Polad Bülbüloğlu - “Yeni Müsavat” davası məhkəməyə gedir
22 oktyabr 2012 22:35 (UTC +04:00)

Polad Bülbüloğlu - “Yeni Müsavat” davası məhkəməyə gedir

0
“Yeni Müsavat” qəzeti Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu məhkəməyə verəcəyini açıqlayıb.

Musavat.com saytının xəbərinə görə, buna səbəb səfirin mətbuatda qəzetin ünvanına söylədiyi ittihamlardır.

Saytın yazdığına görə, qəzetdə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yaranması ilə bağlı yazı hazırlanıb və məqalə “Polad Bülbüloğlu öz iqtidarını niyə satdı?” sərlövhəsi ilə dərc olunub.

Bu yazıya “Salamnews” agentliyində reaksiya verən səfir isə “Yeni Müsavat” qəzetini “əvəllər ondan barəsində yazılmış məlumatın mənbəyini “satmaq” üçün pul istəməkdə” ittiham edib.

Səfir müxalifət qəzetlərini oxumadığını deyib: “Mən müxalifət qəzetlərini, o cümlədən "Müsavat" qəzetini umumiyyətlə, oxumuram. Açıq desəm, söhbət ciddi xarakterli ittihamdan getdiyindən bu barədə xəbəri mənə Bakıdan sms-lə göndərdilər. Məni məsələnin belə qoyuluşu təəccübləndirdi, amma hansı qəzetdə bu mülahizənin yer aldığını öyrəndikdən sonra mən heç də təəccüblənmədim. Burada heç bir arqumentin olmadığı əyanidir – kimə, necə, nəyin əvəzinə, niyə və nə tərzdə satmışam? Bunun özü belə fikirlərin boşboğazlığı və vicdansızlığını artıq sübut edir. Məqaləni oxuyanlar mənə xəbər verdilər ki, materialda heç bir fakta istinad olunmayıb və məqalə bütövlüklə kiminsə xəstə təsəvvürünün bəhrəsi üslubunda yazılıb. Bu isə peşəkarlıq və jurnalist etikasından olduqca uzaq olan şeylərdir”.

Səfir iddia edib ki, onun əlində “Yeni Müsavat” qəzeti ilə bağlı faktlar var: “Mənim bu redaksiyaya qarşı o qədər mənfi və alçaldıcı faktlarım var ki, belə dəlillərə malik olduqdan sonra bu qəzeti nəinki oxumaq, hətta onun barəsində heç eşitmək belə istəmirəm. Əminəm ki, “Müsavat” qəzeti Azərbaycanın ictimai həyatında kəskin şəkildə mənfi və hətta dağıdıcı rol oynayır. Əlbəttə ki, bu qəzetdə çalışan bütün jurnalistləri damğalamaq istəməzdim. Ümudvaram ki, onların arasında təmiz və düzgün insanlar da var, öz işinin peşəkarları var, amma elələri də var ki, pulla kimi istəsən şərləyə bilərlər və sifariş əsasında ən iyrənc yalanı belə yazmaqdan çəkinmirlər. Sonra da həmin “jurnalist” böhtan atdıqları adamla əlaqəyə çıxır və ona təklif edir ki, pul versin və o halda onun kimin sifarişi ilə böhtan olunduğu açıqlansın. Bir sözlə, belə iyrənc faktlarla fəaliyyəti bol olan “Müsavat” mənim üçün nə qəzetdir, nədə ki ciddi qurum. Və orada işıq üzü görən heç bir şey məni maraqlandırmır və tamamilə narahat etmir”.

Polad Bülbüloğlu mesaj da göndərib: “Kimə lazımdırsa, o çox yaxşı bilir ki, mən Moskvada nə cür işləyirəm və hansı tərzdə üzərimə düşən öhdəlikləri yerinə yetirirəm. Ölkə rəhbərliyinin mənim fəaliyyətim barədə kifayət qədər məlumatı var”.

“Yeni Müsavat” qəzeti isə səfirin söylədiklərinin redaksiyaya yox, özünə aid olduğunu qeyd edib: “Təxminən iki il əvvəl səfir onun barəsində “Yeni Müsavat”da dərc olunmuş “Polad Bülbüloğlunun qəbuluna düşmək 2 min manatdır” başlıqlı şikayətlə bağlı redaksiyaya tanınmış adamlardan birini göndərib və həmin məlumatı verən mənbənin kimliyini öyrənmək üçün pul təklif edib. Redaksiya da bu təklifdən imtina edərək mənbəni gizli saxlayıb”.

Polad Bülbüloğlu müsahibəsində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan Söyün Sadıqovla görüşdüyünü təsdiqləyib: “Mən Sadıqovla səfirlikdə rəsmi şəkildə görüşdüm. Ondan ayın 23-nə planlaşdırılan həmin o "dəyirmi masa" barəsində məni məlumatlandırmağını xahiş etdim. Hüseyn Sadıqov mənə dedi ki, o və Rusiya erməniləri İttifaqının prezidenti Ara Abramyan Rusiya prezidenti yanında Millətlərarası münasibətlər üzrə Şuranın üzvləridirlər və diaspor, biznesmenlər və s. səviyyəsində belə görüşün keçirilməsi məsələsini Ara Abramyan gündəmə gətirib. Onu da qeyd edim ki, Abramyan belə ideya ilə əvvəllər də çıxış edib, biz bunu onunla hətta bir vaxtlar müzakirə də etmişdik. Yalnız mən hesab edirəm ki, bunun faydası və effektivlik göstəricisi çətin ki əhəmiyyət kəsb etsin, çünki bir var Azərbaycan və Ermənistan nümayəndələri arasında birbaşa görüşlər, bir var üçüncü ölkə vətəndaşları arasında görüşlər, bu isə tam fərqli məsələlərdir. Bu özü-özlüyündə müxtəlif baxış bucaqlarının təcəssümüdür. Əlbəttə ki, belə görüşlə heç nəyə heç bir ziyan dəyə bilməz, amma onun heç nəzərəçarpacaq bir faydası da olmayacaq. Xüsusilə vurğulamaq lazımdır ki, erməni diasporundan fərqli olaraq, Azərbaycan diasporunun ölkəmizin daxili həyatına, rəsmi Bakının siyasətinə və ya ölkədaxili qərarların qəbuluna heç bir təsiri demək olar ki yoxdur. Ona görə də belə düşünürəm ki, yaranması bu cür fəal şəkildə müzakirə edilən yeni şura Azərbaycandakı daxili duruma heç bir təsir göstərə bilməz”.

Səfir qeyd edib ki, o, S. Sadıqovla görüşündə yalnız keçirilməsi planlaşdırılan dəyirmi masa, tədbirin məqsəd və vəzifələri haqda məlumatları nəzərdən keçirib: “Onunla bundan başqa heç bir mövzuya toxunulmayıb, heç bir əlavə məsələ müzakirə olunmayıb. Bundan əlavə, bütün digər mülahizələr iftiradan başqa bir şey deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar