Səfir Elin Süleymanov İlinoysda ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə edib
25 oktyabr 2012 07:40 (UTC +04:00)

Səfir Elin Süleymanov İlinoysda ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə edib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın İlinoys ştatına səfəri çərçivəsində ştat rəsmiləri ilə bir sıra görüşlər keçirib. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

Ştatın Nümayəndələr Palatasının spikeri olan Maykl Madiqan (Michael Madigan) tərəfindən azərbaycanlı diplomatın şərəfinə verilmiş işçi naharda ştatın müxtəlif orqanlarının təmsilçiləri, nüfuzlu iş adamları, türk icmasının üzvləri, eləcə də Avstraliya və İsrailin Çikaqo şəhərindəki baş konsulları iştirak ediblər. İşçi naharda səfir E.Süleymanov ölkəmizin geostrateji mövqeyi, xarici siyasət istiqamətləri, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri barədə geniş məlumat vermişdir. Bakı-Tiflis-Ceyhan boru kəmərinin ABŞ-ın regionda ən uğurlu layihəsi kimi xarakterizə edən diplomat hazırda gündəmdə olan enerji layihələrinin, xüsusilə TANAP layihəsinin reallaşması üçün ABŞ hökuməti tərəfindən siyasi dəstəyin bildirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində səfir həmçinin 2009-cu ildən İlinoys ştatının qubernatoru olan Pat Quin ilə görüşüb. Görüşdə İllinoys ştatı ilə Azərbaycan arasında mümkün əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb. Qubernator xüsusilə qarşılıqlı sərmayələrin yatırılması və universitetlər arasında əlaqələrin qurulması ilə tələbə mübadiləsinin reallaşdırılmasının faydalı olacağını bildirib.

Səfir ABŞ-ın öncül və nüfuzlu universitetlərindən hesab edilən Çikaqo Universitetinin İctimai siyasət üzrə Harris Məktəbində Azərbaycanın enerji siyasəti barəsində Universitetin tələbə-müəllim heyəti qarşısında çıxış edib. Azərbaycanlı diplomat iştirakçılara ölkəmizin uğurlu neft diplomatiyasından, gündəmdə olan enerji və infrastruktur layihələrdən bəhs edib. Səfir regional inteqrasiyaya tam nail olunması üçün Ermənistanın da bu layihələrə cəlb olunmasının faydalı olacağını, bunun üçün ilk şərtin isə Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar