"Qardaşım dedi ki, get, balan səni tabutda gözləyir..." -  ŞƏHİD ƏMANƏTİ
09 iyun 2022 20:15 (UTC +04:00)

"Qardaşım dedi ki, get, balan səni tabutda gözləyir..." - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Xaqani Səfa oğlu Əsgərov haqqındadır.

Əsgərov Xaqani Səfa oğlu 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Xudat şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil alıb. Məktəbi başa vurandan sonra hərbi xidmətə yollanan Xəqani sonradan elə həbr sahəsində fəaliyyət göstərmək qərarına gəlir.  

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qadın...

Metrodan çıxıb deyilən istiqamətdə dayanıram. Xaqanin həyat yoldaşına zəng vururam. Deyir, heç yerə getməyin, qayınanam gəlib sizi götürəcək. 

Şəhid ailələri görüşmək çətindir. Amma şəhid anası ilə görüşmək ikiqat ağır və dözülməzdir. Bəzən ilk sualdan dünyadan köçmüş balasını xatırlayıb hönkür-hönkür ağlayan şəhid anaları ilə rastlaşmışam. Bəzən isə soyuqqanlı, dərdini astadan, həzin-həzin çəkməyə çalışan analar da görmüşəm. Uzaqdan ətrafa narahat-narahat boylanan qarapaltarlı, qarayaylıqlı qadını görən kimi onun Xəqaninin anası olduğunu anladım. Yaxınlaşıb tanışlıq verəndə, təəccübləndi.

- Məni necə tanıdın qızım?

Susdum. Onları, şəhid analarını tanımaq o qədər də çətin deyil demək istədim. Amma sözləri ürəyimdən geri qaytardım.

- İnternetdə şəkilləriniz görmüşəm dedim. 

Evdə bizi Xəqanin həyat yoldaşı Bəyaz xanım və iki qız övladı gözləyirdi. Divar boyu Xəqaninin şəkilləri vurulmuşdu. Eynəkdə, hərbi paltarlarda, övladları, ailəsi birlikdə olan şəkillər. Lalə xanım şəkillərə diqqətlə baxdığımı görüb oğlu haqqında danışmağa başlayır:

- Xəqani evin sonbeşiyi, həm də tək oğlu idi. Ondan başqa iki qızım var. Xəqani haqqında çox şey danışaram. Amma əvvəldən bunu vurğulayım ki, o, mənə allahın hədiyyəsi idi. Əlbəttə bütün analar övladlarını tərifləyərlər. Ancaq bütün Xudat və Xaçmazda yaşayanlar bilir ki, o, necə oğul idi. Tərbiyəsi, əxlaqı öz yerində, böyük kiçik yeri bilən oğul idi. Atanın, ananın, qədrini bilən, ailəcanlı idi. Düzdür, mən onu 21 yaşında, tez evləndirdim.

Əmanət...

- Niyə elə tez?

- Nə bilim, elə bil, ürəyimə dammışdı, ki, nəsə olacaq. Ona görə də öz-özümə həmişə tələsirdim, deyirdim ki, səni tez evləndirəcəm. Nə yaxşı ki, tez evləndirdim, iki yadigarı qaldı. Çox vətənpərvər uşaq idi. Yadıma gəlir, uşaq vaxtı 20 Yanvar, Xocalı hadisələri haqqında məndən soruşardı. Mən də yorulmadan oturub, o faciələrin hamısının tarixini danışardım. Hərbi xidmətdən gələndən sonra mən onu Rusiyaya yolladım. O, orada iki aydan artıq qalmadı. Dedi, mən hərb sahəsinə qayıtmaq istəyirəm. 

- Yəqin ki, etiraz etdiniz?

- Əlbəttə. Əvvəldən Naxçıvanskiyə gedəndə, etiraz etdim. Amma ikinci dəfə dedi, mənim yolum hərb sahəsidir. Gedəcəm. Onda etiraz edə bilmədim. Məni çox istəyirdi, amma atasına daha çox bağlı idi. Xəqani mənim qardaşım qızı ilə ailə qurub. Biz valideyn kimi məsləhətimizi verib, kənara çəkildik. Onlar evlənmək qərarını özləri verdilər. O, qız övladını çox sevirdi. İkinci qızı olanda, sevincindən bilmirdi nə etsin. Gəlinim Bəyaz da mənim dediklərimi təsdiq edə bilər.

Dayaq...

Bəyaz qayınananın, həm də bibisinin sözlərinin davamı kimi iki qızının atası, həyat yoldaşı haqqında, onunla keçirdiyi günlər barədə xatırlamağa çalışır:

- Xəqani kənardan çox ağır, qaraqabaq görsənirdi. Amma o, evdə mənim həm atam, həm anam, həm də qardaşım olub. Xəstələnəndə də qulluğumda durub. Yəni tamam başqa cür olub mənə qarşı. Mən elə bilirdim, bütün kişilər elədir, amma onu itirəndən sonra onun dəyərini daha yaxşı başa düşdüm. Toya, məclisə getməyi çox sevirdi. Həmişə mənə deyirdi ki, qardaşlarının toyu olanda, səndə, mən də dəst geyinərik. 

Bəyaz deyir ki, Xəqani məclis adamı olmaqla yanaşı, meyxananı və futbolu da çox sevib. Hətta meyxanaçılardan ən çox Ruslanı, bir də Rəşad Dağlını çox sevirdi. Xəqani şəhid olanda isə onun ailə üzvləri Rəşada zəng vurub Xəqaninin ona olan pərəstişkarlığından danışıblar. Rəşad isə Xəqaninin qırx mərasiminə gələrək onun ailəsi ilə görüşür, məclisdə iştirak edir:

- Amma ən çox Rəşad Dağlıya qulaq asırdı, onun vurğunu idi. Bəzən Xəqani növbədən çıxıb birbaşa Rəşad Dağlının iştirakı ilə keçirilən meyxana məclislərinə gedər, səhərə qədər ona qulaq asardı. Şəhid olandan sonra sağ olsun, özü ilə digər meyxanaçıları gətirərək gəlib bizim qırx məclisimizdə də iştirak etdi. Sonra da bir dəfə gəlib ailəmizə baş çəkib. 

- Qayınananız deyir ki, qızlarına hədsiz bağlı olub...

- Elədir. Mən onun qədər qız uşaqlarını sevən ikinci bir ata görmədim. Hərdən deyirdi ki, dünya bir yana, Aylin qızım bir yana. Aylin bizim böyük qızımızdı. Hərdən yoldaşları bizə qonaq gələndə, birinci Aylini soruşardılar. Çünki onların yanında çox danışmışdı Aylin haqqında. Bəzən mən deyirdim ki, üçüncü övladımız oğlan olar. O, isə etiraz edirdi ki, yox, üçüncü də qız olsun, adını da Əsma qoyum. Bizim onunla son söhbətlərimiz elə bu mövzularda olurdu. 

Bilirsiniz, biz bir-birimizin dərdindən ölən cütlük olmamışıq. Yəni Leyli və Məcnun deyildik, amma bizim qəribə, izah olunmaz bir bağlılığımız olub. O, öz uşaqlarını necə qoruyurdusa, məni də elə qoruyardı. İnsan övladını necə çox istəyirdisə, məni də elə istəyirdi. Mən də onu uşaqlarımdan ayırmamışam. Həmişə deyirdim ki, mənim iki yox, üç övladım var. 

Vətən sağ olsun!

Lalə xanım deyir ki, müharibə başlamazdan əvvəl, Xəqani hərbi paltarda şəkil çəkdirib anasına yollayır, altında isə bu sözləri yazır. Ana, əgər oğlun şəhid olarsa, qəm yemə, bil ki, oğlun vətən uğrunda gedib. Sən də mənim ölüm xəbərimi eşitsən, denən vətən sağ olsun:

- İnanırsınız, mən o, sözləri oxuyanda, nə qədər məyus olmuşdum ki, bu uşaq niyə ölüm arzulayır. Sonra bir dəfə də bu sözü mənə evdə ikimiz olanda dedi. Onda yadıma gəlir ki, çəkələyimi ona tulladım. Gülə-gülə evdən çıxıb qaçdı. Onun şəhid xəbəri gələndə, biz Rusiyada idik. Oradan bura bir günə gəlib çıxa bildik. Bizə görə Xəqani tabutu evdən ən çox qalan şəhid oldu. O qədər ki, oğlum evindən, ailəsindən doymamışdı, sanki allah da həmin vaxt onu evində çox saxladı. Mən təyyarədən düşüb evimizə gələndə, gördüm hamı ağlaşır, qışqırır. Qapıdan içəri girəndə, Xəqaninin tabutunu gördüm, yadıma onun həmin sözləri, gülümsəməsi düşdü. Dedim, oğul vətən sağ olsun. Bacım məndən arxada dayanmışdı. Gördüm deyir ki, bu dəli olub, bacım havalandı. Amma bir neçə gündən sonra mən qohumlarıma izah etdim ki, bunu məndən Xəqani özü istəmişdi (ağlayır). 

Balan tabutda gözləyir...

Lalə xanım danışdıqca, daha çox xatirələr yada düşür. Ana bir sözü qoyub, o birinə keçir. Oğlunun ən yaxşı xatirələrini, xüsusiyyətlərini sadalamağa çalışır. Bu xatirələrin içində ən kədərlisi isə oğlunun şəhid olma xəbərini alması olur:

- Yoldaşımın telefonuna zəng vurdular. Xəqaninin adını çəkəndə, mən əvvəl elə bildim yaralanıb. Sonra gördüm, yoldaşım qışqırır. Onda bildim ki, şəhid olub. Elə ona da birbaşa oğlunuz şəhid olub demişdilər. Sonra Rusiyadakı dostlarımız məni aldatmağa çalışdılar ki, Xəqani yaralıdı, mən inanmadım. Amma insan bilirsən də, ümidlə yaşayır. Biz Rusiya sərhədini keçəndən sonra qardaşım mənə dedi ki, bilirəm, bura qədər ürəyində nəsə ümid qalmışdı. Amma deyim ki, hazırlıqlı ol. Balan səni tabutda gözləyir. Onda tam əmin oldum ki, oğlum yoxdur (ağlayır). 

Söhbətin bu yerində Bəyazın gözlərinin dolduğunu görürəm. Hiss edirəm kİ, danışılanların fonunda keçmişi, ağır günü yada salmaq onun üçün də dözülməzdir. Ancaq o, da keçirdiyi ağır günlərinin  yükünü üstündən atmaq istəyir:

- Sonuncu dəfə evə gələndə, mənə müharibənin başlanacağını demişdi. Səhərlər gedəndə, o, heç vaxt məni durğuzmurdu. Bu dəfə də səhər beşin yarısında özüm yuxudan oyandım. Gördüm getməyə hazırlaşır. Dedi, Aylini oyat, onu görüm gedim. Amma Aylin oyanmadı. Sonra o, Aylini çoxlu öpdü, qoxladı. Qapıdan çıxanda, məni də qucaqladı, sağollaşdı. Mən də onun boynundan öodüm. Sentyabrın 27-də onu döyüş bölgəsinə apardılar. Həmin gün mən çoxlu ağladım. Nə uşaqlara baxdım, nə onların yeməyini hazırlaya bildim. Anam şahiddir ki, elə həyətdə bir daşın üstə oturub hönkür-hönkür ağlayırdım. Hiss edirdim ki, ona nəsə olacaq. Son dəfə onunla danışanda, dedi, Füzulidəyəm. Onun mənə son sözü bu oldu. Qardaşımla danışıb ona demişdi ki, uşaqlarımdan muğayat olun. Həmin ərəfədə mən rayonda anamgildə idim. 29-da axşam hamı evimizdə özünü şübhəli aparmağa başladı. Hiss edirdim ki, hamı harasa tələsir, gedir, gəlir. Bir az keçdi, bibim, bibin qızı, birdə bir tibb bacısı gəldi. Ayaqyalın həyətə qaçdım. Yadıma gəlir ki, paltarımı tərsinə geyindim, həyətdə ayağımı daşlar əzirdi, amma hiss etmirdim. Bibimə çatıb dedim, niyə gəlmisiniz?

Aldanış...

Dedi, Xəqani yaralıdı, səni istəyir. Sonra məni hospital adı ilə maşına mindirdilər. Yolda gördüm maşın Xudata tərəf gedir. Dedim, ora niyə aparırsınız axı məni? Cavab verən olmadı. Artıq bilirdim ki, Xəqaniyə nə isə olub. Yolboyu Allaha yalvarırdım ki, o, lal, kar, şikəst olsun, amma sağ qalsın ki, Aylin məndən atasını soruşanda, atan nəfəs alır deyə bilim. Yoldaşımgilin həyətinə çatanda gördüm həyət doludu adamla. Evə girəndə, atam qaçdı üstümə. Orda mənə dedilər ki, dul  Bəyaz gəlir, get, əyninə qara paltar geyin. Ölsəm, qəbrimin üstə oy bitsə, həmin sözlər mənim yadımdan çıxmaz. Onda çox ağladım, havalı kimi olmuşdum. Mənə iynə vurdular. O qədər ağlamışdım ki, Xəqanini gətirəndə, ağlamağa halım yox idi. Birdən gördüm ki, adamlar hərəkətə gəldilər. Kimsə dedi ki, Xəqanini gətirirlər. Təcili yardım maşınının qapıları açıldı, onun tabutunun ucunu gördüm. Tabutu gətirib evinin ortasına qoydular. Tabutu iyləməyə başladım ki, bəlkə onun qoxusunu ala bildim. Gördüm taxta iyir gəlir. Tabutu da mismarlayıblar. Dedim, Xəqani qapalı yerdə ürəyi qısılan, soyuqdan üşüyən adamdı, tabutu açın, o, bir az isinsin. Açmadılar. Sonra kimsə mənə dedi ki, Xəqaninin boynu qırılıb, ona görə aça bilməzlər tabutu. Onda başladım özümü söyməyə ki, mən evdən son dəfə çıxanda niyə onun boynundan öpdüm (ağlayır). Amma sonra tabutun qapağını açdılar, üzünü yox. Dedilər, üzünü aça bilmərik, əl vurmaq olmaz. Mən isə qışqırırdım ki, yox, üzünü açın, üzündən son dəfə öpüm, ondan halallıq alım. Qayınatam qoymadı. Sonra da əlimdən alıb apardılar. Mən onda bildim ki, ondan həmişəlik ayrıldım. 

Dözüm...

Lalə xanım da deyir ki, o, yuxulu kimi olub. Hadisənin bütün təfərrüatı ona üç gün sonra çatır:

- Mənə o qədər iynə vurmuşdular ki, yuxulu kimiydim. İndi də onun ölümü mənə çatmır. Yadıma gəlir ki, bacım neçə dəfə qolumu möhkəmdən sıxdı ki, özümə gəlim, gələ bilmirdim. Hələ də anlaya bilmirəm ki, Xəqanini aparanda mən necə olub ki, onun ardınca qaçmamışam, tabutdan yapışmamışam. Hər şey hələ də yuxu kimi gəlir mənə. Övladımın acısına dözmək çətindir, canımın bir parçasıdır. Hətta bir ara intihar etmək, evdən çıxıb getmək istədim. Evimizin yanında meşə vardı. Onun ölümündən sonra dedim, gedim, o meşədə məni vəhşi heyvanlar parçalasın. Amma sonra onu yuxuda onu gördüm. Narahat, qəmgin idi. Dindar yaxınlarım da mənə dedilər ki, özünü öldürsən, o, dünyada balanı görə bilməyəcəksən. Ona görə də allahdan, dözüm arzulayıram özümə. Deyirəm, allah, bu ömrü mənə sən vermisən, sona çatdırmağa dözümü də sən ver. İndi balaları ilə təsəlli tapıram. Çox az təsəllidir, amma yenə də yaxşı ki, nəvələrim var. Bu həyatda mənim ən çox istədiyim onlardılar. Balamın əmanətləridilər. 

# 5493
avatar

Samirə Əşrəf

Oxşar yazılar