halallıq, dürüstlük, kişilik, əqidə və başqa məsələlərdə bizə dərs deməyə çalışırlar. Biz də baxırıq ki, bunlardan məhrum adamların bizə bunu öyrətməyə haqları çatmır. Yaxşı olar ki, bunları, yazdıqlarını da oxuyub öyrənsinlər. O baxımdan da hesab edirəm ki, bu məsələdə güzəştə getmək olmaz. Ola bilər ki, Azərbaycanda çoxları seyrçi mövqedədir ki, əşi, köşə yazarları yazırlar, niyə diqqət yetirirsiniz?! Əvvəl-axır bunları da məcrasına doğru gətirmək lazımdır. Nə mövzuda istəyirsiniz, yazın, insanlara hücum etmək, təhqir etmək sizin haqqınız deyil. Məsələnin əsas kökü budur. Bizə də dirənc göstərdiyimiz əsas məqam buradadır.

- Bu prosesin məhkəmə perspektivini görürsünüz?

- Bu işin məhkəmə perspektivi olacaq, başqa məqamlarda. Çünki Milli Məclisin bütövlükdə hərəmxana adlandırılması məsələsi var. Əgər Milli Məclis üzvləri də buna cavab vermirlərsə, demək, cəmiyyətdə bunu qəbul etmiş kimi hallandıracaqlar. Buna yol vermək olmaz, cavab vermək lazımdır. Məsuliyyətsiz bir köşə yazarı yazır ki, hər kəs məşuqəsini ora deputat təyin edib və bunu da sübut edə biləcəyini deyir. Buyurun, cavabını verin. O qədər belə yaramaz ittihamlar var ki! Mənim rəhmətə getmiş atamla bağlı müəyyən iradlar səslənir. Mən o iradlara cavab vermişəm. Bildirmişəm ki, bu adamların hansı yaxınları, əzizləri atamın otelində zərər çəkmiş vəziyyətdə olublarsa, mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Eləsələr, mən bu məsələni araşdırıb, məsələnin axırına gedib sübut edəcəm ki, onda bu adı özlərinə götürməlidirlər. Bu kimi məsələlərin siyasətə qatılmasının tərəfdarı deyiləm. Bu qədər təhqirlərə kim dözə bilirsə, buyursun! Mən onların qarşısında alnı açıq və öz kimliyinə arxayın bir insan kimi çıxıram. Bunların hamısı müxtəlif məqamlarda yaxın dostlarını satmış adamlardır. Ən kritik məqamda etibarsız adamlardır. Məncə, onların cavabını verməyin vaxtı çatıb. Mən buna bir vətəndaşlıq borcu kimi baxıram.

- Yeri gəlmişkən, Şahvələd Çobanoğlu yazısında Prezident Aparatında işlədiyiniz dövrdə otel sahibi olduğunuzu yazır. Bu məsələyə bir qədər geniş aydınlıq gətirə bilərsiniz?

- Mənim bu məsələlərə heç bir aidiyyatım olmayıb. SSRİ dağılandan sonra atam öz işlədiyi obyekti kooperativ kimi götürüb. Sonradan onu birmərtəbəli kiçik otel və çayxana kimi işlədiblər. Naxçıvanda da qaydalar kifayət qədər sərtdir və bu obyektlər nəzarət altında fəaliyyət göstərir. O obyekt də bütün otellər kimi normal fəaliyyət göstərib. İndi sual ortaya çıxır: Kiminsə oteli varsa, ya Şahvələd Çobanoğlu, yaxud Zamin Hacı gedib hansısa oteldə yaxınları ilə qalıbsa, orada problemmi yaşamış sayılır?! Yəni oteli olmaq o deyil ki, insanlara istənilən sözü deyəsən. İndi də faktiki ora otel kimi fəaliyyət göstərmir. Əshabi-Kəhfə ziyarətə gedənlər ailəli gedib orada qalır, qurbanlarını kəsib, ziyarətə gedirlər. Orada bir çayxana da fəaliyyət göstərir. Bunun qətiyyən mənə dəxli yoxdur, heç onun ərazisində də bir dəfə olam, ya olmayam. Demək istədiyim odur ki, kiminsə qardaşı, atası hardasa nə isə işləyir, mülki var, mən heç bununla maraqlanmaq düşüncəsində deyiləm, bu, siyasi baxışlarıma da uyğun deyil. Mənim atamın, qardaşımın siyasi görüşləri məndən fərqli də ola bilər. Bunun mənə nə dəxli? Bunu bir dəfə “Azadlıq” qəzetində böhtan olaraq ortaya atmışdılar, mən bunu cavablandırandan sonra o ittihamı atan adamlar çılpaq şəkildə tutulmuşdular. Bu onu göstərdi ki, böhtanın sonu yoxdur, sonda özün gəlib çılpaq şəkildə televiziya vitrinində gülümsəyəcəksən. İndi də baxın, bu adamlar mənə uduzdular, deyəcək sözləri qalmadı, təzədən mənim haqqımda böhtan xarakterli məsələləri gündəmə gətirdilər. İndi bunun cavabını yeyəcəklər. Siyasətdə o adamlara həddi-hüdudu tanıtmaq lazımdır. Bu adamlar sadəcə, boşluqda oturub, hakimiyyətin yaratdığı imtiyazlardan istifadə edirlər. Tam məsuliyyətlə deyirəm, baxarsınız, sabah bunlar ayrı-ayrı hüquq-mühafizə orqanlarının tabeliyində olan adamlar çıxacaqlar. Necə olur ki, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktorunu həbsə göndərirlər, amma redaktora deyirlər ki, sən get kef elə?! Bunu biz başa düşmürük. Zaman gələndə görəcəksiniz ki, bunlar məqsədyönlü şəkildə normal demokratik dəyişiklik istəyən, demokratik yolla ölkədə islahatların aparılmasını istəyən qüvvələrə qarşı çevrilmiş bir kampaniyadır. Biz də hər halda öz gücümüzə, əxlaqımıza, ağlımıza inanan adamlar kimi həmişə bunun üzərinə gedəcəyik.

- Bu insanlardan biri, Şahvələd Çobanoğlu bir zaman Böyük Quruluş Partiyasını sizinlə birgə yaradanlardan biri, partiyadaşınız olub. Hacı Zaminlə də elə bir probleminiz olduğunu eşitməmişdik. Bu insanlarla bu gün yaranmış vəziyyət sizdə hansı hisslər yaradır?

- Bir yazı da yazmışam, dərc edəcəm. Bu insanlarda nə xəstəlik var? İsmaili təriqəti vardı. Bu ismaili təriqətinin üzvləri özləri üçün elm mühiti yaratmışdılar və onlarda belə bir fikir vardı ki, bu təriqətə daxil olan insanlardan başqa kimsə elmlə, parlaq siyasi fəaliyyətlə məşğul ola bilməz. Ona görə də qərara almışdılar ki, kamikadzelər vasitəsi ilə kənarda istedadlı kim varsa, onları öldürsünlər. Nizamülmülkü və başqalarını öldürdülər. Bu, ayrı bir xəstəlikdir. Ona görə bunun qarşısında dürüst və doğru mühakiməsi olan insanlar mütləq durmalıdırlar. Bu, Azərbaycan üçün çox təhlükəlidir. Onlar hələ də anlamırlar ki, insani münasibətləri siyasi münasibətlərə qatmaq olmaz. Bir ailədə bir qardaş iqtidar, bir qardaş müxalifət təmsilçisi, biri laqeyd ola bilər. Onlar qardaşlığı itirməli, münasibətləri kəsməlidirlərmi? Bunun heç bir məntiqi izahı yoxdur. İndi deyirlər ki, biz bu cinahdayıq və siz o cinahda olduğunuza görə sizi ittiham edirik.
Bizə deyirlər ki, siz deputat mandatından niyə imtina etməmisiniz? Mirmahmud Mirəlioğlu mandatdan imtina edib, ona qəhrəman deyirsiniz? Gündə qəzetinizdə söyürsünüz! Mandatından imtina edəni də söyürsünüz. Siz mandatından imtina edənə qəhrəman deyirsinizmi ki, mən də imtina edim? Deməli, xəstəliyiniz başqa şeydir, bu, başqa xəstəlikdir, müalicəsi yoxdur. Məncə, səmimi mövqe tutub, məsələnin üzərinə getmək lazımdır.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4267

Oxşar yazılar