BAXCP partiyaların maliyyələşməsini müzakirə edib
15 oktyabr 2012 15:34 (UTC +04:00)

BAXCP partiyaların maliyyələşməsini müzakirə edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Müzakirə olunan ilk məsələ 2013-cü ilin dövlət büdcəsi və büdcə zərfində siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı olub. BAXCP İdarə Heyəti hesab edir ki, dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün kifayət qədər az vəsaitin ayrılması çoxpartiyalı sistemin və müvafiq olaraq siyasi sistemin inkişafına hər hansı bir töhfə verməyəcək: “BAXCP çoxpartiyalı sistemin inkişafı üçün siyasi partiyaların ciddi siyasi institutlar kimi formalaşmasına ehtiyac var və bunun üçün də siyasi təşkilatlara institutlaşma prosesini təmin edə biləcək qədər maliyyə vəsaiti ayrılmalıdır”.

BAXCP İdarə Heyəti partiyanın III Qurultayının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərlə bağlı məsələni, eyni zamanda son günlər ölkənin ayrı-ayrı bölgələrində əhalinin su, təbii qaz, elektrik enerjisi ilə təminatında yaranmış problemləri də müzakirə edib.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan sonuncu məsələ bp şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olub. Partiya hesab edir ki, bp qısa bir zaman ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində əməli addımlar atmazsa, o zaman bu şirkətin konsorsiumdakı iştirakına birtərəfli qaydada son verilməli və ölkəmizə dəyən ziyanın ödənilməsi üçün beynəlxalq məhkəməyə müraciət olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar