“Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...
27 oktyabr 2022 15:36 (UTC +04:00)

“Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...

Azərbaycanlıyam... Bu söz necə də qürurlu səslənir. Bu hissi yaşayan hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti, canını fəda edən oğulları var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı, yağılardan qoruyan güclü ordusu var. 

Lent.az bu dəfə “Azərbaycan” deyib sinəsini düşmən gülləsinə sipər edən şəhid mayor Elsevər Paşayev haqqında yazacaq. 

Arayış:

Elsevər Vaqif oğlu Paşayev 1988-ci ilin iyulun 1-i Cəbrayıl rayonu Qovşudlu kəndində anadan olub. 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. O, 9-cu sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə daxil olub. Daha sonra təhsilini Heydər Əliyev Ali Hərbi Məktəbində davam etdirən Elsevər 2010-cu ildən ordu sıralarına gedir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət edib. Beş dil bilən Elsevər xarici ölkələrdə hərbiçilərə hərbi təlimlər keçib. O, eyni zamanda Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olub. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. 

Ailəli idi. Ondan geriyə 2 övladı yadigar qalıb. 

Şəhid mayorun ömür yoldaşı Xəyalə Paşayevə Lent.az-a Elsevərli xatirələrindən danışır:

“2012-ci ildə ailə həyatı qurmuşuq. Elsevər mənim uzaq qohumum idi. 2 qızımız var. Elsevər hərbçi olduğu üçün hər bir halını qəbul edirdim. Elə olurdu ki, 1-2 ay evdə olmurdu. Mən başa düşürdüm ki, bunu işi belədir. Amma o, evdə olduğu vaxt hər anını bizə, övladlarına ayırırdı. 

Gözəl ailə başçısı, gözəl insan, peşəkar hərbiçi idi. Övladlarına, mənə çox dəyər verib. Boş vaxtlarını hər zaman bizə ayırırdı. Böyük qızımızın futbola həvəsi var. Evdə olduğu zamanlarda onu futbola baxmağa aparırdı. Həyətə düşəndə qızı ilə futbol oynayırdı. Balaca qızım körpə idi. Atasını çox xatırlamır, böyük qızım isə hər şeyi bilir atası üçün çox darıxır”.

Xəyalə Paşayevə Elsevərlə bağlı universitet xatirəsini bölüşür:

“Heç vaxt yadımdan çıxmaz. Universitetdə oxuyurdum, gəlirdi məni götürməyə. Bir gün necə yağış yağırdısa, çıxdım ki, durub yağışın altında məni gözləyir, əynində hərbi paltarı. Hərbi geyim ona necə gözəl yaraşırdı. O zaman seçimimin düzgün olduğuna bir daha əmin oldum. 

Çox ciddi görünsə də, ancaq mənə və övladlarına qarşı olduqca mülayim, ailəsinə dəyər verən bir insan idi. Bizimlə vaxt keçirməyi çox sevirdi. Əsgərlərini övladlarından ayırmırdı. Nə qədər qəbul etsəm də, heç vaxt inanmazdım onun ölümünə. Çoxlu ölkələrdə təlimdə olub. Həmdə çox savadlı kadr idi”.

Son danışıq, son zəng...

“2020-cı ilin sentyabrın 26-sı müharibəyə yollandı. Amma biz təlimə getdiyini bilirdik. Müharibə getdiyi müddətdə həftədə bir dəfə telefonla danışırdıq. Vəziyyət pis olsa da heç zaman demirdi. Həmişə yaxşı olduğunu, geri dönəcəyini təkrarlayırdı.

Ən son danışığımız 2020-ci ilin oktyabrın 18-də oldu. Zəng edib rütbəsinin qalxdığı xəbərini verdi. Amma bu dəfə uşaqlarımızı mənə əmanət elədi. Onları qorumağımı, nə olsa da pis olmamağımı tapşırdı. Ən son Qubadlı döyüşlərində iştirak edib. Orada da minaya düşdü. 4 gün Ağcabədidə komada qalandan sonra şəhidlik zirvəsinə yüksəldi”. 

Xəyalə xanım nə zaman çətinə düşsə, ömür yoldaşı ona yuxularında yol göstərir:

“Nə vaxt çətinə düşsəm, hiss edir. Həmin gecə yuxuma girir mənə çıxış yolu göstərir. O mənə çox dəyərli idi. Onun yoxluğu çox çətindir”. 

Şəhidin bacısı Şəfa Xancanova Elsevərin hərbçi olmağı atasının arzusu olduğunu deyir:

“Qardaşımın 5 yaşı olanda biz Cəbrayıldan köçkün düşdük. Bizim ailədə həmişə vətənpərvərlik öndə olub. Atamın arzusu idi Elsevərin hərbçi olmağı. Elsevər lap uşaqlıqdan vətənə olan sevgisini sətirlərə köçürürdü. Biz heç qardaşımın 2016-cı il Aprel döyüşlərində iştirak etdiyini bilmirdik. Yoldaşına deyib ancaq”. 

Müharibəyə gedəcəyini yalnız həyat yoldaşına deyir Elsevər. Sentyabrın 27-dən sonra bacısının ona etdiyi mütəmadi zəngləri açmayan Elsevər yalnız bir dəfə zəng edib, hər şeyin yaxşı olduğunu bildirir:

“Ondan xəbər çıxmayanda yoldaşlarına zəng edib axtarırdıq. Elsevər əsəbiləşirdi onda. “Mən əsgər deyiləm, komandirəm. Mən irəli demirəm, ardımca deyirəm” deyirdi Elsevər. Onun vətən sevgisinin qarşısına heç nə keçə bilməzdi”. 

Sonuncu döyüşlərdə yoldaşları ona “Komandir, ərazi minalıdır, getmə” desələr də, o, əsgərlərini irəli buraxmır. Beləliklə, Elsevər Paşayevin taboru Laçına girir. Oktyabrın 20-də isə öndə gedən mayor Qubadlı uğrunda gedən döyüşlərdə mayor minaya düşür. Qızğın döyüşlər getdiyindən yaralı mayoru dərhal döyüş bölgəsindən uzaqlaşdırmaq mümkün olmadığı üçün çoxlu qan itirir. 4 gün Ağcabədidə komada qalan Elsevərin həyatını qurtarmaq mümkün olmayıb.  

4 gün komadan qalan Elsevər Paşayev şəhidlik zirvəsinə yüksəlib. Şəhid mayor II Fəxri xiyabanda dəfn olunub.

Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Qarabağ” ordeni, "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.

Bu da belə... Saçların heç zaman ağarmayacaq şəhid mayor Elsevər Paşayevin ömür yolu. Zamanı gənc yaşında donan igid, sənin adın hər birimizin qəlbində əbədi yaşayacaq. Son sözü "Vətən sağ olsun!" - olan qəhrəman şəhid. 

Ruhun şad olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6966
avatar

Fidan İlqar

Oxşar yazılar