Qazaxıstanda borcunu psixotrop maddə ilə ödəməyə çalışan Almatı sakini 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərarı Jetısu vilayətinin Tekeli Şəhər Məhkəməsi verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyi fakta görə, qadın 2025-ci ilin sentyabr ayında qanunsuz olaraq mefedron əldə edib və saxlayıb. O, maddənin bir hissəsini özü istifadə edib. Daha sonra tanışına olan pul borcunu qaytarmaq üçün qeyri-adi üsula əl ataraq, borcu pulla deyil, narkotik vasitə ilə ödəmək qərarına gəlib.
Bunun üçün qadın Almatıdan Taldıqorqana gəlib, daha sonra həmin şəxslə birlikdə Tekeli şəhərinə yollanıb. İstintaq materiallarına əsasən, onlar orada psixotrop maddə qəbul ediblər. Bundan sonra qadın mefedron bükümləri olan çantanı tanışına verib.
Bir müddət sonra o, mefedronun qalan hissəsini başqa bir qadağan olunmuş maddəyə dəyişmək məqsədilə yenidən görüş təyin edib. Lakin planını həyata keçirə bilməyib. Qadın Tekeli şəhərinə daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış və avtomobilə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları toz halında maddə olan bükümlər, eləcə də narkotik istifadəsi üçün nəzərdə tutulmuş vasitələr aşkar ediblər.
İstintaq zamanı məlum olub ki, içərisində mefedron olan çantanın verildiyi kişi də onun tərkibindən xəbərdar olub. Buna baxmayaraq, o, narkotik maddəni saxlayaraq Taldıqorqan ərazisində avtomobillə daşıyıb. Sonradan həmin şəxs də polis tərəfindən saxlanılıb.
Məhkəmə sənədlərində qeyd olunub ki, ekspertiza rəyinə əsasən, müsadirə olunan bütün maddələr Qazaxıstanda dövriyyəsi qadağan edilmiş mefedron olub.
Məhkəmədə kişi təqsirini tam etiraf edib və peşman olduğunu bildirib. Qadın isə yalnız narkotik maddəni saxladığını və istifadə etdiyini qəbul edib, onun satışında iştirak etdiyini inkar edib. Buna baxmayaraq, məhkəmə təqdim olunan sübutları ittiham hökmünün çıxarılması üçün kifayət qədər əsaslı hesab edib.
Nəticədə qadın psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satılmasında təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun tanışı isə narkotik vasitələri qanunsuz saxlamaqda təqsirli bilinərək 3 il həbs cəzası alıb.
Qeyd edək ki, hökm hələ qanuni qüvvəyə minməyib.