“Həmişə də deyirdi ki, oğlum olsa, pilot kimi yetişdirəcəm...” - ŞƏHİD ƏMANƏTİ
15 sentyabr 2022 20:15 (UTC +04:00)

“Həmişə də deyirdi ki, oğlum olsa, pilot kimi yetişdirəcəm...” - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Şəhriyar Əvəz oğlu Ağamalıyev haqqındadır.

Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul rayonunda anadan olub. Hacıqabul şəhər 1 saylı tam orta məktəbi bitirib. Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Vətən müharibəsi zamanı xüsusi təyinatlı həmlə qrupunun komandiri olub. Şəhriyar Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhriyar Ağamalıyev "Vətən uğrunda" və "Vətənə xidmətə görə" medalları ilə (ölümündən sonra) təltif edildi.

İlk tanışlıq...

Zərif, zərif olduğu qədər də kədərli, nisgilli səslə danışırdı Nərminə xanım. Özünü qürurla təqdim edərək söhbətə başladı:

- Mən Ağamalıyeva Nərminə vətən uğrunda canını fəda edən Ağamalıyev Şəhriyarın həyat yoldaşıyam...

Danışır, danışdıqca nigaran gözlərlə iki yaşlı oğlu İmrana, bir yaşlı qızı, atasının üzünü görə bilməyən Şəhrinura baxır:

- Biz Şəhriyarla qohum deyilik. Başqa-başqa rayonlardanıq. Bildiyiniz kimi, o, Hacıqabuldan idi. Mən isə əslən Zəngilan rayonundan idim. Amma şəhərdə böyümüşdüm. Biz 2017-ci ildə tanış olmuşuq. O vaxtı universitetin axırıncı kursunda oxuyurdum. Şəhriyar isə rayondan təzə gəlmişdi, Bakıdakı şirkətlərin birində işləyirdi. Həm də bizim evimizin yanında kirayə qalırdı. Məni də yəqin ki, evə gedib gələndə görmüşdü. Bir müddət mənə göz qoyub fikir verəndən sonra bir gün mənə yaxınlaşdı.  Dedi, Nərminə xanım sizi bir aydır ki, izləyirəm, sizdən çox xoşum gəlir, fikrim də ciddidir. Yəni tanışlığımız belə adi yol tanışlığı kimi başlandı. Təbii ki, mən onda heç bir razılıq vermədim. Amma bir müddət keçəndən sonra onun ciddiyyətini hiss etdim. Telefon nömrəmi ona verdim, söhbət etdik, danışdıq. O, xasiyyət və görünüş etibarı ilə mənim bütün istəklərimə cavab verirdi. Martda tanış olduq, iyunda nişanlandıq, sentyabrda isə toyumuz oldu. Dörd, beş ayın içərisində biz bir-birimizə bu qədər tezliklə isindik.

Arzu...

Cütlük ailə qurandan bir il sonra onların İmran adlı oğulları doğulur. Elə həmin ərəfədə Şəhriyarın işlədiyi şirkətdə ixtisarlar başlanır. Belə olan halda Şəhriyar hərbi sahəyə istiqamətlənir. Zabitlik kurslarını keçir, leytenant hərbi rütbəsi qazanır. 

- Zabit olandan sonra Şəhriyar Goranboyda, Tərtərdə hərbi fəaliyyətini davam etdirib. Hərbçi kimi də, ailə başçısı kimi də xüsusi bir adam idi. Zahirən ciddi, zəhmli olsa da, ürəyitəmiz, mehriban, qayğıkeş, dünyagörüşlü, hədsiz ailəcanlı idi. Övladından, ailəsindən ötrü canını verərdi. Onun vətənə yanaşması da bu cür idi. Həmişə deyirdi ki, vətənini sevməyən ailəsini də sevə bilməz. Bizim münasibətimiz başlayandan sonra qısa müddətdə ailə qurduq. Aramızda əlbəttə ki, sevgi oldu. Amma məni ona bağlayan onun zəhmətkeş və kişi xüsusiyyətlərini özündə daşıması idi. Həmişə arzu edirdim ki, tanrı mənim qarşıma varlı, imkan adam çıxarmasın. Yalnız ailəsinə bağlı insanla rastlaşım. Arzum yerinə yetmişdi. Bizim böyük sevgimiz oldu. Təəssüf ki, bu sevginin ömrü cəmi üç il çəkdi. İndi danışıram, yadıma düşür hər şey. Mənim üçün elə bir insanı itirmək həqiqətən də çox ağırdı (kövrəlir).

Divardakı bəy və gəlin şəklinə baxıram. Nərminə xanım gəlinlik, Şəhriyar isə bəy libasındadırlar. Hər ikisi xoşbəxt, bəxtəvərdirlər. Gözlərində ürəklərindəki sevgiyə inam, gələcəyə isə ümid var. Onlar şəklə çəkilən zaman bilmirdilər ki, üç ildən sonra bu xoşbəxtlik harasa yox olacaq. Müharibə deyilən bəla onların sevgisini yarımçıq qoyacaq. İki övlad atasız, bir qadın ərsiz, başsız qalacaq. Nərminə xanım mənim şəklə diqqətlə baxdığımı görüb deyir:

- Onunla bağlı o qədər xoşbəxt günlər var ki... Amma bir neçəsini heç unutmuram. Biz tanış olandan sonra ikimiz birgə idmana gedirdik. İdman deyəndə ki, birgə qaçırdıq. O, da işləyirdi, mən də. Bir-birimizi tez-tez görməyə vaxt olmurdu. Ancaq həmin qaçış vaxtı söhbətləşə bilirdik. Onda Şəhriyar mənə öz həyatını, yaşadıqlarını danışırdı. Həmin söhbətləri heç cür unuda bilmirəm. Ona deyirdim ki, sən çox möhkəm adamsan ki, başına gələn bu qədər hadisələrdən sonra daha da möhkəm olmusan. Şəhriyar doqquzuncu sinifdən fəhləlik edib ailəsi üçün pul qazanan oğul olmuşdu. O, hər şeyi sıfırdan başlayıb, özü qazanmışdı. Onun ən böyük arzularından biri də oğul övladının olması idi. Həmişə də deyirdi ki, oğlum olsa, onu pilot kimi yetişdirəcəm. Pilot olmaq onun uşaqlıq arzusu idi, ola bilməmişdi deyə, istəyirdi ki, oğlumuz olsun. Şükür edirəm ki, bizim birinci övladımız oğlan oldu və Şəhriyar bu sevinci yaşadı. Arzusu ürəyində qalmadı. Biz cəmi üç il ailəli qaldıq. Amma bu üç ildə o, mənim bir istəyimi də yerdə qoymadı. Özü də hər şeyin ən yaxşısını bizim üçün edirdi. 

­Müharibə...

- Nərmin xanım, sonra müharibə başlandı və...

Və... Bizim bütün gözəl günlərimiz bitdi, hər şeyə nöqtə qoyuldu. Mən həmin dövrdə hamilə olduğum üçün müharibənin başlanmasını, ümumiyyətlə, hansısa gərginliyi mənə bildirmirdi. Amma bilirdim ki, nəsə çətin təlimlərdən keçirlər. Müharibə başlayanda yoldaşım həmlə qrupunun tərkibində cəbhəyə göndərilib. Cəbhədə də komandir kimi iştirak edib. Onun meyiti gələnə kimi qərargah rəisi inanmırdı ki, Şəhriyar şəhid olub.

- Cəbhədə olanda sizinlə danışa bilirdi?

- Sentyabrın 28-də mənə zəng vurdu. Bir az danışdıq, mən kənardan atəş səslərini eşidirdim. Ona bu barədə deyəndə, dedi, təlim keçirilir, narahat olma. Sağollaşandan sonra anama dedim ki, Şəhriyar məndən nəsə gizlədir, orda nə isə baş verir. Ertəsi gün müharibənin başlandığını bildim. Şəhid olduğu günə qədər biz mütəmadi olaraq danışırdıq. Sonuncu telefon danışığımız oktyabrın 29-da oldu. Həmin gün o, sanki mənə hər şeyi tapşırıb sağollaşdı. Elə bil hiss edirdi ki, ona nə isə olacaq.

- Nə deyirdi?

- Daha çox oğlumu, dünyaya gələcək qızımızı tapşırırdı. Mənə deyirdi ki, özünü möhkəm tut, mənə nə isə olsa, özünü itirmə. Anamı tək qoyma, onun yanında ol. İndi sizinlə danışıram, yenə həmin ana qayıdıram. Səsi qulağıma gəlir (kövrəlir).

Son vida...

Ailəsi danışandan bir gün sonra yəni oktyabrın 30-da Şəhriyar Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olur. Onun meyiti neytral zonada qaldığından götürmək də çətinləşir. Lakin gecə ilə Şəhriyarın meyiti neytral zonadan götürülərək noyabrın 2-də ailəsinə təhvil verilir. Nərminə xanım isə deyir ki, həyat yoldaşının şəhid olacağını heç vaxt ağlına gətirməyib:

- Mən inanmırdım ona nə isə olar. Çünki yoldaşım çox güclü insan idi. İdmançı idi, nailiyyətləri də olmuşdu. Üstəlik də hərbi sahədə savadlı idi. Yəni həm fiziki gücünün, həm də biliyinin olması onu mənim gözümdə ölməz etmişdi. Amma gözlənilməyən hadisə baş verdi...

- Onun şəhid olması xəbərini necə bildiniz?

- Şəhriyar oktyabrın 30-da günorta saatlarında vurulmuşdu. Biz ayın 31-də bildik. Mənim dayımoğlu şəhid olanların adı olan siyahıda yoldaşımın adını görüb anama zəng vurmuşdu. Ondan Şəhriyarın soyadını soruşmuşdu. Daha sonra demişdi ki, bibi, Nərminəyə bildirməyin, Şəhriyar şəhid olub, adı şəhid olanların siyahısında var. Anam məndən bu xəbəri gizlədi. Amma mən onun gözlərindən bildim ki, nə isə olub. Həmin anları mən izah edə bilmərəm. Yeddi aylıq hamilə idim. Hər kəs məndən hər şeyi gizlədirdi. Anam dedi, hazırlaş, Hacıqabula gedirik. Bildim ki, nə isə baş verib. Hacıqabula çatanda, bayraqları, izdihamı görəndə, onun şəhid olduğunu bildim. Ora çatandan yarım saat sonra Şəhriyarın cənazəsini gətirdilər. Şəhriyar alnından və qolundan yaralanmışdı. O, qan itirmədən dünyasını dəyişmişdi. Onun hər bir əzası yerində idi. Hamilə olduğum üçün mənə son dəfə onu görməyə icazə vermədilər. 

Şəhrinur...

Şəhriyar şəhid olandan iki ay sonra onun qız övladı dünyaya gəlir. Yaşadığı həyəcanlı, ağır günlərdən sonra dünyaya övlad gətirən Nərminə xanım qız anası olanda, həm sevinc, həm də kədər hissi yaşayır:

- Şəhriyarsız övlad dünyaya gətirmək çox ağır hiss idi. Yanımda iki övladım vardı. Bilirdim ki, tək deyiləm, onların hər biri Şəhriyarın parçası idilər. Onun qanını daşıyırdılar. Amma həm də bilirdim ki, yanımda daha Şəhriyar kimi bir ailə başçısı, bir kişi yoxdur. Təkəm... Şəhrinurun adını Şəhriyarın adı ilə uyğunlaşdırdıq. O, qızının doğulmasını görə bilmədi. Şəhrinur doğulanda, onun üçün çox adlar fikirləşdik. Nəhayət Qurandan “Nur” surəsini və Şəhriyarın adındakı Şəhri sözünü birləşdirib bu adı qızıma qoyduq. O, Şəhriyarın nurundan dünyaya gəlmişdi.

Övladlarımın hər ikisi zahirən atalarına bənzəyir. Hər ikisində başqa cür nişanələri var. Çox istərdim ki, onlar xasiyyətdə də, vətənpərvərlikdə də ona bənzəsinlər. Allahdan bircə arzum var ki, Allah mənə güc-qüvvət versin ki, onları atalarının adına layiq böyüdüm. Çünki onlar böyük kişinin övladlarıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14559
avatar

Samirə Əşrəf

Oxşar yazılar