Fransa prokurorluğu Paris və Lion kitabxanalarından rus şairi Aleksandr Puşkinin nadir nəşrlərinin oğurlanması ilə bağlı ittiham olunan altı Gürcüstan vətəndaşına hökm oxuyub
Lent.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq faktları Lion şəhərindəki Ali Normal Məktəbin Didro Kitabxanasında, Fransa Milli Kitabxanasında, eləcə də Parisdə yerləşən Dillər və Sivilizasiyalar Universitet Kitabxanasında qeydə alınıb.
Cinayət işi üzrə altı nəfər ittiham olunub. Onlardan bəziləri cinayət törətmək məqsədilə sövdələşmədə, digərləri isə mədəni irs nümunələrinin oğurlanmasında təqsirləndirilirlər.
Məhkəmənin hökmü ilə altı Gürcüstan vətəndaşı 1.5 il şərti cəzadan yeddi ilədək həbs cəzasına məhkum edilib. İş üzrə ən ağır cəza olan 7 il həbs Mixail Zamtaradzeyə verilib. Məhkəmə onun cəzasını başa vurduqdan sonra Fransaya girişini də qadağan edib.
Digər təqsirləndirilən şəxs Beka Tsirekidze isə 4 il həbs cəzasına məhkum olunub.
Daha iki nəfər barəsində məhkəmə qiyabi qərar çıxarıb. Hazırda onlar Gürcüstanda cəza çəkirlər, çünki bu ölkə öz vətəndaşlarını ekstradisiya etmir. Gürcüstanda onlar 5 il həbs cəzası alıblar, Fransa məhkəməsi isə bu müddətə əlavə olaraq hər biri üçün 6 il həbs cəzası təyin edib.