“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ
26 oktyabr 2022 20:15 (UTC +04:00)

“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid mayor Həsənov Elşad Paşa oğluna həsr olunur.

Elşad Paşa oğlu Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalının Babacan kəndində anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Oranı başa vurandan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2002-ci ildə oranın Motoatıcı qoşunların taktiki komandanlığı ixtisası üzrə başa vurub. 2002-ci ildən 2019-cu ilə qədər ölkənin müxtəlif bölgələrində hərbi fəaliyyət göstərib, zabit olaraq xidmət göstərib. 2020-ci ildə general Polad Həşimovun briqadası ilə birgə Tovuz döyüşlərində fəal iştirak edib. 

Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilərək II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Aksana xanımla işlərimizi yekunlaşdırıb axşam saatları üçün ancaq görüşə bildik. Hava qaralmışdı, adamlar yorğun ayaqlarını küçələrdən sürüyüb evlərinə, mən isə Aksana xanımgilə tələsirdim. Onlara çatanda onu geyinikli görəndə, bir az təəccübləndim:

– Sizinlə görüşəcəyimi tamam unutmuşdum. Yaxşı zəng vurdunuz, yoxsa, gəlib heç kimi tapmayacaqdınız. 

– Yox, mənim yadımdaydı, düşündüm siz də unutmamısınız. 

– Əhvalım bu gün çox pis idi. Hazırlaşırdım ki, Elşadın qəbri üstünə gedim. 

O, mənim təəccüblə baxdığımı görüb əlavə etdi. 

– Əvvəllər yaxında, uzaqda kimsə rəhmətə gedirdisə, həmin qapıdan on metr aralı keçərdim. Məzarlığa getməyə, ümumiyyətlə, qorxurdum. Amma indi gecənin bir aləmi ürəyim sıxıldısa, Elşadın məzarına gedirəm. 

– Bu sizi rahatlaşdırır?

– Əlbəttə, ora mənə hüzr bəxş edir. Orda gedib onunla ürəyimdə nə qədər dərdləşirəm. Şəklinə baxıb sakitləşməyə çalışıram. 

Elşad bəyin nə oğlu, nə də qızı ataları haqqında danışmaq istəmirlər. Mən də uşaqlar barədə bu kimi məsələlərdə həssas olduğumdan heç bir şəhid ailəsində bu barədə israr etmirəm. Bu dəfə də otaqdan çıxmaq istəməyən, sözü analarına verən bacı qardaşı narahat etmirəm. Söhbətimi Aksana xanımla davam etdirirəm. 

– Aksana xanım, Elşadla necə tanış olmusunuz?

– Biz onunla uzaq qohumuq. Amma heç vaxt görüşməmişdik. Elşad bir toyda məni görmüşdü. Sonra ailəsi bizə elçi gəldi. 2004-cü ilin may ayında nişanlandıq. Noyabr ayında isə toyumuz oldu. Bilirsiniz də, hərbçilərin o qədər çox vaxtları olmur nişanlı qalmağa, tez-tez gəlib getməyə, görüşməyə. Ona görə də fikir versəniz, görərsiniz ki, hərbçilər nişanlanandan sonra da dərhal ailə qururlar. 

Bizim isə bir-birimizə qarşı çox böyük sevgimiz olub. Düzdür, əvvəllər mən onu tanımırdım, o, məni görüb bəyənmişdi. Amma ailə qurandan sonra mən də ona aşiq oldum. Çünki çox yaxşı xasiyyəti vardı. Mədəni insan idi. Çox vaxt deyirlər ki, hərbçilər sərt və kobud olurlar. Amma mən bunu öz ailəmdə, digər hərbçilərin də ailəsində görməmişəm. Onlar ailəyə qarşı çox mehriban, diqqətli olurlar. Elşad hər şeyin yerini bilən adam idi. Bir misal çəkim, biz hərbi şəhərcikdə yaşayırdıq. Mən qızılgülləri, ümumiyyətlə, gülü çox sevirəm. Elşad hər dəfə işdən gələndə, mütləq mənə gül gətirərdi. O, kişilərin yanında mənə gül gətirməyə utanırdı, şəhərciyin həyətindən yığdığı gülləri cibində gizlədib mənə gətirərdi. 

– Ən böyük arzusu nə idi?

– Elşad Qərbi Azərbaycandan idi. Beş yaşına qədər orda yaşamışdı. Müharibədən əvvəl təlimlərdə olanda, mənə bir şəkil yollamışdı. Şəkildə o bir dağın üstündə dayanıb əlini Bala Göyçə gölünə tərəf uzadır. Sonra mənə zəng vuranda, dedi, o, şəklə diqqətlə bax. Tezliklə biz o gölün yanında olacağıq. Sənə ordan şəkil göndərəcəm. Bunu o qədər həsrətlə arzulayırdı ki. Amma bu ona qismət olmadı. Bala Göyçə gölü işğaldan azad olunanda, mənə həqiqətən də çox pis təsir elədi. Düşündüm ki, kaş, Elşad bu günü görərdi. 

 Aksana xanım danışdıqca, qəhər onu boğur. Şəkilləri göstərir, fotoların çəkildiyi əlamətdar günlərin tarixini nəql edir. Elşad və uşaqları ilə baş vermiş ən gözəl əhvalatları sıralayıb nəql etməyə çalışır. 

– Qızımız Aysunun 16, oğlumuz Səidin isə 9 yaşı var. Səid atasına çox bağlı idi. Bu gün də yanımızda olan insanlar görürlər ki, Səid atasız çox əziyyət çəkir. Səid nə qədər yorğun olsa da, atası gəlməmiş yatmazdı. O, bilirdi ki, atası tez də gəlsə, gec də gəlsə, onunla oynayacaq, yerdə uzanıb maşın sürəcək. Bundan əlavə də o, boş vaxt tapam kimi mütləq bizi gəzməyə aparardı, vaxtını bizimlə keçirməyə çalışardı. Onun ən böyük arzularından biri də uşaqlarının heç vaxt heç nədən korluq çəkməməsi idi. O, son mesajında da bunu dönə-dönə məndən istəyirdi. Deyirdi, həyatdı, mən görsəm də, görməsəm də uşaqlarımın xoş günləri olsun.  

– Aksana xanım, Elşad sonuncu dəfə evə nə zaman gəldi?

– 2020-ci ilin Tovuz hadisələrindən sonra onları evə çox buraxmırdılar. Sentyabrın 15-də Səid birinci sinfə gedəcəkdi. Onda mənə zəng vurub dedi ki, mən qızımız Aysun ilk dəfə məktəbə gedəndə, onun yanında ola bilmədim. Bu mənim ürəyimdə qaldı ki, uşağımın əlindən tutub məktəbə apara bilmədim. Amma Səid üçün gələcəm. Elə oldu ki, Səidgilin məktəbinin açılışı təmirə görə ləngidi. Amma sentyabrın 14-də Elşad evə gəldi. Mənə dedi ki, sən gül al, tort al, məktəbli forması geyindir, biz o günü birgə yaşayaq. Elə bil, o, hiss etmişdi ki, ona nə isə olacaq. Bəlkə də şəhid olma ehtimalını düşünmüşdü. Bilmirəm... Mən onun dediklərinin hamısını elədim. Hətta Səidin müəlliminə gül bağışladıq. Evdə çoxlu şəkillər çəkdirdik. Sentyabrın 16-da isə Elşad yenidən hərbi hissəyə qayıtdı. Bizim onunla son görüşümüz belə oldu. Biz onu cəmi iki gün gördük. Amma evdən çıxanda, o, təzədən evə qayıtdı, uşaqlarla görüşdü. Onda hiss etdim ki, Elşad ağlayıb. Ondan bunun səbəbini soruşanda, heç nə demədi... Üz-gözündən hiss edirdim ki, getmək istəmir. Arxasınca su atdım, dedim su kimi get, su kimi də qayıt (ağlayır).

Sentyabrın 26-da ondan mənə uzun bir mesaj gəldi. Mesajın sonunda yazmışdı ki, - biz çıxdıq. Səni bu dünyada hamıdan çox sevdim. Balalarımı sənə, səni də Allaha tapşırıram. Çox pis oldum. Zəng vurdum ki, niyə belə yazmısan? Mənə izah et. Danışanda, elə bil ürəyimə damdı. Onun şəklini, son görüntüsünü telefonun yaddaşında saxladım. Bu mənim onunla son görüntülü danışığım oldu. 

O, əsl peşəkar zabit idi. Döyüşə gedəndə, heç vaxt smartfon telefon götürməzdi. Deyirdi, mən nümunə olmalıyam ki, sabah da digər zabitlərdən bunu tələb edim. Son döyüşə də bu qayda ilə getmişdi deyə, biz bir də heç vaxt onunla görüntülü əlaqə qura bilmədik. 

Elə həmin gündən sonra Aksana xanım həyat yoldaşı ilə bir neçə dəfə telefonla danışa bilir. Oktyabr ayının girişi ilə Elşaddan da səs-soraq kəsilir. Aksana əvvəllər soyuqqanlı olmağa çalışır. Ancaq saatlar keçdikcə, Elşaddan xəbər çıxmadıqca onun və onun ailəsini bürüyən həyəcan çoxalır:

– Hər gün biz onunla əlaqə saxlayırdıq. Zəng vururdu, deyirdi, bax, mən yaxşıyam, sağ-salamatam. Həqiqətən də, onun səsində böyük ruh yüksəkliyi vardı. Son günlərə qədər mən onun səsində kədər, qüssə hiss etməmişdim. Halbuki sentyabrın 30-da qolunda qəlpə yarası olub, amma mənə hiss etdirməyib. 

Bizim evimizdə təmir gedirdi, anamgildə qalırdıq. Hər dəfə Elşad zəng vuranda deyirdi ki, təmiri bitirin, evə tez köçün. Son dəfə bunu məndən soruşanda, dedim, yox vaxtım olmadı, evə yığışmağa. Onda çox əsəbləşdi. Dedi, işləri tezləşdir, evə yığışın. Onunla son danışığım belə oldu. Gecəni rahat yata bilmədim. Çünki son danışığımızda elə bil mənə son vəsiyyətlərini edirdi, tapşırıqlarını verirdi. Səhəri gün ona zəng vurdum, zəng çatmadı. Sonrakı saatlarda da o, mənə zəng vurmadı. Bir gün keçdi yenə xəbər çıxmadı. Qardaşım oktyabrın 4-də getdi Toğannaya. Orda məlum olub ki, Elşad şəhid olub. Ordan gəldi mənə ancaq yalanlar danışdılar. Elşadgil itkinlər siyahısında idi. Düz 16 dekabra qədər 74 gün mən Elşadı axtardım. Səhv etmirəmsə, oktyabrın 10-da Elşadın bir dostu şəhid oldu. Mən qardaşımla Yevlaxa onun yasına getdim. Onda hələ bilmirdim ki, Elşad şəhid olub, oktyabrın 2-dən də mənim evim yıxılıb... Yasdan çıxandan sonra qardaşıma dedim ki, burdan gedək Elşadın işlədiyi hərbi hissəyə. Bəlkə ordan bir xəbər dedilər. Hiss etdim ki, qardaşım məni yayındırır. Nə isə bir təhər onu dilə tutub hərbi hissəyə getdik. Ora çatanda, qardaşım maşından birinci düşdü. Orda hərbçilərə işarə edib ki, mənə heç nə deməsinlər. Hərbçilərdən biri ilə danışanda, dedim ki, sizin də balanız var, nolar, mənə deyin, Elşad hardadı? O, hərbçinin gözlərini, baxışlarını hələ də unuda bilmirəm. O, mənə dedi ki, narahat olmayın, biz hər gün onunla daxili telefonla danışırıq, Elşad sağdır, sadəcə elə yerdədilər ki, hələlik, oranı tərk edə bilməz. Evə zəng edə bilməzlər. Sonra mən birtəhər Elşadın iş otağına icazə alıb girdim. Elşad işdə olanda, mənə şəkillər çəkib atmışdı. Masasında qovluqlar, qələmlər, kitablar, telefonu vardı. Amma həmin gün onun otağına girdim, gördüm otaq bomboş idi. Kinolarda olan havalı adamlar kimi şkafları, siyirmələri açıb tökdüm. Amma hər yer bomboş idi.

Mənim səsimə korpusun təlim-tərbiyə işləri  üzrə müavini gəldi. Mənim kim olduğumu biləndə, birbaşa üzümə qarşı dedi ki, siz hərbçi xanımısınız, səbirli olmağa məcbursunuz... Sənin həyat yoldaşın oktyabrın 2-də döyüş meydanında qəhrəmancasına şəhid olub. Dedim, onda verin, mənim yoldaşımı, bütün şəhidlər kimi aparıb dəfn edim. Dedilər, sənin yoldaşını sənə vermək üçün gərək ağ bayraq qaldırıb müharibəni dayandıraq. Bir zabit yoldaşı kimi sən buna razısan? Mən onda bildim Elşadın düşmən tərəfdə qalıb. Ondan sonra da başlandı axtarış dolu günlər. Özümə bağışlamırdım heç nəyi. Düşünürdüm ki, Elşad elə bir oğul idi ki, mənim başıma nə isə gəlsəydi, o, məni çoxdan tapmışdı, amma mən onu tapa bilmirəm (ağlayır). 

Həlak olandan sonra ermənilər Elşadı və onunla birgə həlak olan on beş şəhidi torpağa basdırırlar. 68-ci gün onları torpaqdan çıxarırlar. 74-cü gün isə Elşad burda vətənində torpağa tapşırılır. Aksana xanım deyir ki, Elşadın itkin olması ilə barışa bilmirdi:

– Deyirdim, nə olur, olsun bircə itkin olmasın. Şəhid olub, gətirsinlər, torpağa tapşıraq, adı itkin qalmasın. İnanırsınız, onun nəşi tapılana qədər o, bir dəfə də olsun, mənim yuxuma girməzdi. Hər gecə yatanda, deyirdim, Elşad, sənə görə yatıram, yuxuma gir, mənə bir işarə ver. Amma tapılan gündən bir gün əvvəl gecə Elşad yuxuma girdi. Gördüm, yuxuda mənə deyir ki, Gəncədə dənizin dibindəyəm. Yuxudan zəng səsinə ayıldım. Elşadın xalası oğlu idi zəng vuran. Ona yuxumu danışanda, dedi, Elşadın nəşini gətiriblər Gəncədə Gülüstan qəsəbəsindəki morqdadır. Təsəvvür edirsiniz? Tabut gələndə, məni Elşadı görməyə qoymurdular. Ancaq israr etdim, dedim ki, mən Elşadın üzünü görməliyəm. 

– Gördünüz?

– Hə, gördüm (ağlayır). O günləri yada salmaq, nəql etmək çox çətindir. Hər şey elə bil, dünən olub. Mən indi bir şeydə təsəlli tapıram ki, Elşad ömrünün iyirmi ilini vətənə xidmət edən, namuslu, sədaqətli, döyüşkən zabit oldu. Özündən sonra mənə və övladlarına ləyaqətli ad, irs qoyub getdi. Onun ən böyük arzusu ondan ibarət idi ki, övladları yaxşı təhsil alsınlar. Mən də çalışacam bu yolda onun arzuları gerçəkləşsin. Çünki Elşadın uşaqları onun mənə qoyub getdiyi ən böyük əmanətlərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12174
avatar

Samirə Əşrəf

Oxşar yazılar