Oqtay Əliyev: “Gecələr o saqqallı kişi girirdi ora, səhərə qədər işıq yanırdı...” - SÖHBƏT
18 yanvar 2011 12:27 (UTC +04:00)

Oqtay Əliyev: “Gecələr o saqqallı kişi girirdi ora, səhərə qədər işıq yanırdı...” - SÖHBƏT

İştirak edirlər:
Qonaq – Oqtay Əliyev
Qarşılayan – Günel Mövlud

Epizodlarda:
Fotoqraf Zöhrab
“Travelers Koffe”-nin gənc ofisiantı

Lent.az-da oxucu, özümdə isə çəki artımı ilə müşahidə olunan səhər yeməyi layihəsinə bu dəfə “SOY Production”ın prezidenti, əbədiyaşar “Yeni Ulduz” yarışmasının münsiflər heyətinin üzvü, rejissor Oqtay Əliyevi dəvət eləmək istədim. Açığı, potensial həmsöhbətimə və süfrə yoldaşıma qorxa-qorxa zəng elədim. Burada gizlədəsi nə var ki, onun haqqında bircə dənə də olsun, yaxşı söz eşitməmişəm: yekəxana, özündən razı, kobud, əsəbi...

Amma bir məsələ var da. Haqqında ancaq yaxşı söz eşitdiyin adam elə də maraqlı olmur. Yaxşı adamnan neyləmək olar e, onsuz da yaxşıdı da... O ki qaldı belə “təriflər”lə anılan personaya, həəəə, bu artıq maraqlı məsələdi.

Gözlədiyimin əksinə, Oqtay müəllim dəvətimi tez və rahat qarşıladı. Məmnuniyyətlə razılaşdı və görüş yerinə beşcə dəqiqə gecikməyini nəzərə almasaq, vaxtı-vədəsində gəlib çatdı insanlara qəhvə və çay xəritəsi təqdim edən “Travelers”-ə.

Salamlaşıb, hal-əhval tutan kimi, qonağım müntəzir dayanmış növbəti gənc və ucaboy ofisiantı “qaraladı”:

- Hə, de görüm bizə nə verirsən, nəyin var?

Oğlan belə qəfil hücumu gözləməsə də, özünü tox saxladı, menyunu göstərib, sifarişləri alandan sonra tez də çıxıb getdi. Öz aramızdı, mən də qorxuram axı, odu ki, bəri başdan özümü sığortalamaq istəyirəm:

- Oqtay bəy, vaxtınızı çox almayacam. Elə yeməyimizi yeyə-yeyə bir az söhbət eləyərik.

Yenə də gözlədiyimdən fərqli olaraq, qonağım qətiyyən əsəbi və ya sərt görünmür.

Rahatca:

- Eləyək də. Nə istəyirsiz, eləyək! – deyir.

- Doğrudan?!

- Əlbəttə. Mən qulluğunuzda hazır.

Yavaş-yavaş arxayınlaşıram və bu arxayınlaşma təbii yekəbaşlığımla müşahidə olunur...

- Onda bəlkə mən oxuyum, siz də münsif kimi səsimi qiymətləndirəsiniz?

- (Gülümsəyir) Niyə də yox? Səsinizə güvənirsinizsə, buyurun.

- Zarafat bir yana, bu “Yeni Ulduz” elə sonsuza qədər davam eləyəcək? Hələ bitirmək istəmirsiniz?

- “Yeni Ulduz” axı niyə bitməlidi? Gənclər burada özünü sınayır, yaxşı reytinqi var...

- Bəs özünüz? Şou-biznes məmuruna çevrilmək xoşunuza gəlir?

- Yoox! Nə şou-biznes? Mən şou-biznesdən çox uzaq adamam.

- !!!

- Ciddi deyirəm. Mən ixtisasca rejissoram.

- Amma mən sizin bir filminizi də yadıma sala bilmərəm. “Yeni Ulduz”un münsifi kimi daha məşhursunuz...

- Siz niyə təkcə “Yeni Ulduz”dan yapışırsınız ki? Bu layihəyə qədər bizim neçə qısa filmlərimiz, verilişlərimiz olub. “Space”də “İşdən sonra” yəqin ki, yadınıza gəlir. Nə qədər iri çaplı məmur gəlirdi ora, hamısının qalstukunu açırdıq, verilişdə rahat söhbətlər eləyirdik. İctimai-sosial mövzuları araşdıran verilişlərimiz olub. Azərbaycan teleməkanına yenilik gətirən layihələr eləmişik. Düzdü, onların hamısının ideyası sırf bizə məxsus deyildi. Onsuz da dünyada yeni ideyalar çox az olur. Ruslar amerikalılara baxır, biz ruslara, türklərə baxıb, oxşar layihələr edirik. İdeyaların çoxu, adətən, okeanın o tayından gəlir.

- Layihələrinizi sadalayırsınız və açıq hiss olunur ki, tədricən sosial-ictimai tutum yoxa çıxıb, qalan təkcə şoudur.

- Məndən siyasi verilişlər istəyirsinizsə, deyim ki, buna həvəsim yoxdur. Heç bacarmaram da. Sosial-ictimai verilişlərə gələndə isə, siz elə bilirsiniz ki, bunları eləmək asandır? Bilirsiniz biz hansı jurnalistlərlə işləyirik? Mən istəyərdim ki, siz heç olmasa bircə həftə ATV-yə gəlib-gedəsiniz...

- Çox sağ olun, yaxşısı budur gəlməyim...

- Niyə? ATV-də nə xoşunuza gəlmir?

- Məsələ orasındadı ki, xoşuma gələn heç nəyi yoxdu. Amma söhbətimizin mövzusu ATV deyil. Bilmək istədiyim bir şey var: “Yeni Ulduz”un münsiflər masasında bundan zövq alaraq əyləşirsiz, yoxsa məcbur olduğunuza görə?

- Niyə məcbur olmalıyam ki? Çox həvəslə otururam orada.

- Məsələn, mən sizin yerinizə olsaydım, beş kitab oxumuş adam kimi, Azərbaycan gəncliyinin bir-birini tapdaya-tapdaya müğənni yarışmasına axışdığını görəndə vicdanım ağrıyardı...

- Amma mənim vicdanım ağrımır. Nəyi pisdi müğənni yarışmasına getməyin? Gənclik başqa hara axışmalıdı ki?

- Məsələn, universitetlərə.

- Ora da axışanlar var. Hər halda, meyxana yarışmasında “bu siçan seri siçan, basıbdı hər yeri siçan” deyib, çırtma çalmaqdansa, gəlib musiqi yarışmasında bəstəkar mahnılarını oxumaq, özünü təsdiqləməyə çalışmaq daha yaxşıdı.

- Savadınızı və potensialınızı nəzərə alaraq, mən sizin daha iri çaplı müqayisələr aparmağınızı arzu edərdim...

- Sizdən bir şey soruşum – siz nə bacarırsınız?

- Çox şey. Amma ən çox yazmaq bacarığımdan istifadə eləyirəm.

- SNN yazarlar arasında yarışma keçirir. Hər gün iştirakçıya tapşırıq verir. Məsələn deyirlər ki, bu gün sənin tapşırığın Devid Bekhemdən müsahibə almaqdı. Bu gün reportaj yazmalısan. Bu gün filan işi görməlisən. Siz də yazmağı bacarırsınız. Bax, deyək ki, sizin bu müsabiqəyə qoşulmağınızın, o tapşırıqları yerinə yetirməyinizin nəyi pisdi? Əgər qarşınızda Sorokin olmağın başqa yolu yoxdusa...

- Mənim qarşımda elə Sorokinin özünün təcrübəsi var: o, Sorokin olmaqdan ötrü heç bir yarışmada iştirak etməyib.

- Axı indi o dövr deyil. İndi özünü təsdiqləmək, dünyaya çıxmaq daha çətindi, rəqabət daha çoxdu. O vaxt belə yarışmalar da yox idi. Nə bilirsiniz, bəlkə imkan düşsəydi, Sorokin də yazarların yarışmasına qoşulardı.

- Bu ehtimaldı, amma qarşımızda fakt var – bu gün dünyaca məşhur olan rus yazıçılarının heç biri, nə Limonov, nə Pelevin, nə Tolstaya ulduz yarışmalarında iştirak etməyiblər.

- Əgər yarışma boyu bəstəkar mahnıları öyrətdiyimiz, dünya musiqisindən azdan-çoxdan ciddi adlar tanıtdığımız iştirakçıların qoşulduğu yarışmaya da siz belə yanaşırsınızsa, onda mən bilmirəm, səviyyəli, ciddi layihə nəyə deyirsiniz... On ildi biz “Yeni Ulduz” keçiririk. Hər il on altı nəfər iştirak edir finalda. Amma indi on altı istedadlı, üzdə olan müğənni yoxdu e o yarışmadan...

- Onda bu yarışmanı niyə keçirirsiniz?!

- Dörd nəfər var axı! İlhamə, Aygün, Çingiz var. Onları üzə çıxarmaq az işdi? Bu gənclər özlərini “Yeni Ulduz”da təsdiqləyiblərsə, bunun nəyi pisdi? Küçədə avaralanmaqdansa, “Facebook”da yatıb-durmaqdansa, “Yeni Ulduz”a getmək yaxşı deyil?

- Yeri gəlmişkən, “Facebook”a elə barmaqarası yanaşmağınızı qəbul eləmirəm. Orada çox ciddi ictimai müzakirələr aparılır.

- Hə? Cəmi beş-on adam iştirak edir o müzakirələrdə. Amma axmaq, mənasız bir məsəlin müzakirəyə çıxar, yüzlərlə adam qoşulacaq.

- Sizin də profiliniz var orda?

- Yox, əşşi! Mənim öz “Facebook”um var. Ölkədə bəlkə də heç kimdə olmayan antenalar quraşdırmışam. Dünyada hansı ölkə varsa, hamısının televiziyalarına baxa bilirəm. İtalyanların, ermənilərin, çinlilərin... bir sözlə, hamısının.

Bu yerdə fotoqrafımız Zöhrab gəlib çıxdı. Sifarişlərimiz də artıq gəlmişdi. Qonağım söhbəti yarımçıq qoyub, ciddi-cəhdlə fotoqrafımızı yeməyə dəvət eləyirdi. Sonuncu razılaşmayıb, şəkil çəkmək məqsədini bildirəndə, qonağım başqa təklif irəli sürdü:

- Bəlkə, biz söhbətimizi qurtarandan sonra xaşa gedək?

Zöhrabın yerinə mən olsaydım, razılaşardım. Amma fotoqrafımız məndən fərqli olaraq, ağırfəndi adamdı. Şəkillərini çəkib, çıxıb getdi. Oqtay Əliyev isə indi də boynuna almadığı şou layihələrində iştirak edən qonaqlardan danışırdı:

- Sizin rus televiziyasında baxdığınız, xoşlandığınız layihələrin oxşarını biz də məmnuniyyətlə eləmək istəyirik. Amma alınmır axı. Bir ağıllı, sərbəst adam tapırsan, ikincisini tapırsan, üçüncü verilişdə qalırsan belə. Mən yatıb-durub Mananaya dua eləyirəm ki, nə yaxşı Manana var! Bu qızın sərbəstliyi, komplekssizliyi neçə dəfə verilişi xilas eləyib. Nisə Qasımova da rahatdı verilişdə. Amma bununla da bitir. Biz də müğənnini yaxşı mənada dolamaq istəyirik, səviyyəli, ciddi söhbətlər eləmək istəyirik. Amma bizim müğənnilərə ciddi bir sual verirsən, gözünün içinə baxa-baxa qalır. Hər şeyi verilişin, aparıcının boynuna yıxmaq düzgün deyil. Çağırdığın qonaqlar da maraqlı adamlar olmalıdı. Və siz də mənimlə razılaşarsınız ki, belə adamlar ölkədə o qədər də çox deyil. Siz qəzetdə, saytda layihə başlayanda çoxmu maraqlı adam tapırsınız?

- Yox. Hər dəfə zülm çəkirəm.

- Biz də elə. Amma qarşımızda tələblər var: veriliş reytinq verməlidi.

- Siz niyə həmişə prodüser kimi düşünürsünüz? Axı bir az da vətəndaş olmaq lazımdı.

- Bizim verilişlərdə vətəndaş olmağımız hiss olunmur?

- İnciməyin, amma mən sizin vətəndaşlığınızı görmürəm.

- Belə görürəm ki, siz mənim vətəndaşlığımı görəsiniz deyə, mən ya fəhlə işləməliyəm, ya da daş daşımalıyam. Adam bir iş bacarar, onu da eləyər .

- Özünüz dediniz axı, bacardığınız rejissorluqdu. Niyə film çəkmirsiniz?

- Mən bir müddət reklamlar çəkirdim. Bu da rejissorluq tələb edən işdi. Təbii ki, reklam çəkirsənsə, sifarişçi ilə işləyirsən. Və onun tələb elədiyini verməlisən. İnanın, elə sifarişçilər olurdu, süd reklamında çəkilməli on yaşlı uşağın yerinə on səkkiz yaşlı gənci gətirirdi ki, bunu çək. Deyirdim axı, mən reklamda uşaq nəzərdə tutmuşam. Deyirdi, axı bu da bizim qohumun uşağıdı, söz vermişəm. Bir deyil, iki deyil. Axırda bezdim. İndi də demirəm nəsə ciddi bir şedevr çəkmək istəyirəm. Amma bir serialın mövzusu, planı var beynimdə. Sadəcə elə problemlər var ki, bunlara görə mən işə başlaya bilmirəm. Birincisi, işi hansı kanala təklif eləyirəmsə, mənə elə məbləğ təklif eləyirlər ki, o məbləğə ən yaxşı halda “Bacanaqlar”ı çəkmək olar. İkincisi, mən türk, rus telekanallarında işləyən operatorları bu ölkədə tapa bilmərəm. Siz bircə dəfə bizim verilişlərin çəkiliş prosesində iştirak etsəydiniz, görərdiniz ki, biz operatorlarla necə işləyirik. Rejissor on dəfə operatora deyir ki, ekrana qonağı ver! Onuncu dəfə operator başını mesaj yazdığı telefondan qaldırıb, soruşur ki, qonaq kimdi? Biz belə adamlarla işləyirik e, sonra da mətbuat başlayır ki, verilişin səviyyəsi burdan getdi, müğənni belə oldu.

- Deyirsiz, sizə qarşı insafsızlıq elədim?

- Yox e, yazın, mən incimirəm, amma heç kim bizim mətbəximizi, əziyyətimizi bilmir axı...

Söhbətimizin bu yerində ucaboy, eynəkli bir gənc bizə yaxınlaşdı. Salam verib, eynəyini çıxararaq, qonağımdan üzrxahlıq eləyib mənə:

- Xanım, komplimentə görə çox sağ olun! - dedi və gülümsəyərək, çıxıb getdi.
Bir neçə dəqiqə çaşıb qaldım, amma ikicə dəqiqədən sonra oğlanı uniformada görəndə məsələni başa düşdüm. Ötən yazılarımdan birində kafenin bir-birində yaraşıqlı, manekenə bənzəyən ofisiantlarını mədh etmişdim. Bu gənc o xırda diqqətə görə təşəkkür etməyi vacib saymışdı. İlahi, necə də nəzakətlidilər!


Qonağımasa arada bir zəng gəldi. Başqalarının söhbətinə qulaq asmaq mərifətdən uzaq olsa da, onun kiminləsə ATV-nin aparıcısı Zaur Baxşəliyev barədə danışdığını anladım. Telefonu yerə qoyub:

- Bu da mənim anam, respublikanın xalq artisti. Deyir, Zaur hara yoxa çıxıb? Heç məndən soruşmur e, sən hardasan?

- Bəlkə, sizin öz xidmətinizdi? Bildiyim qədərilə ünsiyyətə çox çətin adamsınız.

- A, onu sizə kim deyib?

- Təkcə bu deyil ki. Hətta Dilarə xanım da deyir ki, sizinlə yola getmək mümkün deyil. Barənizdə eşitdiyim ən yumşaq söz budu ki, sizdə “maniya veliçiya” var.

- Hətta?! (gülür) Mən yazıq... Bax, mənə zəng elədiniz də. Nə dedim sizə?

- Gözlədiyimin əksinə olaraq, çox yumşaq cavab verdiniz.

- Adamlar çox vaxt belə olur. Məsələni bilmirlər, amma tez qərar verirlər, nəticə çıxarırlar. Mən arıqlamağa başlayanda, min dənə söz dedilər. Biri dedi xəstədi, biri dedi narkotik tərkibli dərmanlar qəbul eləyir arıqlamaq üçün, biri nə bilim, nə dedi. Heç kimin ağlına gəlmədi ki, bəlkə elə mən idman eləyə-eləyə, sağlam arıqlama yolunu seçmişəm. İnsanam da, mən normal yolla, idmanla arıqlaya bilmərəm? (gülür) “Yeraz” olanda nə olar, mən də insanam...

- Yeri gəlmişkən, niyə arıqladınız ki?

- Siz məni əvəllər görmüşdünüz də...

- Əlbəttə.

- Çəkimi görmüşdünüz də. Yüz qırx beş kilo idim. Artıq ayaqlarım o çəkini gəzdirə bilmirdi. Günlərin birində onurğam zədələndi. Dəhşətli ağrılar yaşadım. Xəstəxanalıq oldum, o ağrıları azaltmaq üçün morfi-zad da vurdular mənə. Sonra da məsləhət gördülər ki, belə alınmayacaq, ən yaxşı yol arıqlamaqdı. Mən də ciddi pəhriz saxlamadan, heç bir əlavə dərmandan istifadə eləmədən, idmanla arıqladım. Düzdü, ciddi paltar problemi yaşadım. Çünki sürətlə arıqlayırdım deyə, paltarlarım bir ucdan sıradan çıxırdı. (məmnunca) Amma indi görürsünüz də.

- Göz dəyməsin, belə çəki yaraşır sizə. Sizinlə görüşəcəyimi deyəndə, redaksiyanın əksər əməkdaşları bərk maraqlandı. Və bir xanım redaktorumuz da xahiş elədi ki, sizdən soruşum: evdə hakimiyyət kimin əlindədir?

- Evdə hakimiyyət deyilən bir şey yoxdu. Məsləhət-məşvərət şurası var. Həll olunası bir məsələ, hər hansı bir təklif varsa, mən onu gündəmə gətirirəm. Ailənin bütün üzvlərinin təklifləri dinlənilir. Səsə qoyulur və qərar qəbul edilir. Yox, həlledici təklif yoxdusa, məsələ öz həllini tapmırsa, onda işi ağsaqqallar şurasına təqdim edirik. Yeri gəlmişkən, hanı mənimlə maraqlananlar, niyə bura gəlməyiblər?

- Onlar bura gəlsəydi, biz söhbət edə bilməzdik.

Bu vaxt ofisiantımız gülə-gülə bizə yaxınlaşıb:

- Elçin müəllim icazə versə, bir şəkil çəkdirərdik. – dedi.

Mən döyükə-döyükə baxsam da, qonağım özünü itirmədi:

- Mən Elçin deyiləm, Murad Dadaşovam.

Heç ofisiant da ondan geri qalmazdı:

- Nə olar, Murad müəllim olun. Murad müəllim, olar sizinlə bir şəkil çəkdirək?

- Olar, biz söhbətimizi bitirək, sonra çəkdirərik.


Oğlan uzaqlaşandan sonra dərindən nəfəsimizi dərib, növbəti “raund”a başladıq.

- Dediniz ki, az qala bütün ölkələrin televiziyalarına baxa bilirsiniz. Nələr müşahidə edirsiz?

- Görürəm ki, ruslar necə azad, əhli-kef xalqdı, italyanlar yaxşı mənada dəlidi, türklərin ağlayıb-sızıldamaqdan ötrü ürəyi gedir... Yeri gəlmişkən, ən çox pul gətirən üsul türklərin üsuludu. Bizdə telekanallara ağlamalı, kövrək mövzulu verilişlər təqdim eləyəndə reytinq verir. Pul gətirir. Odu ki, hərdən deyirəm, başqa əlacımız yoxdu, dəsmalımızı çıxaraq e!

- Necə ola bilər ki, siz təkcə reytinqi düşünəsiniz? Yəni reytinq versə belə, “mən belə şey çəkmərəm!” deyə mövqe nümayiş etdirəcəyiniz bir şey yoxdu?

- Var. Xoşqədəm xanım dostumdu, amma məndən “Sən tək deyilsən” tipində bir veriliş istəsələr, çəkmərəm. Biz televiziyalardan danışırdıq axı... Sonra maraqlı bir şey müşahidə eləmişəm ki, Ukrayna və Belarus televiziyasında dekorlar, səhnə tərtibatı o qədər köhnə, bozdu ki, elə bil ruslar inkişaf elədikcə, varlandıqca kör-köhnələrini onlara bağışlayıblar...

- Bu təəccüblü deyil. Ukrayna da, Belarus da kasıb ölkələrdi. Erməni dilini yəqin ki, yaxşı bilirsiniz...

- Əlbəttə. Hətta bir bəlam var – bizə rus dilini erməni müəllimə keçib axı. Onların da rusca hansı aksentlə danışdığını bilirsiniz də. İndi də mən rusca danışanda erməni ləhcəsi ilə danışıram. Odu ki, çalışıram rusca mümkün qədər az danışım.

- Yəqin ki, onların verilişlərinə rahat baxa bilirsiniz...

- Baxıram. Erməni televiziyası nədi, bu gün ermənilər rusların TNT-sini az qala zəbt eləyiblər. Kanaldakıların demək olar ki, yarısı ermənidi. Amma bizim Tahir və Cabir o boyda intellektlə, incə yumor bacarığı ilə TNT-yə çıxa bilmirlər.

- Elə çıxmasalar yaxşıdı. TNT demək olar ki, Rusiyanın ATV-sidi. Şou-biznes kanalından başqa bir şey deyil.

- Axı burada da tükənib gedirlər. Düzdü, onların “Yumor kuboku”nə sevinirəm və məmnuniyyətlə baxıram. Amma Tahirlə Cabir bundan neçə qat ciddi işlər bacarar axı.

Axır ki, aradakı buzlar qırılandan, qonağımla rahat dil tapandan sonra, söhbətimiz rahat və xoş axara düşdü. Oqtay Əliyev öz uşaqlığından, gəncliyindən, İrəvandakı evlərindən danışırdı:

- Yaşadığımız ev İrəvanın mərkəzində idi. Elə-belə bina deyildi, bilirsən nə qonşularımız vardı?! Məsələn, sənin tanıya biləcəklərindən Paracanov, Frunzik o binada yaşayırdılar. O vaxt heç Paracanovun kim olduğunu bilmirdik. Uzun saqqallı, pinti kişi idi. Hamımız onu dəli bilirdik. Həyətdə taxtadan bir tualeti vardı. Elə ki gecə oldu, tualetin işığı yanırdı. O saqqallı kişi girirdi ora, düz səhərə qədər işıq yanırdı. O vaxt uşaq idik axı, fikirləşirdik ki, yəqin, tualetin içindən harasa gizli yol var. Yoxsa niyə səhərə qədər işığı yansın? Bir gün dözmədik, qapısını açıb baxdıq. Nə görsək yaxşıdı? Tualetin içi kitabla doludu. Səhərə qədər burada kitab oxuyurmuş. Ancaq “Mimino”nun ən yaxşı vaxtlarında Vaxtanq Kikabidze həyətimizdə göründü. O Paracanovun əlini öpəndə başa düşdük ki, bu kimdisə, ciddi adamdı. O vaxt Paracanovu tanıyan yox idi axı, nə çəkirdisə qadağa qoyulurdu.
Bakıda məlum proseslər başlayanda bizim hələ heç nədən xəbərimiz yox idi. Əslində bilirdik, amma bu qədər mürəkkəb olduğunu bilmirdik. Bir gün Elçinlə kinoteatra getmişdik. “Kinq-Konq” filmi idi...

- Çəkinizi nəzərə alanda “Kinq-Konq”a baxmağa getməyiniz məntiqlidi...

- (gülür) Razıyam. Kino qurtarandan sonra, küçəyə çıxmışıq, Elçin qışqıra-qışqıra kinodan danışır: “Gördün dəə, Kinq-Konq əlini sinəsinə necə döyürdü!”. Dedim, qışqırma, özün də azərbaycanca danışma, bu dəqiqə bizi öldürəcəklər. Sonra eşitdik ki, Eçmiədzinin qarşısında Vazgen nitq deyir. Getdik ora. Ermənilərə qoşulub, qulaq asmağa başladıq. Birdən Elçin dedi ki: “Bu nə danışır e?!” Hamı dönüb bizə baxdı. Bir anlıq təsəvvürümə səhnə gətirdim: iki dəqiqədən sonra ikimizi də çarmıxa çəkib, dərimizi soyurlar...

Söhbətimiz əlavə bir fincan qəhvə və Murad Dadaşovu, Oqtay Əliyevi, Elçin Əlibəylini bir-birinə qatıb, bir persona düzəldən ofisiantın fotosessiyası və qonağımın bir pritçası ilə bitdi:

- Bir dəfə erməni telekanallarına baxıram. Bir qadın çıxıb dama, özünü ordan atmaq istəyir. Jurnalistlər, televiziya yığışıb binanın qarşısına. İki televiziya jurnalisti də çıxıb qonşu binanın damına, qadından müsahibə alırlar. Qadın müsahibə verib, özünü atmalıdı aşağı. Yəni intihar edir də, öləcək axı. Qəfildən qayıdıb soruşasan ki, bu veriliş efirə nə vaxt gedəcək?! İndi onun sözü olmasın, söhbətimizi nə vaxt oxuyacam?..

# 7762
avatar

Günel Mövlud

Oxşar yazılar