MM-in komitə sədri: “Bu qanunun qəbul edilməsi vacibdir”
14 sentyabr 2012 15:00 (UTC +04:00)

MM-in komitə sədri: “Bu qanunun qəbul edilməsi vacibdir”

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də bizim gündəliyimizdədir. Hər il ölkəmizdə 9-10 min cütlük nikaha girir, onların təxminən 13 faizinin övladı olmur. Hər bir ailənin arzusu övladdır. Ona görə də, bu qanunun qəbul edilməsi vacibdir”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Komitə sədrinin sözlərinə görə, Milli Məclisin qarşıdan gələn payız sessiyası zamanı bu sənədi müzakirəyə çıxarmaq nəzərdə tutulub: “Amma ola bilsin ki, onun adı dəyişdirilsin. Qanun layihəsi “Demoqrafik təhlükəsizlik haqqında” və ya “Ailə tənzimlənməsi haqqında” adlana bilər. Hazırda komitəmizin üzvləri ilə bu məsələnin üzərində işləyirik. Çünki bu sənəd hələ parlamentin üçüncü çağırışı zamanı ciddi müzakirələrə səbəb olub və birinci oxunuşdan geri qaytarılıb. Bu baxımdan, qanun layihəsi daha təkmil formada hazırlanaraq, müvafiq adla parlamentin payız sessiyasında ən azı komitə səviyyəsində müzakirəsinə çıxarılacaq”.

H. Rəcəbli onu da bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna vacib dəyişikliyin edilməsi nəzərdə tutulur: “Bu dəyişiklik də ondan ibarətdir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsi ehtiyacı var. Bu gün dünyada ərzaq təhlükəsizliyi məsələsi ən vacib və aktual məsələlərdən biri kimi öndə dayanır. Ərzaq təhlükəsizliyinin təmin olunmasının bir mühüm elementi də ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsidir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsini daim gündəmə gətirən və onu öndə tutan Azərbaycanda da ərzağın bir sıra maddələr hesabına zənginləşdirilməsinə ehtiyac var.

MM-in komitə sədrinin sözlərinə görə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bu məsələ ilə bağlı bir düzəlişin edilməsi nəzərdə tutulur. “Bu da çox güman parlamentin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılacaq”-deyə, H. Rəcəbli əlavə edib.

Millət vəkili vurğulayıb ki, Ailə Məcəlləsinə də müvafiq dəyişikliyin edilməsi gözlənilir: “Bu dəyişiklik də ondan ibarətdir ki, nikaha girən şəxslər evlənməmişdən öncə bir-birilərinin sağlamlıqları haqqında tibbi arayış təqdim etməlidirlər. Çox güman ki, payız sessiyasında bu məsələ də öz müsbət həllini tapa bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar