Dövlət Komitəsinin sədri İsrail səfiri ilə görüşüb
23 oktyabr 2012 17:54 (UTC +04:00)

Dövlət Komitəsinin sədri İsrail səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Aydın Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin sədri iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Aydın Əliyev bu baxımdan tərəflər arasında ötən il imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini, bundan sonra tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əmin olduğunu söyləyib.

Rafael Harpaz respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, ölkəmizdə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən Rafael Harpaz ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan Rafael Harpaz iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılığını dilə gətirib. O, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar