“Şəmsiyyə Bəylərqızının adını birinci dəfədir eşidirəm”-MÜSAHİBƏ
08 oktyabr 2012 19:00 (UTC +04:00)

“Şəmsiyyə Bəylərqızının adını birinci dəfədir eşidirəm”-MÜSAHİBƏ

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu partiyada baş verənlərlə bağlı “Qafqazinfo”ya müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

- Hamı Sizi axtarır. Niyə yoxsunuz?

- Avqustun 28-də partiyanın İdarə Heyətindən mənə vaxt tanımaları üçün icazə istədim. Şəxsi məsələlərimin həlli ilə məşğul olmaq istəyirdim. Bütün Azərbaycan mediasına bizim ailədə baş verən son faciəyə görə verdikləri başsağlığına, göstərdikləri dəstəyə görə təşəkkür edirəm. İstədim ki, bir müddət oğlumun müayinəsi və müalicəsi ilə məşğul olum. Nizamnaməyə uyğun olaraq, məzuniyyətə getdim və bütün sədr səlahiyyətlərini də Bəybala bəyə həvalə etdim. 3-4 günə işlərimi yekunlaşdırdım. Sonra telefonumu bağladım.

- Siz gedəndə KXCP-dəki proseslər başlamışdı?

- Xeyr, heç nə başlamamışdı. Mən gedəndən sonra eşitdim ki, nələrsə baş verir. İstefalar, fraksiyalar var.

- Partiyanız digər partiyalarla müqayisədə hər zaman qalmaqaldan uzaq olub. Çünki ən azı sizin xarakterinizə, şəxsiyyətinizə görə... Hər halda baş verənlər maraqlıdır. Səbəbini bilmək istəyirik.

- Vallah, mən də öyrənmək istəyirəm. Dünənki sessiyada da bu məsələni qapalı müzakirə etdik. Bu gün günün sonuna doğru İdarə Heyətinin mövcud üzvləri ilə də bu məsələni müzakirə edəcəyik. Bu artıq dünənki qərarların mediaya çatdırılan hissəsi olacaq. Baş verənlər ondan ibarətdir ki, narazılıqlar, etirazlar var. Təşkilatın taleyini tapşırdığım insanlar indi bu yolu tutdular.

- Nə ediblər?

- İstefa verənlər olub, dünən istefasında təkid edənlər olub. İstefalarını qəbul etdiklərimiz olub. Burada məsələ bir qədər qarışıqdır.

- Dünən səhv etmirəmsə iki nəfərdən başqa da istefa verənlər olub...

- Dünən İdarə Heyətinin üzvü, iki nəfər müavin istefa verib.

- İstefalarına səbəb nədir?

- Deyirlər ki, biz iki-üç gün əvvəl istefa vermişik. Ona görə də sözümüzün üstündə dururuq.

- Yəni sizdən narazıdırlar, yoxsa partiyanın kursundan?

- Mən kiminsə fikirlərini təhrif edə bilmirəm. Yaxşısı budur ki, özləri bu barədə danışsınlar. Bildiyim qədəri ilə də xeyli danışıblar. Amma mən onlardan həqiqi mənada məlumatsızam.

- Sizə qarşı fraksiya yaradıblar...

- Əslində deyirlər ki, guya bunlar cəmiyyət üçündür. Bir qismi deyir ki, bu daxili fraksiyadır. Digəri isə deyir ki, bu Azərbaycan üçün olan fraksiyadır.

- Yəni sizi istəmirlər?

- Ola bilər.

- Bəlkə müzakirə edəsiniz, siz axı demokratik insansız. İstənilməyən yerdə qalmazsınız...

- Mən sözüm keçməyən yerdə özüm də olmuram.

- Bəlkə partiya dağılmasın deyə siz özünüz çıxıb gedəsiniz?

- Partiyanın bir yekdilliyi var. Dünən o yekdillik göstərildi. Mən orada sakitcə, hətta sizin qədər belə hadisələrə müdaxilə etmədən oturub bir seyrçi olaraq baxırdım.

- Sizin səmimiyyətinizə inanıram. Amma siyasətdə belə şeylər yoxdur. Sizin istənilməməyinizin ola bilməz ki, səbəbi olmasın. Burda nəsə var və onu da siz çox yaxşı bilirsiniz.

- Bu müddət ərzində bilmədiyim şeylər həddindən artıq çoxdur. Birincisi, mənim informasiya qıtlığım var. Yəni ancaq qəbul olunan qərarlarla maraqlanmışam. Ətraf aləmlə bütün əlaqələrimi kəsmişəm. Hətta daxili nitqi dayandırmaq məsələsinə qədər özümü təcrid etmişəm. Və bunun da bu məsələ ilə qətiyyən əlaqəsi yoxdur. Bu birbaşa şəxsi ailə problemi ilə bağlıdır. Buna görə də mənim danışa bilməyəcək qədər məhdud informasiyam var.

- Təşkilatdan son olaylardan üzü bu yana neçə nəfər istefaya gedib?

- İki müavin - yəni Ədalət Yusubov və Rüfət Sahiboğlu və dünən Rafiq Abdulalı gedib.

- Bəs Qaya Əliyev?

- Bu məsələ ilə bağlı mənim iştirak etdiyim axırıncı toplantıda belə bir sual ortaya atılıb. Və mən bildirmişəm ki, həmin adamla aylar öncə sağollaşmışam.

- Bu adamlar başqa partiyaya keçir?

- Xeyr. Başa düşdüyüm qədər sadəcə olaraq təşkilatdakı problemlərin həlli yolunu fraksiya yaratmaqda tapırlar.

- Əsas heyət yəni çoxluq sizin tərəfinizi tutur?

- Xeyr, mən tərəf deyirəm. Bu çoxluq nizamnamənin, təşkilatın yerində olmasını istəyir. Hətta bəzi məsələlərdə yubandığıma görə mənə qarşı təpkilər var.

- Siz də qayıdıb gəldiniz. Siyasi mübarizəni davam etdirirsiniz...

- Bəli. Təbii inşaallah.

- Bu birbaşa sizə bağlı da məsələ deyil. Amma mən başqa bağlılıq da tapa bilmirəm. Sizin haqqınızda qəzetlə bağlı iddialar, daha sonra Əfşar Süleymani və Şəmsiyyə Bəylərqızı ilə bağlı iddia oldu, sonra partiyada baş verənlər. Nəsə burada bir bağ olmalıdır...

- Bilirsiniz, qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir. Baxmayaraq ki, qanunvericiliyə görə seçkiyə start vermək olmaz. Lakin bu bir mövqedir. Mən aylar öncə də bəyan etmişəm ki, təşkilatımız 2013-cü il seçkilərində iştirak etməmək qərarı qəbul etsə belə, mən prezident seçkilərində iştirak etmək qənaətindəyəm. Və iştirak da edəcəm. Bunu əvvəl bir başqa cür yozdular. Təşkilat iştirak etməyəcək, amma özü iştirak edəcək. Gördülər ki, bu cür hallandırmaq alınmır. Onda təşkilata inam yoxdur ki, belədir dedilər. Başqa iddialar ortaya atdılar. Əslində isə bu bir gediş, taktika idi. İkinci mənbə ola bilər ki, hər kəs öz istəklərini arzularını ifadə edir. Ola bilsin ki, onlar məni haradasa görmək istəmirlər. Ola bilsin ki, burada həm də bir rəqabət olacaq.

- Belə başa düşdüm ki, bütün bunlar baş verəcək döyüşün əvvəlindəki hazırlıq prosesidir.

- Ola biləcək döyüşün. Belə bir döyüşün baş verməsi həm zaman məsələsidir, həm də ola bilsin ki, qismətdir.

- Şəmsiyyə Bəylərqızı məsələsinə detallı aydınlatma vermək istəmirsiniz?

- Vallah onun adını birinci dəfədir ki, eşidirəm. Bu məsələlərdə bir iyrənclik görürəm.

- Hər halda siz öz düşmənizi bizdən yaxşı tanıyırsız.

- Tanımıram. Səmimi şəkildə deyirəm. Çünki özümə düşmən görmürəm. Axı mən heç kimin düşməni deyiləm? Ola bilsin ki, varlığım kimisə narahat edir. Mənim yeganə düşmənim səngərin o tayında, əlində avtomat üzü mənə, vətənimə qarşı dayananlardır.

- Mən belə görürəm ki, biz sizdən ötrü daha çox narahatıq, nəinki siz özünüz özünüzdən...

- Çox sağ olun. Məni indi sizin yanaşmalarınız xüsusi olaraq qayğılandırır. Bu məsələdə ETTELAT-ın, FTB-nin iştirakı var. Mənim heç axırıncı dəfə Moskvaya getməyim yadıma gəlmir. Əgər məsələdə Əfşar Süleymaninin adı varsa, deməli ETTELAT mütləq var. Burada bütöv Azərbaycan məsələsi var. Bu gün Əbülfəz Elçibəyin siyasi gündəmə gətirdiyi məsəllər uğrunda çox böyük yarış var. Nədir məsələ? 1997-1998- ci illərdə Ali Məclisin sessiyasında da demişəm ki, həmin illərdə bütöv Azərbaycan ideyası, xəritəsi siyasi və elmi gündəmə gəlib. Maraqlıdır ki, həmin xəritə AMEA-nın coğrafiya institutundan rəy alır. Daha sonra həmin xəritə bütöv Azərbaycan Birliyinə təqdim olunur. Dəfələrlə müzakirə olunur. Və bu mövzu qapanır. Elçibəy dünyasını dəyişəndən sonra bu məsələ bağlanır. Üstündən illər keçir. 2012-ci il Amerikada qanun layihəsi hazırlanır və senata təqdim olunur. Və dünyanın ən məşhur qəzetlərindən biri “Nyu-York Times” bu məsələni gündəmə gətirir. Bundan başqa şeylər də var. İlin əvvəlində Azərbaycanda ABŞ-ın böyük elçisinin təmsilçisi KXCP-yə gəlir. Söhbət edirik. Və Güney Azərbaycan məsələsi yenidən müzakirə olunur. Diplomatik şəkildə də olsa səfir Bütöv Azərbaycan Xəritəsinin qarşısında şəkil çəkdirir. Mən də diplomatik olaraq soruşuram ki, bu perspektiv üçün bir qədər riskli deyilmi? O da gülür. Bununla da riskli olmadığını bəyan etmiş olur. Beləliklə də Bütöv Azərbaycan məsələsi gündəmə gəlir. Və burada aparıcı, iddialı olan təşkilatlar var. İddialı bizik. Cəmiyyətdə kifayət qədər bu cürləri var. Bu birmənalı olaraq belədir.

- Bütöv Azərbaycan Məsələsi bu qədər ciddidir?

- Bəli. Aprel ayında KXCP bu mövzu ilə bağlı “reallıqlar və poerspektivlər” mövzusunda dəyirmi masa keçirir. Həmin dəyirmi masada bütün bu məsələlərlə bağlı olan alimlər iştirak edir. Və həmin konfransda “Gün AzTV” də çəkiliş aparır. Sonra məlum olur ki, bu çəkilişdə səs yox, görüntü var. Biz bunu nəzərə alaraq öz səsyazımızı kanala təqdim edirik. Bəzi daxili və xarici qüvvələr yayımlanmanın qarşısını alırlar. Daha sonra mütəmadi olaraq, bu kanal çağırılan adam kimi məni apreldən oktyabra kimi bir dəfə də olsun öz efirlərinə dəvət etməyiblər. Bütöv Azərbaycan Məsələsi ilə bağlı dövlətçilik mövqeyindən ardıcıl çıxış edən ancaq bizik. Burda güzəşt yoxdur.

- Siz inanırsız ki, Əli Kərimli Əbülfəz Elçibəyi zəhərləyib?

- Qətiyyən. Məndən indiyə qədər bu sualı bu formada qısa və konkret istəyən bir insan olmayıb. Ona görə də, məsələ bitdi.

- Aydındır. İki gün əvvəl dindarların aksiyası oldu. Əli silahlı, “Hicaba azadlıq” şüarı altında keçirilən aksiyada 70-ə yaxın adam tutuldu. Polislər döyüldü. Bilmək istəyirəm ki, Azərbaycanda hicaba azadlığın bu formada istənilməsini necə qarşılayırsınız?

- Azərbaycan bütün parametrləri ilə poliqondur. Bu müzakirə istəməyən məsələdir. Bura həm də qonşularımızın təhlükəsizlik orqanlarının at oynatdığı yerdir. Bəlkə də bizim xəbərimiz də yoxdur. Məşq də keçirlər. Hər cür hazırlığı olan, nizamnaməsi, məramnaməsi ortada daimi döyüşənlər belə bu cür cəld, çevik təsirli hərəkətlər edə bilmirlər. Bura da hakimiyyətin iştirakı var. Gələn addımlara adekvat cavab verməkdən ötrü. Burada həm də o da var ki, döyülən polisə monitordan heyfslənərək baxırlar və bu bütövlükdə sənədləşdirilmiş məsələdir. Buradakı islamçılar növbəti mərhələ üçün həm də vasitədir. Bu əməliyyat bütövlükdə təqdir olunan əməliyyatdır. Və perspektivinə görə “5+” qiymətləndirilə bilər. Bu gün Azərbaycanda partiyalar var ki, onların rəhbərləri hakimiyyət tərəfindən qoyulan şəxslərdir.

- Yəni belə başa düşdüm ki, bu hakimiyyətin uğurla həyata keçirilən layihəsidir.

- Bəli. Hakimiyyət dairələrində də uğurlu qiymətləndirilir.

- Yəni narahat olmağa dəyməz?

- Xeyr dəyməz. Ona görə ki, Azərbaycanda fövqəl gücə malik olan islamçılar yoxdur. Onlar od olsalar belə özlərini yandıra bilməzlər. Din və başqa məsələlər əldən gedəndə heç bu damlar ortada olmurdu. Bu gün Azərbaycanda vəhhabilik baş alıb gedir. Amma eyni zamanda Azərbaycanda on vəhhabinin yarısından çoxu Azərbaycan hakimiyyətinin nəzarətindədir. Mən buna sevinirəm.

- Deməli, hakimiyyət güclüdür...

- Hakimiyyətin içərisində kifayət qədər işləyən başlar var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar