İsa Qəmbər: “Ona yazdığım sevgi şeirini hələ də saxlayır...” - SÖHBƏT
17 may 2011 13:07 (UTC +04:00)

İsa Qəmbər: “Ona yazdığım sevgi şeirini hələ də saxlayır...” - SÖHBƏT

Qonaq: İsa Qəmbər
Qarşılayan: Günel Mövlud


Nə qədər təəccüblü olsa da, Müsavat başqanı İsa Qəmbəri heç vaxt üzbəüz görməmişdim. Mənim üçün Başqan uşaqlıqda televizorda tez-tez parlament kürsüsündə gördüyüm, sonralar fotosu qəzetlərdən, üzü televiziyadan, özü siyasi səhnədən düşməyən yarıtarixi, yarıəfsanəvi şəxsdi. Aradan uzun illər keçdi, yazarınız yarızarafat-yarıciddi məşğul olduğu jurnalistika sahəsində ən az məsuliyyət tələb eləyən sahələri seçdiyinə görə, böyük siyasətdən və onun tərkib hissələrindən olan İsa Qəmbərdən də uzaq düşdü.

Amma müasir dünyamızda uzağı yaxın, əlçatmazı əlçatan eləyən sosial şəbəkələr Başqanla biz sadə ölümlüləri də yaxınlaşdırdı. Bir də gözümüzü açdıq ki, bah, İsa bəylə facebook dostuyuq, Başqan statuslarımıza kommentlər yazır, şəkillər və fikirlərini paylaşır. Düzdü, gecəyarısına kimi onunla çatlaşmaq lüksünə hələ nail olmasaq da, etiraf eləyək ki, yuxarıda sadaladıqlarım da pis göstərici və az nailiyyət deyil.

Uzun sözün kəsəsi, Müsavat başqanı İsa Qəmbəri “Travelers Coffee”də səhər yeməyinə dəvət eləmək istəyəndə, uzun müddət tərəddüd elədim. Hazırcavablığı ilə tanınan Başqan təklifimi qəbul eləyərmi? İkincisi, eləyərsə, adətən qonaqlarımla apardığım qeyri-ciddi, ağıllı mövzulardan uzaq söhbətləri onunla edə bilərəmmi?

Mütəqqəlqəl durumdan çıxış yolunu özümdə cəsarət tapıb, Başqanın “inbox”una bir dəvət məktubu yazmaqda gördüm və qəlbimin dərinliyində ümid elədim ki, İsa bəy yazılarından üzüm ayağınızın altında, yekəbaşlıq yağan məsuliyyətsiz və qeyri-ciddi qızın təklifini qəbul etməkdən bilmərrə imtina edəcək. Amma həyat, düşündüyüm qədər də qəddar deyilmiş. İsa bəy nəzakət dolu cavab məktubu ilə təklifimi qəbul elədiyini bildirdi və ötən həftənin şənbə günü, səhər saat 10.08-də təşrif buyurdu hadisələrin vaqe olduğu “Travelers Coffee”-yə...

Bəy 8 dəqiqə gecikmiş, yazarınızsa ətəyin ən darını, köynəyin ən tülünü geyinib, 18 dəqiqə tez gəlmişdi. Baxmayın, adam səhər yeməyini hər gün İsa Qəmbərlə yemir axı :). Bu insan bir vaxtlar ölkədə ikinci şəxs olub. O boyda Başqan kultu var müxalif çevrələrdə. Üstəlik, abzas.net-də Marsel Prustun suallarına cavab verən Başqan: “Gözəl bir qadın kirpiklərini endirəndə o kirpiklərin səsini eşitmək istəyirəm” deyərək, nə qədər romantik olduğu barədə də eyham vurub… Dəyərləndirmək lazımdır :)

Bəli, dediyim vaxtda Müsavat başqanı gözündə eynək, üzündə təbəssüm, qəlbində xoş arzular (ümid eləyirəm ki, belə idi ) “Travelers”-in qapısında göründü. Həyəcanla əl uzatdım, görüşdük və qonağım halımı soruşanda:

- Bu vaxt oyanan adam özünü nə qədər yaxşı hiss edə bilərsə, o qədər yaxşıyam... – dedim.

Qonağım eynəyini çıxarıb, şişmiş gözlərini ovuşdurdu:

- Mən də bu saatlarda yuxudan oyanmağı sevmirəm.

Mən əsl ev sahibi kimi, canıyananlıqla:

- Gözləriniz də qızarıb. Deyəsən, gecə pis yatmısınız…

İsa bəy gülümsəyir:

- Əksinə. Gecə çox yaxşı yatmışam. Amma çox az yatmışam.

Demək istədim, sübhə qədər “facebook”da oturmağın axırı budur, amma özümü saxladım, qonağım nə qədər üzügülər görünsə də, nə bilmək olar, bəlkə əsəbiləşdi…

- Bəy, buna inanmaq mümkün deyil, amma mən ilk dəfədir ki, Sizi canlı görürəm…

Gülümsəyir:

- Nə etmək olar? Bu, əvvəl-axır baş verməli idi.

Ürəyim yavaş-yavaş yerinə gəlir: İsa bəy zarafata və xoş ovqata köklənib deyəsən.

- Amma çox gec oldu.

- Eybi yoxdu, heç olmamaqdansa, qoy gec olsun.

Yenə “Travelers”in gənc və yaraşıqlı ofisiantlarından biri başımızın üstünü kəsdirir və sifariş gözləyir. Menyunu qonağıma tərəf sürüşdüsəm də, o seçimi mənə tapşırır:

- Buyurun, seçimi sizin ixtiyarınıza buraxıram, amma ümid eləyirəm ki, təklifləri səsləndirəcəksiz.

- Əlbəttə, Bəy! Biz demokratik ölkədə yaşayırıq...

Menyuda gözüm tutanları sadalayıram və qəfil sosisli, bekonlu bir şey təklif edəndə, qonağım ehmallıca etirazını bildirir:

- Yox, sosis, bekon olmasın…mən…

- Oy, bağışlayın, Hacı olduğunuzu unutmuşdum…

Qarşılıqlı razılaşmadan, İsa bəy ofisiantı kafedəki balın keyfiyyəti barədə babat sorğu-suala çəkəndən sonra ballı blinçiklər, meyvə salatı, qara qəhvə və məxsusi olaraq, qonağım üçün bir fincan qaynar şokoladın üzərində dayanırıq. (mən “qaynar şokolad” kimi burjua meyllərindən uzağam)
Ofisiant uzaqlaşandan sonra, fağır-fağır boynumu bururam:

- Bəy, açığı, Sizi dəvət edəndə, təklifimi qəbul edəcəyinizə inanmırdım…

- Niyə ki? Səhər yeməyi çox gözəl təklifdir, üstəlik belə gözəl xanımla səhər yeməyi yemək ikiqat xoşdur.

Filmlərdəki xoşbəxt və başdanxarab qadın qəhrəmanlar kimi kirpiklərimi çırpıram:

- Bu burunla gözəl olmaq mümkün deyil, amma yenə də bu sözləri eşitməkdən xoşbəxtəm…

- Mükəmməl sifəti olan insan yoxdur axı…Yəqin məndən kompliment eşitmək istəyirsiz. Mənsə, bunu bacarmıram. Amma doğrudan da, sizi qiyabi tanıyıram, şeirlərinizi oxuyuram. Yeri gəlmişkən, bağışlayın, kitabınızı hələ axıra qədər oxuya bilməmişəm. Düşündürücü şeirləriniz var, amma adam birin oxuyandan sonra bir az gözləmək, həzm eləmək istəyir. Odur ki, kitab hələ başa çatmayıb.

- Məncə, səbəb dedikləriniz deyil. Eşitdiyimə görə, ümumiyyətlə, şeir sevmirsiniz.

- Bir qədər həqiqət var. Gəncliyimdə heç şeir sevmirdim. Fikirləşirdim ki, sözünü demək istəyirsənsə, elə birbaşa de. Daha qafiyə, forma axtarmaq nəyə lazımdı? Odur ki, həmişə nəsrə üstünlük vermişəm. Amma yaşa dolduqca gördüm ki, bəzi şeyləri nəsrlə demək olmur, gərək mütləq şeirlə deyəsən. Sonra öyrəndim ki, bir çox nasirlər ya gəncliklərində şeir yazıb, üzə çıxarmayıblar. Ya da yaşlanandan sonra şeir yazmağa başlayıblar. Məsələn, Mirzə İbrahimov… Məndə də şeirə maraq yaşlanandan sonra yarandı…

- “Mirzə İbrahimov” sindromu?

Gülür:

- Hə, deyəsən, təzə mövzu tapdınız?

- Bir dəfə sorğu keçirmişdik siyasətçilər arasında. Mövzu bu idi ki, hansı yaradıcı tərəfləri var? Onda cavab vermişdiniz ki, ədəbi təcrübələriniz var, amma siyasətdən getməsəniz, onları üzə çıxarmayacaqsız…

- Yəqin, üzə çıxarmaq məsələsini zarafatyana demişəm. Amma ədəbi təcrübələrim o qədər də çox deyil. On bir yaşımda bir hekayə yazmışdım. Bəlkə də inanmayacaqsınız, amma hekayənin adı “Azadlıq” idi. Həbsə düşmüş və oradan xilas olmaq istəyən bir adam barədə idi. Mən yazılı kağızlara çox qiymət verirəm, heç vaxt atmıram, amma heyf ki, o hekayənin əlyazmasını itirmişəm. “Neftçi” qələbə çalanda, bu qələbənin şərəfinə uzun bir şeir yazmışdım. Sonrakı təcrübəm isə yetkinlik yaşlarımda oldu. Bir qazaxlı dostum var, çox yaxşı oğlandı, sizdən yaxşı olmasın. Onunla mübahisəmiz düşdü. Dedi ki, şeir Allah vergisidir, ancaq xüsusi istedadı olan adamlar şeir yaza bilər. Mənsə dedim: savadı olan, ağlı olan istənilən adam oturub, şeir yaza bilər. Mərc gəldik və o, şeir yazmaq üçün mənə üç gün vaxt verdi. Üç şeir yazdım onda. Biri sərbəst şeir idi. Biri ictimai-siyasi mövzuda qoşma, biri də indiki həyat yoldaşıma həsr elədiyim sevgi şeiri idi. O iki şeirin də əlyazmasını itirmişəm, amma həyat yoldaşım o sevgi şeirini hələ də saxlayır… Mənsə, mərci udsam da, daha şeir yazmadım. Çünki başa düşdüm ki, dostum düz deyir: şeir Allah vergisidi. Savadlı, ağıllı adamın yazdığı şeir isə quru texnikadan başqa bir şey deyil. Bu arada, bizim söhbətimizin mövzusu nə olacaq?

- Mövzu yoxdu. Nə danışa biləriksə, danışacağıq. Qeyd də eləmirəm.

- Hə, yəni mənim nə danışmağımdan asılı olmayaraq, siz öz istədiyinizi yazacaqsız?

- Yox, mən təəssüratlarımı yazacam.

- Vaxtımız nə qədərdi?

- Belə deyək: yeməkdən və bir-birimizdən doyana qədər…

Qonağımın üzü bir az dəyişir:

- Yeməkdən doymaq asan işdi, amma “bir-birimizdən doymaq…” bu bir az uzun söhbətdi…

Bu arada yeməklərimiz gəlmişdi. Ofisiant dolu məcməyini masaya qoymağa macal tapmamış, fotoqrafımız gəlib çıxdı. Nəzakət qaydalarına əməl edərək:

- Bəy, bu bizim fotoqrafımız Ramildi.

- Silah-sursatından elə də başa düşdüm ki, fotoqrafdı.

Bunu deyib, bayaqdan çıxardığı eynəyi gözünə taxır:

- Eynəyimi taxım ki, şəkildəkinin İsa Qəmbər olduğunu başa düşsünlər.

Yeməyə başlayana qədər qonağım bir az ofisiantla, bir az fotoqrafımızla, bir az mənimlə zarafatlaşıb, yarımçıq qalmış söhbətimizə qayıtdı.

- Həbsdə olanda bəzi qeydlər eləmişdim. Sonradan onları çap etdirmək fikrinə düşəndə, dostlardan biri zarafatla yazmışdı ki, İsa Qəmbərin “məhbəs xatirələri” çıxacaq. Sonralar Türkiyədə müxtəlif ölkələrin parlament sədrlərinin toplantısı idi. Albaniyanın parlament sədri ilə söhbət eləyəndə, o mənə dedi ki, 29 il həbsdə yatıb. Ondan soruşdum ki, otuz ilə yaxın vaxt ərzində həbsdə nə ilə məşğul olub. Dedi ki, bir neçə dil öyrənib və bir neçə klassikin əsərlərini öz dillərinə tərcümə edib…

- Bəy, mənim qaramat proqnozlar verməkdən çox xoşum gəlir. Siz bir də həbs olunsanız və orada xeyli qalacağınızı bilsəniz, nə ilə məşğul olacaqsınız?

Gülür:

- Mənim sevdiyim əsərlərin demək olar ki, hamısı dilimizə çevrilib, amma düşünürəm ki, orada özümə intellektual bir məşğuliyyət taparam.

Və yeməkdən məmnun halda:

- Blinçiklər dadlıdı. Seçimi sizə buraxmaqda yanılmamışam.

- Onda mənimlə razılaşın ki, qadına inanmaq olar.

Əlində çəngəl-bıçaq bir neçə saniyə duruxur:

- Qadına…inanmağa…məcburuq. Mən qadının böyük qüvvə olduğunu həmişə etiraf eləyirəm. İstər sadə, şəxsi, istərsə də, ictimai-siyasi həyatda…

- Amma mənə elə gəlir ki, bizdə ictimai-siyasi həyatda maraqlı qadın sarıdan qıtlıqdı. Belə qadınlar olsa da, həmsöhbət kimi maraqlısı, açığını tapmaq çətindi.

- Deməli, bütün qadınlar kimi, sizdə də həsəd hissi var. Maraqlıdı, rəqabət, həsəd kimi şeylər qadınların arasında daha çoxdu, nəinki kişilərin.

- Özümdə həmcinslərimə qarşı həsəd və rəqabət hissinin olduğunu hiss eləmirəm. Çünki bütün yaradıcı adamlar kimi, iddiam yoxdu.

- Dünyada ən iddialı adamlar, elə yaradıcı adamlardı.

- Ola bilər, amma yaradıcı adamların iddiaları, belə deyək, məsum iddialardı. Məsələn, siyasətçilərin iddiaları kimi, məkrlə, qanla, qəddarlıqla müşayiət olunmur.

- Bilirsiz, yaxşı adam peşəsindən asılı olmayaraq, yaxşı adamdı. Pis adam da həmçinin. Buna görə, düşünmürəm ki, insan siyasətçidirsə, iddiaları mütləq qanla, məkrlə müşayiət olunur. Yaradıcı adam da məkrli ola bilər, qəddar ola bilər. Bu keyfiyyətlər peşədən doğan şeylər deyil.

- Tarixdə əli milyonların qanına batmış siyasətçilər var, amma belə bir yazıçı yoxdu axı…

- Mən sizə məkrli, qəddar yaradıcı adamlarla bağlı xeyli misallar gətirə bilərəm. Bunlardan biri də Motsartla Solyerinin tarixçəsidi. Bu da sizə iddiaları məkrlə, ölümə müşayiət olunan yaradıcı adam.

- Məncə o tarixçədə səbəb yaradıcı iddialar olmayıb. Aralarında qadın söhbəti olub hər halda…

- Bu iddia deyilmi? Özünü güclü hiss eləmək, başqalarının bu gücə inanması üçün insanlar daha çox hakimiyyətə, daha çox qadına sahib olmaq istəyirlər. Yəni sizin ehtimalınızda da məkr payı var. Gəlin razılaşaq ki, insanların mənəvi keyfiyyətləri peşələrinə görə dəyişmir.

Əlimdən nə gəlir? Qonaqdı, Başqandı, üstəlik arqumentləri də güclüdü. Söhbəti dəyişirəm.

- Bəy, bayaq yemək seçəndə sosisdən imtina eləyəndə gördüm ki, Hacılığın qayda-qanunlarına ciddi-ciddi əməl eləyirsiniz. Amma mən həmişə elə bilirdim ki, Həcc ziyarəti dindarların dəstəyini qazanmaq üçün bir siyasi gediş idi…

- Donuz əti ilə heç vaxt aram olmayıb. Ət məsələsində mən qoyunlara üstünlük verirəm. Bu öz yerində. O ki qaldı Həcc məsələsinə, Sovet vaxtı məktəbdə, universitetdə bizi nə qədər ateist ruhda yetişdirməyə çalışsalar da, mən həmişə bilirdim ki, dünyanın yaranışında ilahi bir əl var. Mənim babam qatı dindar idi. O qədər dindar idi ki, məhərrəmlikdə televizoru açmırdı. Bir dəfə yenə məhərrəmlik ayı idi. “Neftçi”nin oyunu vardı. Atam mənə dedi ki, baban səni çox istəyir, sənə etiraz eləməz, ona de, futbola baxaq. Babama dedim. Kişi bir az fikirləşib dedi ki, ay bala, futbol da elə Kərbəla kimi bir şeydi. Mənim Həcc ziyarətim də bir növ babamın qarşısındakı borcum, onun həyata keçməyən arzusunu yerinə yetirməyə cəhd idi.

- Yəni içinizdə özünüzün Hacı olmaq istəyi yox idi?

- Orda olanda mən gördüm ki, bura kimin hansı məqsədlə gəlməyindən asılı olmayaraq, hamısını birləşdirən dini, ilahi bir ovqat var. O ovqat mənə də təsir elədi. Yəni ziyarətim səmimi oldu.

Bəy yeməyini bitirsə də, mənim acgözcəsinə sifariş elədiyim ikiqat pay hələ bitməmişdi. Sidq ürəkdən:

- Bəy, bəlkə mənim payımı da bölüşək, - deyə təklif elədim.

- Yoox, bu mənim tərəfimdən sizə böyük haqsızlıq olardı.

- Olmaz, axı biz solçular bölüşməyi çox sevirik.

- Hə, xüsusilə ümumi mülkiyyəti çox rahat bölüşürsüz. Mən həmişə fikirləşirdim ki, bu yaradıcı adamların sola meylinin səbəbi nədir. Sonra tapdım. Yaradıcı adam fiziki əmək sərf eləmir, ümumi istehsalda iştirak eləmir, amma böləndə ona da pay çatır axı…

- Niyə ki, şəxsən mənim fiziki əməyə münasibətim çox yaxşıdı. Nə qədər yaradıcı, nə qədər elm adamı olur olsun, düşünürəm ki, o insanlar da ömürləri boyu mütləq bir neçə ağac əkməlidi, iki daşı üst-üstə qoymalıdı…

- Maraqlıdı, şeirlərinizdən heç hiss olunmur ki, siz belə düşünürsüz...

- Doğrudan? Gərək insanları zəhmətə səsləyən bir neçə şeir yazım…

Yeməklərimiz bitənə, qonağım bir fincan qaynar şokoladı özünə ironiya ilə içib-bitirənə qədər söhbətimizin rahat ovqatı dəyişmədi. Və etiraf eləyim ki, bu, sırf Başqanın xidməti idi. Özü isə belə rahatlığını və xoş ovqatını səhər yeməyi masası ətrafında olmağımızla bağladı:

- Heyf ki, bizdə səhər yeməyi ənənəsi yoxdu. İstər rəsmi, istər şəxsi görüşləri adətən axşam yeməyinə saxlayırlar. Mən bir neçə dəfə çalışdım səhər yeməyini dostlar arasında ənənəyə çevirmək üçün. Amma alınmadı. Əslində səhər insanların birgə yeməyi bəhanə eləyib, görüşməyi, danışmağı daha gözəldi.

- Hə…səhər günəşin hələ təzə, insanların hələ məsum vaxtı olur. Bilirsən ki, üzbəüz əyləşib, yemək yediyin adam hələ heç bir pislik eləməyə macal tapmayıb…

- Sizcə, onun dünən elədiyi pisliyi gecə yuyub-aparır?

- Buna ümid eləyək. Axı gün hələ təzə başlayıb. Nə bilmək olar, bəlkə bu gündən etibarən o tamam başqa adam olacaq…

Və söhbətimiz bu gün dəyişib, sərinləşən hava ilə yekunlaşır.

Qonağım:

- Eşitdiyimə görə belə bir inanc var. Novruz bayramından sonra dörd gün hərəsi bir fəsildən olur. Bu il həmin dörd günə fikir verdim və müşahidələrimə görə bu il nə yay çox isti, nə də qış çox soyuq olacaq.

- Amma məncə, bu yayın dəhşətli istisi olacaq.

- Deyirsiz, yəni o dörd günə inanmayaq?

- Yox, məncə günə yox, qadına inanmaq lazımdı…

- Nə bilim, mənim proqnozum belədi.

- Bəy, ümid eləyirəm ki, hava barədəki proqnozlarınız da, siyasi proqnozlarınıza oxşayacaq…

İkimiz də gülümsəyib, qalxırıq. Mən kafenin önündə yollarımızın ayrılacağını düşünsəm də, təsadüf Başqanla yolumuzu birləşdirir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9752
avatar

Günel Mövlud

Oxşar yazılar