Bakı polisində aksiya təşkilatçılarına xəbərdarlıq edildi-YENİLƏNİB
19 oktyabr 2012 21:44 (UTC +04:00)

Bakı polisində aksiya təşkilatçılarına xəbərdarlıq edildi-YENİLƏNİB

Sabah “Parlament buraxılsın!” şüarı ilə paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiyanın təşkilatçılarından bir qrupu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olub.

Təşkilat komitəsinin üzvü, AXCP-nın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun APA-ya verdiyi məlumata görə, təşkilatçı kimi adı çəkilən Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov və ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin bu gün saat 19.30-da BŞBPİ-də olublar.

Paytaxtın polis idarəsində adıçəkilən şəxslərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov qəbul edib.

Aksiya təşkilatçılarının diqqətinə çatdırılıb ki, onların keçirmək istədikləri aksiya paytaxt rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilməyib və kütləvi tədbir üçün başqa yer təklif olunub. Bu səbəbdən də aksiyanın Fəvvarələr meydanında keçirilməsinin qarşısı alınacaq.

Bundan başqa, aksiyanın təşkilat komitəsinin üzvlərinə baş verə biləcək neqativ hadisələrə görə məsuliyyət daşımaları haqda xəbərdarlıq da edilib. Onların diqqətinə çatdırılıb ki, ictimai asayişi poza biləcək hallar baş verərsə aksiyanın təşkilatçılarının əməli cinayət tərkibi daşıyır.

Aksiyanın Təşkilat Komitəsinin üzvləri isə xəbərdarlığa dair sənədi imzalamaqdan imtina edərək, kütləvi tədbirin elan olunan tarixdə və saatda Fəvvarələr meydanında keçirilməsində israrlı olduqlarını söyləyiblər.

Aksiyanın Təşkilat Komitəsinin üzvləri 1 saata yaxın müddətdə BŞBPİ-da olublar.

***
16.53
Oktyabrın 20-də “Parlament buraxılsın” kampaniyasının təşkilatçıları paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası keçirəcək.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun APA-ya verdiyi məlumata görə, aksiya qərara alındığı tarixdə - oktyabrın 20-də saat 15.00-da keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqbul hesab etməsə də, onlar aksiyanın keçirilməsində israrlıdırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov isə APA-ya açıqlamasında bildirib ki, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərlərsə, qarşısı alınacaq”.

Qeyd edək ki, “Parlament buraxılsın” aksiyası əvvəlcə sosial şəbəkələrdə yer alıb, sonradan isə bu səhifənin təsisçiləri olan 50-yə yaxın ictimai təşkilat rəhbəri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənc hərəkat şəklində aksiya keçirilməsi qərarına gəlib.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiya təşkilatçılarına Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438

Oxşar yazılar