Qüdrət Həsənquliyev: "Bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Xalq cəbhəsi' qəzetinə günün əsas mövzuları ilə bağlı müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, koronavirusla mübarizə fonduna pul köçürülməsi üçün sahibkarlara Siz də müraciət etmişdiniz, bu istiqamətdə atılan addımlar qaneedicidirmi?
- Hesab edirəm ki, zəruri ehtiyaclar üçün tələb olunan ailə büdcəsinə ziyan vurmadan, eləcə də az və ya çox olmasından asılı olmayaraq, hər kəs bu fonda dəstək verməlidir. Ölkə prezidentinin 1 illik əmək haqqını həmin Fondun hesabına köçürməsi, Heydər Əliyev Fondunun, Paşa Holdinqin, "Neqsol"un, "Gilan"ın, "Azərcell"in, "Accord" və digər şirkətlərin koronavirusla mübarizəyə verdikləri dəstək qürurvericidir. Mən deputat həmkarlarımın da bu işə verdiyi hərtərəfli dəstəyi xüsusi qeyd etmək istəyirəm. Xalqımız çətin vəziyyətdə birlikdə olmaq qabiliyyətini bir daha nümayiş etdirdi.
- Axı bəziləri birlik üçün uzadılan əlləri sıxmadılar...
- Əgər 5-ci kolon adlandırılan "Milli Şura"nı nəzərdə tutursunuzsa, bütün xalqların içərisində belələri olur. Onlar müstəqilliklərini çoxdan satıblar. Həqiqətən belə çətin dövrdə Prezident onları dioloqa dəvət etdi, müxtəlif bəhanələrlə yayındılar. Hökuməti internet üzərindən koronovirusla effektiv mübarizə aparmamaqda ittiham edirlər. Əgər düz adamsansa, cəmiyyətdə qorxu hissini gücləndirmək əvəzinə get görüş, təkliflərini ver. İnşallah, böhran keçər və sonra deyərsən ki, mən filan təklifləri təqdim etmişdim. Yox,əgər görsən ki, zəruri addımlar atılmır, o zaman mətbuata danış. Prezidentin dialoq üçün səlahiyyət verdiyi Ədalət Vəliyev heç bir görüşdə heç kimə vaxt məhdudiyyəti qoymayıb və kiməsə deməyib ki, filan mövzuya toxunma. Yox, qorxursansa ki, cəfəng ideyalarına yerindəcə verilən cavaba görə pis vəziyyətə düşə bilərsən, bu başqa məsələ...
Əsas məsələ odur ki,xalqımız hər şeyi görür. Prezidentin bir ilk olaraq parlament rəhbərliyində digər partiyaların təmsilçiliyinin təmin edilməsi istiqamətində sərgilədiyi mövqe, Novruz bayramaı münasibətilə cəmiyyətin aparıcı qüvvəsi olan ictimai-siyasi xadimlərə, siyasi partiyalara ayrıca təbrik göndərməsi ölkədə milli həmrəyliyə yönələn ciddi addımlardır. İnsanlarımız bunu yüksək qiymətləndirir və bu addımlar cəmiyyətimizin kataklizmilərsiz inkişafına öz töhfəsini verəcəkdir.
- Qüdrət bəy, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti kəskin aşağı düşüb. Makroiqtisadi sabitliyi qorumaq və sürətli iqtisadi inkişafa nail olmaq üçün hazırkı vəziyyətdə hökumətin atacağı zəruri addımlar nədən ibarət olmalıdır?
- Biz BAXCP olaraq uzun illərdir təkidlə hökuməti özəlləşdirmə həyata keçirməyə çağırırıq. Böyük miqyasda dövlət əmlakını özəlləşdirmədən Azərbaycanda Qərb dövlətlərində olduğu kimi güclü, rəqabətə davamlı iqtisadiyyat qurmaq mümkün olmayacaq. 74 illik sosialist təsərrüfat sistemi sübut edib ki, dövlət mülkiyyətində olan müəssiələrdə mənimsəmə yüksək olur və yeni texnologiyaların tətbiqində rəhbərlik o qədər də maraqlı olmur. Mənim seçildiyim Xətai rayonunda, dəniz kənarında 18 hektar ərazidə yerləşmiş, müstəqillik dövründə fəaliyyətini dayandırmış Hacı Zeynalabdin Tağıyev adına böyük toxuculuq kombinatı var. Sovet dönəmində orada 7 minə qədər insan çalışıb. İndi on illərdi qapıları bağlanıb. Bu tipli müəssiələri bərpa etmək, yeni iş yerlərinin açılması və böyük investisiyalar qarşılığında cüzi qiymətlərə özəlləşdirmək lazımdır. Əgər investorun vəsaiti yetmirsə, hətta ona güzəştli şətlərlə uzunmüddətli kreditlər də vermək olar. Hər il büdcədən pul ayırdığımız iri dövlət şirkətlərinin, açıq və qapalı cəhmdar cəmiyyətlərin bəziləri özəlləşdirilməli, bəziləri isə ciddi investisiya qoyuluşu qarşılığında bu istiqamətdə təcrübəsi olan xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Olimpiya kompleksləri, səhiyyə və ali təhsil müəssiələrinin əhəmiyyətli hissəsi özəlləşdirilməlidir. Ağır maliyyə yükündən və korrupsiyadan qurtarmağın, büdcə gəlirlərini artırmağın tək yolu budur.
Eyni zamanda, böyük işçi qüvvəsinin çalışdığı tikinti sektorunu canlandırmaq üçün tikintiyə icazə şərtləri xeyli sadələşdirilməlidir. Sahibkarlara yönələn bütün qanunsuz tələblər aradan qaldırılmalı, onlar yalnız satdıqları əmlakdan götürdükləri mənfəətə görə vergi ödəməlidirlər. Yalnız bu halda Azərbaycandan qaçmış tikinti şirkətləri geri dönə bilər.
Azərbaycanda səhmlərin satıldığı normal birja fəaliyyəti təmin olunmalıdır. Vergi və gömrük rüsumları elə tənzimlənməlidir ki, sahibkarlar malın idxal dəyərini azaltmaqda və vergidən yayınmaqda maraqlı olmasınlar. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün nağdsız ödənişlərə keçilməlidir. İri və nüfuzlu xarici bankları ölkəyə cəlb edib rəqabət mühiti yaratmaqla aşağı faizlə kreditlərin verilməsini təmin etməliyik. Neft Fondundan 2 milyard dollar götürüb yerli banklarda yerləşdirməliyik. Xarici investisiyanın cəlbi üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Bir sözlə bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız bu yolla biz rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat qura bilərik.